Politoloqdan TƏKLİF: "Allahşükür Paşazadə ermənilərin dini rəhbəri ilə görüşsün..."



Rusiya Xarici İşlər Nazirliyi düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun meyitinin qaytarılmaması məsələsinə münasibət bildirib. XİN rəsmisi Mariya Zaxarova bildirib ki, iki ölkə bu çətin vəziyyəti həll etmək üçün özündə güc və müdriklik, diplomatik imkanlar tapmalıdır: "Bu insident Azərbaycanla Ermənistan arasında baş verib. Problemin açarı hər iki tərəfin əlindədir”. 

Xatırladaq ki, Moskvanın məsələyə münasibəti Avropa Şurası baş katibinin və Avropa İttifaqının nümayəndəsinin əsgərimizin meyiti ilə bağlı çağırışlarından sonra gündəmə gəlib. Ötən gün AŞ-nın baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb və düşmən tərəfi beynəlxalq humanitar anlaşmalara riayət etməyə səsləyib. Amma təəssüflər olsun ki, bütün çağırışlara rəğmən işğalçı Ermənistan öz çirkin əməlindən geri dönmür.

Məsələni "Şərq”ə dəyərləndirən siyasi şərhçi Tofiq Abbasov deyib ki, həyatını itirmiş əsgərimizin meyitinin qaytarılmaması düşmən siyasətinin iç üzünü ifşa edir: 

"Hətta özlərini terrorçu təşkilat elan etmiş qruplaşmalar belə meyitləri qarşı tərəfə qaytarırlar. Ancaq Ermənistan bu davranışı ilə bütün insani dəyərlərdən, humanist prinsiplərdən uzaq olduğunu göstərir. İndi beynəlxalq strukturlar, xarici dövlətlər bizim necə bir ölkəylə müharibə apardığımızı görsünlər. Azərbaycan belə vəziyyətlərdə dəfələrlə erməni meyitlərini qarşı tərəfə təhvil verib. Çünki biz anlayırıq ki, insanların cansız nəşi üzərindən alver etmək, spekulyasiya aparmaq əxlaqsızlıqdır. Dünyasını dəyişmiş şəxslə bağlı süründürməçilik etmək yolverilməzdir. Təəssüflər olsun ki, düşmən bunu dərk etmir və öz nataraz siyasətdən əl çəkmək istəmir”. 

Politoloq hesab edir ki, bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin və dini təşkilatların rolundan faydalanmaq lazımdır: 

"Yaxşı olar ki, Azərbaycanın Şeyxülislamı hörmətli Hacı Allahşükür Paşazadə ermənilərin dini rəhbəri II Qareginlə görüşüb, bu məsələni gündəmə daşısın. Bilirik ki, onların vaxtaşırı təmasları olub. Bəlkə də bu zəmində danışıqlar aparılır, xəbərimiz yoxdur. Gürcüstanın patriarxatı da bu məsələdə Azərbaycana köməklik göstərə, aramızda vasitəçilik edə bilər”.

 T.Abbasov bildirib ki, media və ekspertlərimiz məsələni gündəmdə saxlamalıdır: 

"Təcavüzkar Ermənistanın yarıtmaz siyasəti hər fürsətdə ifşa edilməlidir. Erməni hakimiyyətinin insanlıqdan uzaq hərəkətləri göstərir ki, onlar konstruktiv danışıqlardan çox kənarda dayanıblar”.

İsmayıl