Qida Təhlükəsizliyi Agentliyi isə insanların narahatlığına son qoymur
Bakı sakini Azər Qaçayev iddia edir ki, mağazadan aldığı yağı evdə əridərkən ortaya fərqli mənzərə çıxıb. Yağ qatılaşıb və rəngini dəyişib. Paytaxt sakini iddia edir ki, həmin məhsulu kərə yağı adı ilə alıb. A.Qaçayev mütəmadi olaraq həmin yağdan alıb. Ancaq indiyə qədər belə bir mənzərə ilə qarşılaşmayıb.
Paytaxt sakininin qarşılaşdığı xoşagəlməz bu olay "Sherg.az” olaraq elə bizim özümüzü də narahat etdi. Ona görə məsələni ekspertlərlə araşdırdıq.
Suallarımızı cavablandıran millət vəkili Tahir Kərimli "Sherg.az”a bildirib ki, bir ölkə kimi biz müstəqil dövlət quranda sistem dəyişikliyi etdik:
"Əvvəlki sistem olan sosializmdə dövlət bütün məsələlərə görə məsuliyyət daşıyırdı. Ona görə də ərzaqların keyfiyyəti ilə bağlı davamlı nəzarət aparılırdı. Amma dövlətimiz müstəqillik əldə edəndə yaxşı işlərlə yanaşı, pis amillər də ortaya çıxdı. İnsanlar kapitalizm beyni ilə fikirləşərək pul üçün hər sahəyə əl atdı. Artıq çox vaxt eşidirik ki, bəzi məhsullar xarabdı, ya sünidir. İnsanlar bu kimi problemlərdən bezib. Buna görə əsəb keçirirlər. İnsanlar demək olar ki, dayanmadan yağ fabrikləri açırlar. Sonradan ortaya çıxır ki, istehsal etdiyi məhsulların tərkibində insan orqanizminə zərər vuran qatqılar var. Ona görə düşünürəm ki, bu barədə geniş miqyasda mübarizə aparmaq lazımdır. Bu sahə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Çox maraqlıdır, bütün bu işlərin öhdəsindən nə üçün gələ bilmirlər? Hər dəfə deyirəm ki, Milli Məclisin qəbul etdiyi qanun və qərarların icrasına nəzarət mexanizmi olmalıdır. Parlamentin komitə iclasına kimliyindən asılı olmayaraq bütün vəzifəli şəxslər çağırılmalıdır. Onlar bu işlərin icra edilmədiyinə görə hesabat verməlidir. Çünki nəzarətsiz vəziyyətdə insanlar boş yerə milyonlar qazanıb, əhalinin sağlamlığına ziyan verir. Sonra bu kimi məsələlərə görə insanlar dövlətdən narazı qalır. Amma belə olaylarda dövlətin birbaşa əlaqəsi yoxdur. Fikrimcə, məhz buna görə dövlət nəzarət mexanizmini işə salmalıdır. Hazırda sizin araşdırdığınız məsələ ictimaiyyət üçün vacibdir. Çünki bu kimi xoşagəlməz olaylar tez-tez baş verir.
İllər boyu əhali kərə və bitki yağlarından şikayətlənib. Ona görə də bu cür arzuolunmaz hallar aradan qaldırılmalıdır".
Qida Təhlükəsizliyi Agentliyinin sədri Eyyub Hüseynov söyləyir ki, hazırda ölkənin yağ bazarı həddindən artıq çirklənib:
"Çox təəssüf ki, yağ biznesi ilə məşğul olanlar bazarın təmizlənməsi üçün heç bir iş aparmır. Eyni zamanda bu sahədə dövlət orqanları da ciddi fəaliyyət göstərmir. Aydın Əliyev adlı şəxs ölkənin brend yağlarının biri barəsində şikayətini bildirir.
O qeyd edir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinə bir neçə dəfə məlumat və nümunə vermişəm. Amma onlar ekspertiza ilə bağlı heç bir məlumat vermədilər. Artıq burada Qida Təhlükəsizliyi Agentliyinin vətəndaşa cavab verməməsi onu göstərir ki, yağ bazarı pis gündədir. Bu kimi məqamlarda vətəndaşlar bizə rəsmi ərizə ilə müraciət etsələr, bu sahədə geniş tədqiqat aparıb, həmin məhsulu satışdan çıxararıq”.
Qida Təhlükəsizliyi Agentliyindən də reaksiya var:
"Vətəndaşlar belə hallarla qarşılaşanda mütləq Agentliyin 1003 "qaynar xətt"inə məlumat verməlidir. Bundan sonra məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək”.
Kənan Eynuroğlu