"Parisdə 31 Mart soyqırımına dair sənədlərin itməsində erməni izi..." - Tarixçi alim

"31 Mart soyqırımı ilə bağlı anım tədbirləri ilə yanaşı hərbi-vətənpərvərlik ruhunda proqramların tərtib edilməsi vacibdir”.
Bunu "Sherg.az”a 31 Mart soyqırımının 100-cü il dönümündən danışarkən tarixçi alim Kərəm Məmmədov deyib. 
Onun sözlərinə görə, televiziyalarda, mətbuatda soyqırımının il dönümü ərəfəsində vətənpərvərlik mövzusunda verilişlər yayımlanmalıdır:
"Amma baxırsan ki, soyqırımı ərəfəsində, əlamətdar hadisələrin il dönümündə televiziyalarda daha uyğunsuz formatda proqram hazırlanır. Vətənpərvərlik proqramları belə normal şəkildə təşkil edilmir. Bütün bunlara diqqət edilməlidir”.
K.Məmmədov onu da vurğulayıb ki, 31 Mart soyqırımının mənzərəsini yaratmaq, silahsız insanların öz azadlıqları uğrunda mənfur bolşevik-daşnak rejiminə qarşı döyüşmələrini xalqa çatdırmaq lazımdır:
"Təklif edərdim ki, ölkəmizdəki parkların birində 31 Mart soyqırımı qurbanlarına abidə yüksəldilsin. Soyqırımın tək Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda da qurbanları olub. Urmiya gölü ətrafında da daşnakların məhv etdiyi cənubi azərbaycanlılar olub. Onlar yad olunmalıdır”.
Tarixçi alim onu da əlavə edib ki, 31 Mart soyqırımında qətlə yetirilən azərbaycanlıların dəqiq sayı məlum deyil:
"Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçiləri 31 Mart soyqırımı ilə bağlı sənədləri, məlumatları toplayıb Parisə aparıb. Lakin həmin sənədlər sonradan yoxa çıxıb. Çox güman ki, burada da erməni barmağı olub”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri ən amansız qırğındır. 
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan