Ölkədə ixtisarlar və işsizlik müvəqqəti xarakter daşıyır

Rusiyadan 28 minə yaxın azərbaycanlının vətənə qayıtması problemi bir az da böyüdüb
Azərbaycanı kütləvi ixtisar dalğası bürüyüb. Ötən ilin sonlarından etibarən neft hasilatı sənayesində fəhlələrin işdən kütləvi çıxarılmaları müşahidə olunur. Həmçinin, sözügedən şirkətlərdə struktur islahatlarının aparılması, bir sıra nazirlik və idarələrin ya birləşdirilməsi, ya da ixtisar edilməsi kimi proseslər də getməkdədir. Bütün bunlar da heç şübhəsiz ölkədə işsizlər ordusunun sayının artmasını labüd edir.
Mütəxəssislər hesab edir ki, dünyada gedən iqtisadi böhran şəraitində belə halların baş verməsi təbiidir. Sadəcə, məsələ, böhranı nə dərəcədə atlatmaqdadır. Bunun üçün də hökumətin konkret proqramları olmalıdır. Azərbaycanda ixtisar dalğasını doğuran səbəblər və prosesin nə qədər davam edəcəyi isə hələ ki sual altındadır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə hesab edir ki, Azərbaycanda gedən ixtisarlar bütün dünyada və xüsusən də MDB məkanında gərginləşən vəziyyətlə birbaşa əlaqəlidir: "Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün baş verən proseslərdən kənarda qala bilməzdi. Buna görə dünya bazarları ilə əlaqəli olan bir sıra müəssisə, idarə, iri şirkətlərdə problemlər var. Bu proses davam edə bilər. Bilirsiniz ki, Azərbaycandan başqa bütün post-sovet məkanında milli valyuta dəyərdən düşüb. Dünya bazarında neftin qiymətinin dəyərdən düşməsi ilə əlaqədar çox ciddi iqtisadi problemlər yaranıb. Neft ixrac edən ölkələrin hamısı faktiki böhran təhlükəsi ilə üz-üzə qalıb və həmin ölkələrdə işsizlər ordusu getdikcə artmaqdadır. Azərbaycan da neft ixrac edən ölkələr sırasında olduğu üçün bu proses bizdən də yan keçməyib. Amma bütün bu problemlər müvəqqəti xarakter daşıyır. Çünki Dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı bir neçə proqramları var. Sənaye, kənd təsərrüfatı və turizmin inkişafı ilə əlaqədar olan bu proqramların hər biri həyata keçiriləcək”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda işsizliyin artması ölkədə gedən ixtisarlardan əlavə, həm də Rusiyadakı böhranla əlaqədar orada yaşayan həmyerlilərimizin geriyə qayıtması ilə bağlıdır: "Elə bu yaxınlarda Rusiyanın Miqrasiya Xidməti 28 minə yaxın azərbaycanlının Rusiyadan deportasiyası ilə bağlı məlumat yaymışdı. Təbii ki, bütün bu problem üst-üstə gəldiyi üçün Azərbaycanda müəyyən qədər işsizlik yaranıb. Amma hesab edirəm ki, yaxın gələcəkdə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz effektini verəcək və ölkədə işsizlik yenə də minimum səviyyəyə endiriləcək”.
Şəymən