Özbəkistan Prezidentinin beyninə qan sızıb
İslam Kərimov növbəti 5 günü yaşasa, sağ qalacaq
Özbəkistan siyasi dairələrində hesab edirlər ki, İslam Kərimov hakimiyyətdən gedərsə, onun varisi Baş nazir Şövkət Mirzəyev olacaq
Avqustun 26-da səhhəti qəfil pisləşən və dərhal xəstəxanaya yerləşdirilən Özbəkistan Prezidenti İslam Kərimovun durumu ilə bağlı həyəcanlı xəbərlər yayılır. Prezidentin səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilməsi haqda məlumatdan sonra xaricdən təcili olaraq həkimlər çağırıldığı da iddia edilir. İsrail mediasının xəbərlərinə görə, tanınmış yəhudi həkim-kardioloqlar təcili olaraq Daşkəndə yollanıblar.
Ölkə mediası da İslam Kərimovu müayinə etmək üçün İsraildən və Almaniyadan həkimlərin çağırıldığını xəbər verib. Rəsmi açıqlamada Prezidentin diaqnozu tam açıqlanmasa da, onun insult keçirdiyi vurğulanıb. Xatırladaq ki, Prezidentin səhhəti Daşkənd ətrafındakı Durmen rezidensiyasında olimpiyaçıların şərəfinə təşkil edilmiş ziyafətdən sonra pisləşib. İ.Kərimov idmançıların və bəzi hökumət rəsmilərinin iştirakı ilə xüsusi qəbul təşkil edib. Qəbulda Özbəkistan Olimpiya Komitəsinin rəhbəri Mirabror Usmanov, Baş nazir Şövkət Mirzəyev və maliyyə naziri Rüstəm Əzimov da iştirak ediblər. Banket axşam saatlarında başa çatıb. Bundan sonra İslam Kərimov Prezident Administrasiyasının rəhbəri Zəlimxan Haydarovla söhbət edib. Söhbət zamanı Prezident qəfildən huşunu itirib. Növbətçi həkimlər ona ilkin tibbi yardım göstəriblər və insult diaqnozu qoyublar. Mənbənin sözlərinə görə, həmin gecə rezidensiyaya təcili olaraq Özbəkistan Kardiologiya Mərkəzinin rəhbəri Ravşan Qurbanov və digər həkimlər çağırılıblar. Bundan sonra avqustun 27-də səhər saatlarında İslam Kərimov xüsusi tibbi maşında Daşkənddəki hökumət xəstəxanasına aparıblar. Özbək həkimlər Prezidentin vəziyyətinin ciddi olduğunu bildiriblər. İsraildən gələn həkimlər isə bildiriblər ki, əgər Prezident növbəti 5 günü yaşasa, sağ qalacaq. Lakin beş gün ərzində hər şey mümkündür. Hadisədən bir müddət sonra Özbəkistan Prezidentinin kiçik qızı Lola Kərimova atasının beyninə qan sızma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Lola bu haqda özünün instaqram səhifəsində yazıb: "Şənbə günü beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır. Vəziyyəti stabil qiymətləndirilir. Hazırda onun gələcək vəziyyətinə dair hansısa proqnoz vermək mümkün deyil”. Özbəkistan siyasi dairələrində hesab edirlər ki, İslam Kərimov hakimiyyətdən gedərsə, onun varisi Baş nazir Şövkət Mirzəyev olacaq. Tanınmış özbək politoloq Kamoliddin Rabbimov da bu versiyaya üstünlük verib. Onun sözlərinə görə, İslam Kərimovun səhhəti barədə rəsmi informasiyanın yayılmasının özü bir sensasiyadır. Çünki Kərimovun hakimiyyətdə olduğu 27 il ərzində bir dəfə də olsun rəsmi Daşkənd onun səhhəti barədə neqativ məlumat yaymayıb. Politoloqun fikrincə, İslam Kərimovun xəstəxanaya yerləşdirildiyi haqda Nazirlər Kabinetinin yaydığı məlumat göstərir ki, hakimiyyət Prezidentin sağalacağına ümidli deyil. Bu isə fövqəladə situasiyadan xəbər verir: "Hakimiyyət uğrunda