Nadir Qafarzadə: "Həyat yoldaşım çətin, kasıb günümdə məni qınamayıb, sındırmayıb, incitməyib, mənə dayaq olub"
"Bəzilərində bu dəyərlər yoxdu, ailə yoxdu. Yəni efirdə çıxıb məndən yoxdu deməklə iş bitmir. İnsan kənardan özünü görməyi bacarmalıdır"
Bu günlərdə ad gününü qeyd edən Nadir Qafarzadə «Şərq»ə maraqlı açıqlamalar verdi. Adətən adı qalmaqallarda hallanan müğənninin son illər susqun qalmasına da müğənni münasibət bildirdi.
- Doğum gününüzü qeyd etdiniz. Dönüb arxaya baxanda nələr yadınıza düşdü?
- Ad günümdə sənət dostlarım, yaxınlarım yanımda oldular. Ən əsas məni həyatda saxlayan, mənə güc verən ömür yoldaşım yanımda olub. Bir insan üçün bundan vacib nə ola bilər ki? Qaldı "ötənlərə çönüb baxdınmı" deyə soruşursuz. Baxdım. Bir anlıq ömrümün hər saatı vərəq-vərəq sətirləndi yaddaşımda. "Hardan hara gəlib çatdı Nadir Qafarzadə" deyib bir anlıq keçmişimə qayıtdım. Mən əslində heç zaman dünənimdən imtina etməmişəm, kasıblığımı unutmamışam, çətin günlərimin olduğunu danmamışam. Bəziləri kimi, mən aristokrat ailədən çıxmışam deyib, dünənimi gizlətməmişəm. Bəli, ailəmlə çətin günlərim olub. Həyat məni çox sınaqlara çəkib. Amma dayanmışam, durmuşam. Ən əsası həyat yoldaşım çətin, kasıb günümdə məni qınamayıb, sındırmayıb, incitməyib. Tam əksi, mənə dayaq olub. Ona görə də bu gün onun üçün nə etsəm az görünür.
- İllər Nadiri dəyişə bildimi?
- Əslində illər hər insanı dəyişə bilir. İnsan yaşa dolduqca səbirli olmağı öyrənir, kamilləşməyə çalışır, təmkinli olmağı öyrənir. Böyük mənada xarakter dəyişmir. Yəni əgər kinli, pisniyyətli insansansa, sən qocalanda da o xislətindən əl çəkməzsən. Mən onu bilirəm ki, illər səni insan kimi dəyişmir. Mən necəyəmsə, eləcə də qalmışam. Dəyişməmişəm. Sadəcə həyat məni bir az bərkitdi, sərtləşdirdi. Məni öyrətdi ki, sərt olmasan bəziləri səni əzəcək, udacaq.
- Nadirin varlığı sənət aləmində kimlərisə narahat edirmi?
- Mən heç kimə paxıllıq etmirəm, kimsənin toyunda gözüm yoxdu, kimsənin pulunu saymıram. Qaldı paxıllığa, yəqin ki, mənə də paxıllıq edənlər var. Nadirin dayandığı yer belə bəzilərini narahat edir. Bu gün Nadirin oxuduğu toyları arzulayanlar var. Bilirsiz, Nadirə paxıllıq etmək üçün səbəbləri var. Gözəl ailəm var, iki dağ kimi oğlum, sənətim var. Şükür bu günümə. Bəzilərində bu dəyərlər yoxdu, ailə yoxdu. Yəni efirdə çıxıb məndən yoxdu deməklə iş bitmir. İnsan kənardan özünü görməyi bacarmalıdır. Mən bu gün Allahın mənə verdiyi hər günümə şükür edirəm.
- Deyirlər Nadir dəyişib. Əvvəllər daha aqressiv idiniz, son illər sakit olmağa çalışırsız.
- Təcrübə, mühit, yaş öz sözünü deyir. Təbii ki, illər əvvəl səhnəyə gələndə təcrübəsiz idim. Yolumu kəsənlər olurdu. Amma illər məni bərkitdi, yaradıcılıq təcrübəsi məni ayaq üstə dayanmağa məcbur etdi. Əvvəllər kim nə deyirdisə, dərhal cavab verirdim, püskürüb alovlanırdım. Son illər təmkinli olmağa çalışıram.
Tahirə Məmmədqızı