"Orqan alverinə icazə dözülməz vəziyyət yarada bilər" - Təklifə etiraz

Sərdar Cəlaloğlu:“Əgər orqan satışına icazə verilərsə, pulu olmayan şəxs orqanını satıb pul qazanmağa çalışacaq. Bu, adiləşəcək. Orqanını satan adam faktiki əlil qalmış olacaq. Bu isə sosial təminata ehtiyacı olan insanla
"Azərbaycanda insan orqanlarının alverinə icazənin verilməsi düzgün deyil”.
Bunu "Sherg.az”a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun orqan alqı-satqısına icazə verilməsi ilə bağlı təklifinə münasibət bildirərkən, Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. 
O vurğulayıb ki, sağlam insanın öz orqanını başqasına satması cinayətdir və qanunvericilikdə də belə saxlanmalıdır:
"Əgər orqan satışına icazə verilərsə, pulu olmayan şəxs orqanını satıb pul qazanmağa çalışacaq. Bu, adiləşəcək. Orqanını satan adam faktiki əlil qalmış olacaq. Bu isə sosial təminata ehtiyacı olan insanlar qrupu yaradacaq. İnsanın özünə xəsarət yetirməsi, intihar etməsi belə cinayət hesab olunduğu zamanda orqanların satışına necə icazə vermək olar? Yalnız dünyasını dəyişən, beyin ölümü keçirən şəxsin orqanları başqasına köçürülə bilər.
Kiminsə orqana ehtiyacı olan qohumuna, kömək etmək istədiyi birinə könüllü şəkildə orqanını bağışlaması tamam ayrı situasiyadır. Burada əksər hallarda maddi maraq olmur. İnsanlar orqana ehtiyacı olan yaxınının yaşaması üçün fədakarlıq edir. Bu, qəbul olunandır. Orqan alverinin sərbəst həyata keçirilməsi isə cinayətdir”.
Qeyd edək ki, Elxan Əzizovun sözlərinə görə, elə insanlar var ki, qohumları donor olmaq istəmir:
"Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq”.
Aysel Aslan