Parlament partiyaları deputatın təklifini dəstəkləyir

“Büdcəyə qayıdan vəsaitin təşkilatlar arasında bölünməsi, onların işinə stimul verir”




Milli Məclisin dünənki iclasında millət vəkili Siyavuş Novruzov dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə barədə danışıb. "Qanuna görə, MM-də 3 faiz yeri olan partiyalara maliyyə ayrılır. Amma Azərbaycanda ikinci belə bir partiya olmadığı üçün, həmin pul büdcədə saxlanılır. Təklif edirəm ki, həmin pul partiyalar arasında proporsional qaydada bölüşdürülsün”.

Deputatın təklifini dəyərləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Şərq”ə bildirib ki, bu, çox doğru yanaşmadır: "Bəzi siyasi partiyalar parlamentə düşmədikləri üçün qanunvericilikdəki son dəyişikliyə uyğun olaraq təşkilatlara ayrılan vəsaitin müəyyən hissəsi büdcəyə qayıdır. Millət vəkili də həmin vəsaitin bölüşdürülməsini istəyir. Reallaşarsa, yaxşı olar. Qanunun məntiqinə də uyğundur. Həmçinin siyasi təşkilatlar üçün əlavə stimul olardı. Burda əsas məqsəd siyasi qurumların inkişafına və bir institut kimi formalaşmasına nail olmaqdır. Belə olan halda vəsait geri qaytarılmalı deyil. Partiyaların inkişafına sərf olunmalıdır”.

Millət vəkili Sabir Rüstəmxanlı da bunun normal təklif olduğunu deyib: "Yeni fikir deyil. Bir neçə dəfə səsləndirilib”.

Ayyət Əhməd