Ohanyan müxalifətə keçib, hakimiyyətə gələ bilər

Amma aprel döyüşlərindəki məğlubiyyətindən sonra xalqın onu dəstəkləyəcəyi sual altındadır
“Ermənistanda ayrı-ayrı vəzifə sahibləri dəyişsə də, onların təcavüzkar siyasəti dəyişən deyil”


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalifətə keçəcəyi haqda xəbərlar var. Ermənistan mediasının xəbərinə görə, Ohanyan müdafiə naziri postundan gedəndən sonra onun müxalifətə keçəcəyi istisna olunmur.

"Qrapark” qəzetinin yazdığına görə, onun "Şrdjadardz” partiyasına rəhbər gedəcəyi ehtimalı da var. Bu partiyanı Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan yaradır: "Dallakyan Prezidentin yeni aparat rəhbərinin əməkdaşlara təqdim olunduğu müşavirədə iştirak etsə də, onun tərəfdaşlarının iddiasına görə, tərəddüd etmədən Respublikaçılar Partiyasına qarşı çıxacaq. Bu, o zaman baş verəcək ki, Seyran Ohanyan bunun üçün son qərarını açıqlayacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, keçmiş müdafiə nazirinin müxalifətə keçməsi ilə bağlı yayılan məlumatlar daha çox Ohanyanla Sarkisyan arasında intriqa yaratmağa hesablanıb: "Sözün açığı, müxalifətin Ohanyanın onlara qatılmasına dəstək verəcəyinə inanmıram. Çünki aprel döyüşlərindən sonra Ohanyanın populyarlığı kifayət qədər aşağı düşmüşdü. Amma bir ehtimal da odur ki, müxalifət bu cür məlumatlarla Ohanyana əməkdaşlıq mesajı göndərsinlər. Bu da istisna deyil. Amma istənilən halda hər şey Ohanyanın qərarından asılı olacaq”. Bundan sonrakı mərhələdə Ohanyanın mövcud hakimiyyətdə təmsilçiliyinin mübahisəli olduğunu vurğulayan politoloqun sözlərinə görə, əgər keçmiş müdafiə naziri siyasətdə qalıb, öz fəaliyyətini davam etdirmək istəyirsə, özünə yeni bir partiya tapmalı və həmin partiya vasitəsilə hakimiyyətə gəlməyə çalışmalıdır. Ermənistanda parlament seçkilərinin yaxınlaşdığını xatırladan Mərkəz rəhbərinin sözlərinə görə, biz müxtəlif insanların müxtəlif siyasi qruplaşmalara qoşulmasının hələ çox şahidi olacağıq. Dünən müttəfiq olan qüvvələrin bu gün biri-birinə rəqib olması da mümkün ehtimallar içərisindədir. Ohanyanın müxalifət cəbhəsinə keçməsinin Ermənistan siyasəti üçün elə bir ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayan E.Şahinoğlunun sözlərinə görə, hazırda müdafiə naziri vəzifəsi qərb təhsilli bir gəncə həvalə olunub: "Qərargah rəisi vəzifəsinə isə Qarabağ müharibəsində başkəsən vəzifəsini icra edən, Xocalı qətliamının törədilməsində birbaşa iştirakı olan bir şəxsi gətiriblər. Bu isə o deməkdir ki, Ermənistanda ayrı- ayrı vəzifə sahibləri dəyişsə də, onların təcavüzkar siyasəti dəyişən deyil”.

Şəymən