“Pokemon” ictimai qorxuları artırıb “Şeytan bu mexanizm vasitəsilə gəlib”

Osman Gündüz: “Burada milli hökumətlərin, qərar qəbul edən şəxslərin diqqətini cəlb edəcək məqam “Pokemon GO”nu hazırlayanların bir anda milyardlarla vəsait qazanmasıdır”



Ötən əsrin sonlarında yaradılan və dünyanın hər bir nöqtəsində məşhurlaşaraq böyük tamaşaçı kütləsi toplayan "Pokemon” cizgi filmi yenidən gündəmə gəlib.
Amma bu dəfə ekran əsəri kimi yox, "Pokemon GO” oyunu olaraq.

Son günlər hər kəs bütün dünyanı küçələrə tökən "Pokemon GO” oyunundan danışır. Qısa müddət ərzində populyarlıq qazanan "Pokemon GO” demək olar ki, bütün sosial şəbəkələri üstələyib. "Pokemon GO” oyunu artıq Azərbaycanda da populyarlıq qazanır. Hələ Azərbaycanda rəsmi olaraq internetdə satışa buraxılmamasına rəğmən bəzi "APK” sənədlərlə oyunu yükləmək olur.
Bəs, dünyanı silkələyən "Pokemon GO” oyunun arxasında nələr dayanır? Ümumiyyətlə, bu oyuna bu qədər məşhurluq qazandıran nədir?
Qeyd edək ki, "Nintendo” və "Gamefreak” ortaqlığı ilə baş tutan "Pokemon” əfsanəsi ağıllı telefonlarla online olaraq, "artırılmış reallıq” (augmented reality) texnologiyası ilə oynanan bir mobil oyundur. İyulun 5-də təqdim olunan oyun 10 gün ərzində "Nintendo”ya 15 milyon dollara yaxın pul qazandırıb.
Ən maraqlısı odur ki, bunu evdə kompyuterin qabağında yox, real həyatda etməliyik. Oyunda məqsəd real həyatda müəyyən ünvanlara gedərək orada olan pokemonları tutmaqdır. Pokemon toplayıb öz kolleksiyanızı yaratmaq üçün isə küçələrdə gəzmək lazımdır. Toplanılan "Pokemon”larla, digər oyunçularla döyüşmək mümkündür.
"Pokemon GO” oyununda özünüzə bir oyunçu obrazı seçərək verilən xəritəyə əsasən hərəkət etmək lazımdır. Həmin xəritə üzərində rast gəldiyimiz "Pokemon”ları ovlamaq üçün "Pokebal”ları toplamaq lazımdır. Sonra isə kifayət qədər "Pokebal” toplamaqla "Pokemon”ları ovlamaq mümkündür. Xəritə üzrə yolda yeriyərkən qəfildən qabağınıza "Pokemon” çıxa bilər və ya "Pokemon”u tutmaq üçün telefona kilidlənə bilərsiz. "Pokemon”u tutmaq üçün küçələrdə, parklarda "Pokemon”u axtarmaq lazımdır. Oyunun ana ekranında sağ alt küncdə "Nearby” siyahısında sizə ən yaxın olan "Pokemon”un ayaq izlərini tapa bilərsiz. Əgər orada ayaq izi görə bilmirsinizsə, deməli o, sizin lap yaxınlığınızdadır. Tapdığınız "Pokemon”u tutmaq üçün yığdığınız "Pokebal”ları elə atmaq lazımdır ki, ona dəymədən keçməsin. Bəs biz bu oyunda sadəcə "Pokemon”larımı tuturuq? Əlbəttə ki, yox. Burada GYM-lər var ki, siz onları ələ keçirərək GYM lideri ola bilərsiz. GYM-ləri ələ keçirdikdən sonra oraya ən güclü "Pokemon”ları qoymalısınız ki, başqaları sizinlə savaşıb oranı ələ keçirə bilməsin. İrəliləyən zamanlarda "Pokemon GO”-ya yeni funksiyalar əlavə olunacağı gözlənilir.
Onu da deyək ki, "Pokemon Go”-nun ABŞ-da yayımlanmasından sonra, oyun qısa müddətdə App Storeda birinci sıraya yerləşib. Bu an üçün ABŞ ilə birlikdə Avstraliya və Yeni Zelandiyada Android və ios mağazalarından yükləmək mümkündür. "Pokemon GO” oyununun gələcək tarixlərdə bütün dünyaya açılacağı qeyd olunsa da, dəqiq bir tarix göstərilməyib. "Pokemon GO” istehsalçısı "Nintendo”, digər ölkədəki istifadəçilərin bir az da səbr etmələrini tövsiyə edib. Oyunun tezliklə Yaponiyada da istifadəyə verilməsi gözlənilir. Amma "Nintendo” şirkətinin "Pokemon GO” oyunu çıxandan ictimai təhlükəsizliklə bağlı qorxular artıb: avtomobil qəzaları, fikri yayınmış piyadalar, özəl mülkiyyətə daxil olmalar və s.
