Özəl qəbiristanlıqlar biznes bazarına çevriləcəksə...

Məsləhətləşmə aparılmalı, kasıb təbəqə nəzərə alınmalıdır



Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Hazırda ona Nazirlər Kabinetində baxıldığını vurğulayan M.Quliyev qeyd edib ki, sənəd ya qanun kimi qəbul oluna, ya da Nazirlər Kabinetinin qərarı ilə əsasnamə kimi təsdiq edilə bilər. Onun sözlərinə görə, layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə tutulub:

"Nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilərlər”.

Özəl qəbiristanlıqla bağlı fikir bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, artıq bəzi ölkələrdə özəl qəbiristanlıqlar mövcuddur. Hətta qardaş ölkə Türkiyədə belə özəl qəbiristanlıq var: "Həmin ölkələrdə insanlar özləri pul verərək qəbir yerləri alır və həmin yer onların özəl mülkünə çevrilir. Amma bunun Azərbaycanda necə nəticə verəcəyi bəlli deyil. Çünki Azərbaycan xalqının öz dəyərləri və mentaliteti var”.

Onun fikrincə, qəbir yerlərinin özəlləşdirilməsi biznes bazarına çevriləcəksə, uduzan kasıb tərəf olacaq: "Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ruhanilər İdarəsi, mənəviyyət adamları ilə məsləhətləşmələr aparılsa, daha yaxşı olardı. İmkanlı şəxslər ölüsünü "vip” yerlərdə torpağa tapşırır. Əhalinin aşağı təbəqəsinin rifahını düşünüb ona uyğun addım atmaq lazımdır”.

İlahiyyatçı Hacı Atif İsmayılov isə hesab edir ki, özəl qəbiristanlıqların yaradılması əlavə işdir: "Özəl qəbiristanlıqların yaradılmasına ehtiyac yoxdur. Əgər biz islam qaydalarına düzgün riayət edilməsindən danışırıqsa, ayrı-seçkilik salmamalıyıq. Bu təklif dinin içində bəzi dindən çıxanlara cəlbedici görünə bilər. Məlum məsələdir ki, islamda məzarın təmtəraqlı olması, yüksək başdaşılarının qoyulması bəyənilmir. Qəbiristanlıqlarla bağlı vahid formanın yaradılmasında məqsəd dini qaydalara uyğunlaşmaqdırsa, gərək bu, hamıya şamil edilsin”.

İstər ehsan süfrələri, istərsə də, qəbir daşları ilə bağlı ortaq rəyin formalaşmasına nail olunmaması səbəbini izah edən A.İsmayılovun sözlərinə görə, dini və şəriət məsələlərində ən əvvəl dindar kütlələrin nəzərləri diqqətə alınmalı və bu işlər peşəkarlara, dini qaydalara bələd olanlara həvalə edilməlidir: "Belə olmadığından müəyyən məsələlərdə fikir ayrılıqları ortaya çıxır. Dini məsələlərdə ilk öncə Qafqaz Müsəlmanları İdarəsinin görüşləri və rəyi nəzərə alınmalıdır. Çünki dini məsələləri idarə daha yaxşı bilir. Dini məsələlərlə bağlı təkliflər də QMİ tərəfindən irəli sürülməlidir”.

İlahiyyatçı-alim Elşad Mirinin də fikrincə, qəbiristanlıqların özəlləşdirilməsi mənfi situasiyalara yol açacaq bir təklifdir. "Bir müddətdən sonra da bələdiyyələrin əlində qəbiristanlıq qalmadığı üçün bu sahənin tamamilə özəlləşdirildiyini bəyan edəcəklər. Digər ölkələrdə olduğu kimi qəbiristanlıqlar bələdiyyələrə verilməli və onların da öz standartları olmalıdır. Vəfat edən şəxslər də standartlara uyğun şəkildə dəfn edilməlidir. Özəl qəbiristanlıqların yaradılması artıq varlı-kasıb təbəqəsinin formalaşması deməkdir”.

Özəl qəbiristanlıqların yaradılmasına birmənalı şəkildə etiraz edən ilahiyyatçı-alim bildirib ki, bu cür təkliflərin reallaşması zamanı islamın mahiyyəti unudulur: "Onsuz da ki, dəfn mərasimləri, qəbir daşları bizdə yazılmamış biznes sahəsinə çevrilmişdi. Qəbiristanlıqları özəlləşdirməklə də faktiki olaraq bu biznesi rəsmiləşdirmək istəyirlər. Təsəvvür edin ki, mən iş adamı olaraq bir hektar torpaq sahəsi alıram və oranı qəbiristanlığa çevirirəm. Hər gün də nə qədər adam vəfat edir. Həmin məzarlıq dolduqdan sonra bəs nə edəcəm? Bəzi ərəb ölkələrində, hətta azərbaycanlıların da tez-tez ziyarət etdiyi Mədinədə vəfat edən insanlar Vaqə adlandırılan məşhur qəbiristanlıqda dəfn olunur və adi bir başdaşı qoyulur. Üzərindən 7 il keçəndən sonra isə həmin qəbirləri çıxarıb, toplu şəkildə şəhər ətrafında dəfn edirlər ki, yeni vəfat edənləri də həmin qəbiristanlıqda dəfn etsinlər. Axı qəbirlərin əbədiləşdirilməsi nəyə lazımdır? Mən babamın məzarını ildə bir dəfə ziyarət edə bilərəm. Bəs mənim övladım mənim babamın qəbrini ziyarət edəcəkmi? Əlbəttə ki, yox! Heç tanımır da. Mənə maraqlı gələn odur ki, biz bütün bunları bilə- bilə nəyin tendensiyasını qabardırıq? Onsuz da bizim dəfn mərasimlərimizlə bağlı yanlışlıqlar baş alıb gedir. Bu cür əsassız təkliflərin reallaşdırılması isə daha çox yanlışlara rəvac verəcək”.

Şəymən