Partiyalar “Azadlıq-2015” blokuna qoşulmayacaq

Mirmahmud Mirəlioğlunun təklifinə “yox” cavabı verildi




"Azadlıq-2015” seçki blokunun hazırlıq işlərindən danışan KXCP sədri Mirmahmud Mirəlioğlu blokun qapılarının bütün partiyaların üzünə açıq olduğunu deyib. Sədr bildirib ki, kim istəsə, bloka qoşulmaq üçün müraciət edə bilər:

"Müraciət tərəfimizdən dəyərləndiriləcək. Hesab edirəm ki, cavabımız müsbət olacaq. Siyasi partiya rəhbərləri ilə görüşlərimiz, müzakirələrimiz davam edəcək. Bununla bağlı mövqeyimiz də, əməlimiz də ortadadır”. Məlumat üçün bildirək ki, "Azadlıq-2015” blokunda 8 partiya təmsil olunur.

KXCP sədrinin təklifini dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Azadlıq-2015”-ə qayıtmaq niyyətində olmadığını deyib: "Biz həmin açıq qapıdan öz istəyimizlə çıxmışıq və bunun səbəblərini də açıqlamışıq. Əgər özümüz çıxmışıqsa, deməli, yenidən ora qayıtmaq fikrimiz yoxdur. Mirmahmud bəyin təklifi kənar qüvvələrə aiddir, bizə yox”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah da "Azadlıq-2015” seçki blokuna qoşulmayacaqlarını bildirib: "Mərkəz hazırda öz funksiyasından kənar məsələlərlə məşğuldur. Orada partiyaların qarşılıqlı bir öhdəliyi yoxdur. Şəxsi qənaətimə görə, Mərkəz artıq ənənəvi funksiyasından çıxıb. Bu qurum sadəcə partiyaların problemli məhbuslarla bağlı əməkdaşlıq mərkəzidir. Biz yalnız həmin məsələylə bağlı qurumla funksional əməkdaşlıq edirik”.

AMİP-in sədri Yusif Bağırzadə də özlərini sözügedən seçki blokunda görmədiklərini bildirib: "Partiya kimi həm o blokla, həm də orada təmsil olunan siyasi təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Ancaq strategiyamız ondan ibarətdir ki, parlament seçkilərinə tək gedək. Bu barədə partiyanın Mərkəzi Şurasının qərarı da olacaq. Biz özümüzü daha çevik və güclü hesab edirik. Xatırladım ki, 2010-cu ilin parlament seçkilərinə də tək getdik və hakim partiyadan sonra ən böyük qüvvə ilə çıxış etdik”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da parlament seçkilərinə blok şəklində qatılmayacağını deyib. Sədr bəyan edib ki, müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacaqlar: "Bir neçə "cırtdan” partiyanın cəmləşdiyi "Azadlıq-2015” adlı seçki bloku ilə heç bir əməkdaşlıq etməyəcəyik. Ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar diləyirik”.

İsmayıl