Peşmərgə İŞİD-lə döyüşəcək gücdə deyil

Türkiyənin son icazəsi bu gərginliyin səngiməsinə xidmət edir




Təxminən 40 Azad Suriya Ordusu (ASO) üsyançısı İŞİD-ə qarşı vuruşan özünümüdafiə qüvvələrinə qoşulmaq üçün Kobaniyə gəlib.

Məlumata görə, daha 150 peşmərgə döyüşçüsü də Türkiyə ərazisindən Kobaniyə daxil olacaq. İraq peşmərgə naziri Mustafa Səyid Qadir bildirib ki, göndərilən qüvvələr İŞİD-lə birbaşa döyüşə girməyəcək və vuruşan hərbçilərə yalnız artilleriya dəstəyi verəcək.

Məsələni şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, peşmərgə döyüşçülərinin heç bir gücü yoxdur: "Ola bilsin ki, İŞİD-lə mübarizəyə müəyyən töhfə versinlər. Amma onlarla mübarizəyə atılacaq gücdə deyillər. Kobani tərəfdə isə İŞİD çox güclüdür. Davamlı olaraq da, əlavə qüvvələr alır”.

Rəsmi Ankaranın peşmərgə döyüşçülərinə ərazilərindən keçmələri ilə bağlı icazə verməsinə gəlincə, ekspert söyləyib ki, Türkiyə buna məcbur idi: "Amerika rəsmi Ankaranı durmadan sıxır. Türkiyənin incilliyə icazə verməməsi, İŞİD-ə qarşı koalisiyaya qatılmaması NATO bloku ilə aralarında müəyyən gərginliklər yaratdı. Türkiyənin son icazəsi bu gərginliyin səngiməsinə xidmət edir. Üstəgəl, terrorçu dəstələrlə terrorçu qruplaşmaların döyüşməsi Türkiyənin xeyrinədir. Qonşu ölkə ən adekvat addım atıb”.

Ayyət Əhməd