mübarizə başlayıb. Bu mübarizə Kərimovun sağlamlığının vəziyyətinə proporsional olaraq gedəcək. Böyük ehtimalla Kərimov ayağa qalxsa belə, artıq əvvəlki kimi hakimiyyətə nəzarət edə bilməyəcək. Ona görə də hazırda hakimiyyətdəki əsas qruplaşmalar öz resurslarını rəqiblərini sıradan çıxarmağa yönəldəcəklər. Baş nazir Şövkət Mirzəyevlə yanaşı, maliyyə naziri Rüstəm Əzimovun da hakimiyyətə gəlmək şansı yüksəkdir. Amma Şövkət Mirzəyevin Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə yaxın münasibətləri var. O, bir neçə il əvvəl özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovla da quda olub”. Özbəkistan Prezidentinin ağır durumu və ölkənin siyasi səhnəsi ilə bağlı "Şərq”ə danışan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Prezident İslam Kərimovun yaşamasını arzulayıb. Ekspertin sözlərinə görə, bölgədə sabitliyin davam etməsi bütün türk dünyası, o cümlədən Azərbaycan üçün çox faydalıdır: "Orta Asiya ölkələrinin və xalqlarının hamısı bizə qardaşdır. Həmin ölkələrdə münasibətlərin pozulması, narahatlığın yaranması ölkəmizə yaxşı təsir etməyəcək. İslam Kərimovun beyninə qan sızması ilə bağlı məlumatlar yayılıb. Düzdür, konkret rəsmi açıqlama olmasa da, onun qızı bunu təsdiqləyib. Hər halda ailə üzvünün dedikləri səhih məlumat sayılır. Dövlət qurumlarının Prezidentin durumu haqqında rəsmi məlumat yayması da vəziyyətin ciddi olduğundan xəbər verir”. A.Həsrətin sözlərinə görə, Şövkət Mirzəyevin İslam Kərimovu əvəz etməsi Özbəkistanda vəziyyətin nəzarətdən çıxmasının qarşısını ala bilər: "Mirzəyev kifayət qədər populyar şəxsdir. İstər hakimiyyət içində, istərsə də kənar arealda tanınan, hörmət görən adamdır. Eyni zamanda Şövkət Mirzəyevin ictimaiyyətə təsir imkanları da böyükdür. O, uzun müddət İslam Kərimov hakimiyyətində vəzifə tutub və indiki Prezidentin idarəetmə üsullarını mənimsəyib. Bu baxımdan düşünürəm ki, İ.Kərimovun əlində olan rıçaqlar Şövkət Mirzəyevin də əlində olacaq. Həmin şəxslə bağlı narahatlığımız yoxdur. Amma ümumilikdə indiki məqamda İslam Kərimovun hakimiyyətdə qalması daha münasibdir”. Ekspert bildirib ki, Özbəkistan bir sıra problemlərlə üz-üzədir: "Bu ölkənin Qırğızıstan və Tacikistanla sərhəd problemləri var. İslam Kərimovun məsələlərə müdrik yanaşması mövcud gərginliklərin irəli getməsinin qarşısını alırdı. Digər ciddi problem isə Fərqanə vadisi ilə bağlıdır. Bu bölgədə dəfələrlə etnik və dini qarşıdurmalar baş qaldırıb, qan tökülüb. 1989-cu ildə axıska türklərinin oradan sürgün edilməsi də həmin problemlə bağlı idi. Belə hadisələrin yenidən vüsət alması ehtimalı böyükdür. Həmçinin, Özbəkistanda radikal islama meyilli qüvvələr də çoxluq təşkil edir. Yalnız İslam Kərimov kimi qətiyyətli bir lider həmin zərərli cərəyanların qarşısını ala bilər. Əgər radikal qruplaşmalar Orta Asiya ərazisində yayılıb əl-qol açarsa, onların Qafqaza yayılması uzun zaman almaz. Bütün bunları nəzərə alaraq arzu edirik ki, İslam Kərimov tezliklə sağalsın və vəzifəsinin başına keçsin. Ancaq bu olmadığı təqdirdə Şövkət Mirzəyevin onu əvəz etməsini də problem saymırıq”.
İsmayıl