"Oqtay müəllim haqlıdır" - Tahir Kərimli

"İclasda edilən çıxışların 80 faizinin gündəlikdə duran məsələlərə aidiyyəti yox idi"



Milli Məclisin ötən gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib. Spiker deyib ki, müzakirələrə 9 dəqiqə vaxt ayrılsa da, iclasda hər bir deputat gündəlikdə olan məsələlər barədə sadəcə bir dəqiqə danışır. O.Əsədov bunun düzgün olmadığını vurğulayıb: "Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq. Hər məsələni qaldırırıq, gündəlik kənarda qalır”.

Xatırladaq ki, bu məsələ ilə bağlı spiker bir neçə dəfə parlamentarilərə müraciət edib. Lakin bəzi deputatlar hesab edirlər ki, seçicilərin qaldırdığı mühüm problemlər Milli Məclisin istənilən iclasında gündəmə gətirilə bilər. Ən azından bir-iki dəqiqə buna zaman ayırmaq mümkündür və vacibdir.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, plenar iclaslarda adətən üç dəqiqəlik zaman ayırmaqla deputatların sərbəst mövzuda danışmasına şərait yaradılır. Millət vəkilinin sözlərinə görə, bu, ona görə edilir ki, deputatlar müxtəlif təşəbbüslərlə, təkliflərlə çıxış etsinlər:

 "Düzdür, bəzi iclaslarda həmin şərait yaradılmır, məsələn, ötən gün keçirilən iclasda əlavə danışıq üçün zaman verilmədi. Ancaq Oqtay müəllim ümumən haqlıdır. İclasda edilən çıxışların, səsləndirilən fikirlərin 80 faizinin gündəlikdə duran məsələlərə aidiyyəti yox idi. Hər deputat öz istədiyi məsələni gündəmə gətirirdi. Mən də keçən iclasda çıxış etdim və 4-5 təklif verdim. Təkliflərim konkret iş planına uyğun idi. Əmanətlərin qaytarılması və AXC-nin yüz illiyi ilə bağlı bir neçə təklif irəli sürdüm. Çıxışımı dörd dəqiqə ərzində tamamladım və çalışdım ki, söhbətdən kənara çıxmayım”.
Deputat bildirib ki, digər millət vəkilləri də Oqtay Əsədovun iradını paylaşırlar: 

"Təsəvvür edin, millət vəkili 10 dəqiqə danışır, amma iş planında olan məsələnin üzərinə gəlib çıxa bilmir. Birinci dəfə deyil, bu hal dəfələrlə təkrar olunub. Bəzən görürsən ki, hansısa deputat qanun müzakirəsindən daha çox publika üçün hesablanmış populist çıxışlara üstünlük verir. Neçə ildir deputat olanlar var, amma iradlardan nəticə çıxarmırlar. Bəzən gəzişirik, lazım oldu-olmadı çölə çıxırıq. Şəxsən mən Oqtay müəllimin iradlarını qəbul edirəm. Parlamentdə adətən qanun layihələri ilə bağlı çıxış edirəm, təklif verirəm. Çalışıram ki, qayda-qanunu pozmayım. Ancaq ara-sıra hansısa ciddi məsələyə çıxışımın sonunda yarım dəqiqə vaxt ayırıram”.

İsmayıl