“Polis qaydalar çərçivəsində sürücüyə güc tətbiq edə bilər”





Bir neçə gün əvvəl sosial şəbəkələrdə Dövlət Yol Polisinin Bakıda motosikletçini müəmmalı şəkildə təqib etməsi ilə bağlı video yol polisinin hüquqi peşə fəaliyyətini yenidən gündəmə gətirdi.
Belə ki, paytaxtda, aeroport yolunda Dövlət Yol Polisi əməkdaşları tərəfindən motosiklet sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "saxla” əmri verib. Görüntülərdən məlum olur ki, bu zaman motosiklet sürücüsü DYP əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb, ərazidən qaçmağa cəhd edib. Qaçan motosiklet sürücüsünü saxlamaq üçün 3 DYP avtomobili cəlb olunub. Onlar qaçmağa cəhd göstərən sürücünü üç istiqamətdən sıxışdırıb, saxlamaq istəyəndə, motosiklet aşıb. Yol polisi əməkdaşları dərhal əmrə tabe olmayan sürücüyə tərəf gedərək, onu yerə yıxıblar və qandallayıblar. Həmçinin həbs zamanı polisin sürücüyə zərbə endirməsi də görüntülərdə əks olunub. Bu da ciddi müzakirələrə səbəb olub və sürücünün hansı qayda pozuntularına görə yol polisləri tərəfindən saxlanılmağa cəhd edilməsi məlum deyil.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov da "Şərq”ə diqqətlə həmin videoya baxdığını və motosikletçinin hansı əsasla saxlandığını aydınlaşdıra bilmədiyini söyləyib. Ə.Hüseynov motosikletçinin hansı hallarda saxlana biləcəyini də açıqlayıb: " Motosikletçi yalnız o halda təqib oluna  bilər ki, cinayət törətsin, yaxud cinayət törətməyə getsin, yaxud motosikleti qaçırmış olsun, yaxud motosikletinin nömrəsi olmadığından onun kim olduğu, cinayətkar olub-olmadığı bilinməsin. Bunlar yoxdusa, adi qayda pozuntusuna görə təqib ola bilməz. Təqib qanunsuzdursa, deməli bütün qalan hərəkətlər də qanunsuzdur. Amma təqib qanuni olarsa, polis qaydalar daxilində fiziki güc tətbiq edə bilər ”.






Vüqar Şahinoğlu