Texas Texniki Universitetinin hüquq professoru Gerri Beyer xəbərdarlıq edib ki, "Pokemondan ölüm” yaxınlaşmaqdadır: "Pokemon” istifadəçilərinin başına hər cür qəza gələcək, çünki onlar gəzəndə, velosiped, yaxud maşın sürəndə də proqramdan istifadə edirlər”.
Texas Texniki Universitetinin professoru Gerri Beyer qanunsuz olaraq başqalarının ərazilərinə girən "Pokemon Go” oyunçularının həyatlarını təhlükəyə atdıqlarını bildirib: "Mən qorxuram ki, ev yiyələri onları qarətçi bilib həyatlarını və evlərini qorumaq üçün atəş açarlar və onları yaralayarlar, hətta öldürərlər”.
Rusiya Federasiya Şurasının Müdafiə komitəsi sədrinin birinci müavini Frans Klintseviç isə "Pokemon Go” oyunu ilə bağlı qanunvericilik səviyyəsində məhdudiyyətlər qoyulmasını təklif edib.
"RİA Novosti”yə istinadən aldığımız xəbərə görə, o, "Pokemon”ların dini müəssisələrin, tarixi abidələrin və qəbiristanlıqların ərazisində "ovlanmasının” qadağan olunmasını istəyib: "Şeytan bu mexanizm vasitəsilə gəlib və bizi mənəvi cəhətdən məhv etməyə çalışır. Başa düşürəm ki, bu sahəyə nəzarət etmək çox çətindir. Bunu icad edənlər bilirlər ki, bir-iki ildən sonra nəticələri geridönməz hala gələcək”.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz isə məsələyə fərqli aspektdən yanaşıb. O, ilk növbədə Azərbaycan hökumətinin bu məsələyə qarşı diqqətli olmasının vacibliyindən danışıb: "Burada milli hökumətlərin, qərar qəbul edən şəxslərin diqqətini cəlb edəcək məqam "Pokemon GO”nu hazırlayanların bir anda milyardlarla vəsait qazanmasıdır. Təsəvvür edin ki, bizdə Vergilər Nazirliyinin bir il ərzində böyük - əzab-əziyyətlə topladığı büdcə vəsaiti, bu təxminən 5-10 milyard manat həcmindədir, həmin vəsaiti "Nintendo” şirkəti bir anda əldə etdi. Deməli, əgər hansı ölkə ki bu tip şirkətlər, bizneslər qurmaq iqtidarındadırsa, bununla da onlar daha böyük problemlərini həll etmiş olur”.
Ekspertin sözlərinə görə, dövlət başçısının da son çıxışlarında qeyd etdiyi kimi, neft, təbii resurslar arxa plandadır: "Kim bu sahədə, internet biznesdə, oyun biznesində, ağıllı texnologiyaların müxtəlif sahələrə tətbiqində irəli çıxacaqsa, dünyada söz sahibləri də onlar olacaq. Düşünürəm ki, bizdə də bu istiqamətdə uğurlar əldə oluna bilər. Amma bu, uzunmüddətli, geniş komanda formasında hazırlanacaq bir prosesdir. Əlbəttə, burada böyük investisiyalardan söhbət gedir. Hansı ki, bizdə hələlik bu sektorda investisiya mühiti yetərincə inkişaf etməyib. Bizdə indi konkret bu sahə üzrə məşğul olan çox az sayda gənclər var. Düşünürəm ki, bu cür mütəxəssislərin dəstəklənməsi və bacarıqlarının artırılması, ilk öncə bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanması vacibdir. Xaricdən peşəkarlar cəlb edilməsi, universitetlərdə bu sahə üzrə ixtisasların hazırlanması, qlobal bazara istiqamətlənən məhsulların hazırlanması üzərində işləmək çox yaxşı olardı”.
Şəymən