Ombudsman təhsildəki problemləri göstərdi

“Bəs problemlərdən çıxış yolu nədədir?”
Nabatəli Qulamoğlu: “Belə ənənəvi tənqidlər heç bir nəticə verməyəcək”


Ombudsman da təhsili "vurdu”. Milli Məclisdə 2014-cü ilin hesabatı ilə çıxış edən ombudsman Elmira Süleymanova təhsili "yıxıb-sürüyüb”. Daha nələrdən danışmayıb ki, xanım Süleymanova. Pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında qeyri-sağlam mühit, tərbiyə işinin düzgün qurulmaması, məktəb direktorlarının müəllimlərə münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, müəllimlərin məktəbdə repititorluğuna rüşvət qarşılığında icazə verilməsi, bilik səviyyəsi zəif uşaqların təzyiq altında məktəbdən çıxarılması, həmçinin, ali təhsil pilləsində də pul tələb edilməsi, süründürməçilik və s.

Qısası, xanım ombudsman "açıb sandığı, töküb pambığı”. Mətbuat təhsildəki neqativ hallardan yazanda, Təhsil Nazirliyi irad tutur, KİV-i qərəzlilikdə ittiham edir. Bu da ombudsmanın hesabatı. Buna nə sözünüz?! Demək ki, həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən Ombudsman Aparatına şikayətlər daxil olur. Hesabat da daxil olan şikayətlərə və aparılan təhlillərə söykənir. Hesabatda qeyd edilir ki, daxil olan müraciətlər əsasında araşdırmalar aparılıb. Ombudsman mövcud vəziyyəti göstərib. Bəs çıxış yolu hardadır? İllərdir təhsilimizi içindən yeyib-dağıdan nöqsanları kim aradan qaldırmalıdır? Bəzi ekspertlər bu fikirdədir ki, ombudsman üzərinə düşən işi görür. O, nöqsanları göstərib. Bundan sonrası artıq nazirliyin öhdəsindədir. Məhz Təhsil Nazirliyi Ombudsman Aparatına daxil olmuş müraciət və şikayətlər üzrə hərəkətə keçməlidir.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə ombudsmanın hesabatını "ənənəvi” adlandırdı. "Şərq”ə açıqlamasında N.Qulamoğlu bildirdi ki, ombudsman hər dəfə müxtəlif sahələrlə bağlı hesabatlarla çıxış edir:

- Bu hesabatlar planlı xarakter daşıyır. Hər dəfə müxtəlif sahələr üzrə hesabatlar hazırlanır. Təbii ki, insan haqlarının qorunması Ombudsman Aparatının birbaşa kompetensiyasına aid olduğundan belə hesabatlar da hazırlanmalıdır. Söhbət ümumilikdə insan hüquqlarından gedirsə, təhsil verənin də, təhsil alanın da hüquqlarının pozulması bura daxildir. Görünən budur ki, Ombudsman Aparatına hər iki tərəfdən şikayətlər daxil olub. Təhsildəki nöqsanların bu şəkildə bariz formada üzə çıxması vəziyyətin həqiqətən kritik olduğunu deməyə əsas verir. Biz illərdir bu problemlərdən danışırıq və dəfələrlə bildirmişik ki, təhsilimizin nicatı köklü islahatlardan keçir. Burada artıq kosmetik dəyişikliklərlə nəyəsə nail olmaq mümkün deyil. Təhsildəki problemlərin bir səbəbi tərbiyə prosesinin normal olmamasıdır. Bunun da səbəbi ailə və cəmiyyətdən gəlir. Cəmiyyət neqativdirsə, orada düzgün tərbiyədən danışmağa dəyməz. Təlim-tərbiyə işi üçbucaqlıdır: ailə-məktəb-cəmiyyət. Bunun birində problem varsa, artıq proses pozulacaq. Düzgün getməyəcək. Çünki bu üç amil bir-birilə sıx bağlıdır. Və hər üçü də vacib, həyati əhəmiyyətlidir. Uşaq təkcə məktəbdə tərbiyə almır. Uşağı tərbiyə edən ailədir, məktəbdir və cəmiyyətdir. Təəssüf ki, bizim ailələr də, cəmiyyət də son illər neqativləşib. Mənfi tendensiyalar baş alıb gedir. Vəziyyət həqiqətən çox acınacaqlıdır. Hesab edirəm ki, ombudsman Milli Məclisdə çıxış etməklə yanaşı, həm də Prezidentə müraciət etməlidir və təhsilimizin nöqsanları məsələsini qaldırmalıdır. Yoxsa, belə ənənəvi tənqidlər heç bir nəticə verməyəcək.

Məlahət Rzayeva