Onlar acizdir...

Həmsədrlərin Qarabağ bəyanatı artıq ironiya ilə qarşılanır




Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini dalandan çıxarmaq müşkül məsələyə çevrilib. ATƏT-in Minsk Qrupunun fəaliyyətində effektivliyin olmaması, həmsədrlərin münaqişə zonalarına epizodik səfərləri və əhəmiyyətsiz görüşləri ictimai rəydə Minsk Qrupu üzvlərinin diplomatik turist kimi tanınmasına səbəb olub.

Münaqişə tərəflərini "Madrid prinsipləri” əsasında razılığa gətirmək mümkün olmadıqdan sonra həmsədrlər Ermənistan və Azərbaycan prezidentləri arasında ikinci dərəcəli danışıqların davam etdirilməsindən başqa heç bir ciddi təklif irəli sürməyiblər. Tərəflər arasında görüşlər vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaqlarını zənn edən həmsədrlər elə bu niyyətlə də tez-tez regiona səfər edirlər. Ənənəyə uyğun olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlə bağlı birgə bəyanatı yayılıb. Yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağıran həmsədrlər deyib ki, prezidentlər həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər.

Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər.

Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini söyləyiblər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ciddi-cəhdlə

çalışırlar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşə nail olsunlar və ardınca prezidentlər səviyyəsində görüş keçirsinlər.

Həmsədrlərin birgə bəyanatında yeni heç nə olmadığını vurğulayan politoloq bildirib ki, səfərin əsas məqsədi belə görüşlər təşkil etməklə atəşkəs rejiminin qorunub saxlanmasına çalışmaqdan ibarətdir: "Son bir ayda Ermənistan tərəfi 3 min dəfədən çox atəşkəs rejimini pozub. Atəşkəs rejiminin intensiv şəkildə pozulması isə istənilən vaxt hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Bundan narahat olan həmsədrlər regiona səfər edib və atəşkəsin qorunması naminə müəyyən addımlar atırlar”.

Politoloq bildirib ki, həmsədrlərin bu səfərindən də möcüzə gözləməyə dəyməz: "Həmsədrlər regiona yeni təkliflə gəlməyiblər. Bu artıq bəllidir. Ortada "Yenilənmiş Madrid Prinsipləri”ndən başqa sənəd yoxdur. Həmin prinsipləri isə Ermənistan indiyə qədər qulaqardına vurur”.

E.Nəsirlinin qənaətincə, həmsədrlərin Dağlıq Qarabağla bağlı bəyanatları artıq ironik təbəssümə səbəb olub: "Belə çıxır ki, Minsk Qrupunun həmsədrləri 1992-ci ildən bəri ciddi fəaliyyətlə məşğul deyillər. Bu bəyanat onların acı etirafıdır ki, bu vaxta qədər məsələ ilə ciddi məşğul olmayıblar. Həmsədrlərin münaqişənin həlli ilə bağlı pozitiv addım atacaqları barədə inam kəskin azalıb. Səbəb odur ki, onlar ya Ermənistana təzyiq etmək istəmirlər, ya da təzyiq etmək mexanizmləri yoxdur”.

E.Nəsirlinin sözlərinə görə, münaqişə ilə bağlı ciddi danışıqlar Ermənistanla aparılmalı və onun prinsiplərə əməl etməsinə nail olunmalıdır: "İş o yerə çatıb ki, həmsədrlər, nəinki, Ermənistan prezidentini danışıqlara cəlb edə bilmirlər, onlar xarici işlər nazirləri səviyyəsində görüşlər təşkil etməkdə acizdirlər. Həqiqətən də, onlar fəaliyyətlərinin dalana dirəndiyinin fərqindədirlər. Həmsədrlərin əsas hədəfi, faktiki olaraq, münaqişənin həllinə yox, müharibənin qarşısının alınmasına yönəlir. Onlar bir neçə dəfə bildiriblər ki, bizim fəaliyyətimiz olmasaydı, müharibə çoxdan başlamışdı”.

Politoloq hesab edir ki, Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində görüş üçün heç bir real baza yoxdur: "Ermənistan mütəmadi təxribatlarla məşğuldur. Düşmən ölkə təkbaşına heç bir addım atmır. Ona dəstək verən Rusiya, ABŞ və Fransadır”.

Şəymən