Öldürücü istilər...

Bakıda günvurmadan ölüm halları baş verir



Ölkə ərazisində bir neçə gün qızmar hava şəraiti hökm sürəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentinin qarşıdakı 2-3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığı diqqətə almaq lazımdır. Çünki iyulun 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

İyulun 23-dək Azərbaycanın rayonlarında da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.

ETSN bildirir ki, Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: "Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub”.

Günvurmadan ölüm hadisəsi

Qızmar istilər artıq tələfata səbəb olub. Bakıda günvurma nəticəsində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Salyan yolu, 32 ünvanında, "Şıx” qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Şiriyev Sərxan Mirzəxan oğlunun vəziyyəti günvurma nəticəsində pisləşib. Saat 22 radələrində 24 yaşlı S.Şiriyev vəfat edib.

41 dərəcə istidə iş niyə dayandırılmır?

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti kəskin istilərlə bağlı işəgötürənlərə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlamasına görə, temperatur 41 dərəcəyə çatdıqda açıq havadakı iş yerlərində, süni yolla soyudulması mümkün olmayan yerlərdə iş dayandırıla bilər.

Dövlət Əmək Müfəttişliyi bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavədə ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri göstərilir. Şərtlər bundan ibarətdir: 41 dərəcə isti olduğu halda açıq havada və sərinlədici qurğular olmayan qapalı yerlərdə iş dayandırılmalıdır. İlin soyuq vaxtında isə örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.

İşlərin dayandırılması, sərinlənmək və ya isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə Həmkarlar İttifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

DƏM bildirir ki, vətəndaşlar 41 dərəcə isti olduğu halda açıq havada əməyə cəlb olunurlarsa, onlar ərazidə olan müfəttişliyə müraciət etməlidirlər.

Qanun işçinin tərəfindədir. Amma daş karxanasında bəlkə də günəmuzd çalışan, karxananın tozunu uda-uda çörək pulu qazanmaq məcburiyyətində qalan fəhlə kimə və necə şikayət etsin?!

Hava şəraiti ilə əlaqədar iş rejiminin dəyişdirilməsi praktikası bir sıra Avropa ölkələrində mövucddur. Məsələn, Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, hətta bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Yayda həmin ölkələrdə iş saatı səhər saat 07:00-da başlayır, gündüz saat 11:00-dan 17:00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22:00-dək davam edir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimini tətbiq etmək olar.

Günün isti saatlarında küçəyə çıxmayın

Həkimlər də hər zaman əhalini günün "pik” saatlarında günəş şüaları ilə birbaşa təmasdan çəkinməyə çağırır. Evdən çıxmaq, harasa, iş ardınca getmək kimi bir məcburiyyət yoxdursa, gündüz saat 11:00 radələrindən axşam 17:00-dək günəş şüaları altında qalmaqdan çəkinməyi məsləhət görürlər. İşə gedəndə isə sərin vaxtda evdən çıxıb gün əyiləndə dönmək lazımdır. Amma bəzən bu qrafikə riayət etmək mümkün olmur və belədə də günvurma hadisələri qaçılmaz hal alır.

Günvurma ilə bağlı həkim-kardioloq Samir Nəcəfovun fikirləri əhəmiyyətlidir:

- Günəş şüasındakı radiasiyasının insanlara təsirində dəyişiklik baş verib. Həmçinin insanlarda immun sisteminin aktivliyi bir qədər aşağı düşüb, istinin təsirinə qarşı dözümlülük azalıb.

Mütəxəssis bildirir ki, bütün insanlar, xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmamalıdırlar. Çıxdıqları halda isə baş örtüklərindən istifadə etməlidirlər: "Bəzi adamlar günün ən isti saatlarında çimərliklərə üz tuturlar. Ancaq bu, müsbət hal deyil, əksinə, ziyanlıdır. Çimərliklərdən səhər saat 7:00-dan 11:00-dək və axşamüstü saat 17:00-dan 21:00-dək istifadə etmək daha məqsədəuyğundur”.

Həkimin məsləhətinə görə, valideynlər xüsusilə azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki, uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilir. Kəskin istilər zamanı təkcə ürək-damar, qan təzyiqi olan xəstələr deyil, sağlam adamlar da günvurmaya məruz qala bilər.

"Sağlam adam da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər ki, nəticədə həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 37-dərəcədən yüksək olduğu hallarda baş verir.

İsti havada sinir sistemində baş verən dəyişiklik nəticəsində insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalar müşahidə olunur. Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman nəfəs alma çətinləşir. Kəskin istidə işləyənlərdə güclü tərləmə baş verir. Bu zaman orqanizmdə su-duz mübadiləsi pozulur. Tərləyən insanda orqanizm üçün vacib olan mikroelementləri itirir. Onların yeri maye qəbulu ilə doldurulmalıdır. İsti havalarda mütləq bol su, maye qəbul edilməlidir ki, bədən susuzluqdan əziyyət çəkməsin.

Bol maye qəbul edin

Həkim məsləhət görür ki, istivurma və günvurmadan qorunmaq üçün günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. İsti havada qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir. Qida yüngül olmalıdır, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır.

Məlahət Rzayeva