Təhsil eksperti Dövlət İmtahan Mərkəzinin iradlarını qəbul etmir
Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında 2005-ci ildə I sinfə daxil olan 123935 nəfər şagirdin 70 faizinin tam orta təhsil səviyyəsini, 22 faizinin isə ümumi orta təhsil səviyyəsini başa vurduğuna dair statistik məlumatlar öz əksini tapıb:
"2014-cü ildə IX sinfi bitirən şagirdlərin sayı 114649 nəfər təşkil edib. 2014-cü ildə IX siniflər üzrə buraxılış imtahanında faktiki olaraq 111868 nəfər iştirak edib və onların 18 faizi təhsilini davam etdirməyib. Həmin ildə 2781 nəfər şagirdin buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etmədiyini nəzərə alsaq, 2005-ci ildə I sinfə daxil olan şagirdlərin 7,5 faizi ümumi orta təhsil almayıb və ya onların təhsil haqqında heç bir məlumatı yoxdur”.
DİM-in iddiasına görə, orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 29-54 faizini mənimsəyir. Hesabatda qeyd olunur ki, bu ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.
Təhsil eksperti Kamran Əsədov da "Şərq” ə açıqlamasında orta məktəblərdə təhsil alan şagirdlərin sayının ildən-ilə azalması faktı ilə razılaşdığını deyib.
Onun sözlərinə görə, bu da sonradan təhsilini davam etdirmək istəyənlərin sayına ciddi şəkildə təsir göstərir:
"Əgər 2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayı 110 min idisə, 2016-cı ildə bu rəqəm 85 minə qədər azaldı. Lakin bu, təhsilini ali məktəblərdən başqa digər pillələrdə davam etdirmək istəyənlərin sayında artım ilə nəticələndi.
Bilirsiniz ki, kolleclərə qəbul olmaq istəyənlər IX sinfi bitirdikdən sonra bu imkanlardan istifadə etmək hüququna malikdir. Ona görə də, ümumi orta təhsil (IX sinif) pilləsindən sonra 22 faiz təhsilini orta məktəblərdə deyil, kollec və peşə məktəblərində davam etdirir. Tam orta təhsil bazasından (XI illik) məzun olmuş şagirdlərin sayında da azalma müşahidə olunur ki, bu da onların ali məktəblərə sənəd təqdim etməməsi, əvəzində kollec və peşə hazırlığı ilə əlaqədar olaraq baş verib”.
Dövlət İmtahan Mərkəzinin orta statistik abituriyentin fənlər üzrə məktəb proqramının yalnız 29-54 faizini mənimsəməsi ilə bağlı hesabatına gəldikdə isə K.Əsədov deyib ki, orta məktəblərin əsas vəzifəsi qəbul imtahanlarına abituriyent hazırlamaq yox, layiqli vətəndaş yetişdirməkdir: "Bu, Azərbaycan Respublikası "Təhsil haqqında” qanunda da öz əksini tapıb ki, orta məktəb layiqli vətəndaş, şəxsiyyət yetişdirməlidir. Ancaq təəssüflər olsun ki, bu gün Azərbaycanda fəaliyyət göstərən məktəblər ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə yönəlmiş tədris prosesini qurub. DİM-in qeyd etdiyi məlumatlar orta məktəbin, orta məktəblərdə keçirilən dərsin göstəricisi deyil. Bu, repetitorların nəticəsidir. Ali məktəblərin qəbul imtahanlarında iştirak edən abituriyentlər orta məktəbdə əldə etdikləri biliklərlə yox, repetitorların yanında əldə etdiyi biliklərlə iştirak edirlər. Verilən materialların az mənimsənməsi bu səbəbdən baş verib”.
Qəbul imtahanlarında əldə edilən yüksək göstəricilərin orta məktəblərin nəticəsi olmadığını vurğulayan təhsil ekspertinin sözlərinə görə, bu, abituriyentlərin öz vəsaitləri hesabına getdikləri repetitorların nəticəsidir: "Aşağı nəticələr isə orta məktəblərdəki təhsilin real göstəricisidir ki, bu da onun qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilindədir. Orta məktəb ali məktəblərə qəbul imtahanları üçün şagird hazırlamır. Bundan əlavə, Azərbaycanda ali məktəblərə qəbul imtahanları olduqca ağır şərtlər daxilində həyata keçirilir. Dünyanın heç bir ölkəsində bu qədər ağır qəbul imtahanları keçirilmir.Bu ağır şərtlər altında abituriyentlərin əldə etdiyi nailiyyətlər təqdirəlayiq hesab oluna bilər”.
Şəymən