“ABŞ-ın rəsmi Bakı ilə əlaqələrində və yürütdüyü siyasətdə kardinal olaraq dəyişiklik baş verməyib”
"ABŞ güclü, demokratik və inkişaf etmiş Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin iki ölkə arasında müsbət münasibət qurulmasının da tərəfdarıyıq”. Bu barədə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta səfirliyin "facebook” səhifəsində yazıb. Yeni səfirin açıqlamasını və bundan sonra formalaşacaq ABŞ-Azərbaycan münasibətlərini şərh edən ekspertlərin əksəriyyəti iki dövlət arasındakı əlaqələrin normallaşacağını deyiblər.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, Azərbaycan ABŞ üçün önəmli bir yerdir: "Amerikanın ölkəmizə göndərdiyi səfir təcrübəli, yüksək səviyyəli bir şəxsiyyətdir. Ancaq gözləmək olmaz ki, yeni səfirdən sonra xüsusi işlər baş verəcək, Qarabağ azad ediləcək. Sekuta sadəcə Amerikanın Azərbaycandakı nümayəndəsi kimi ölkəmizdə ABŞ-ın siyasətini həyata keçirəcək, vəssalam”. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə bildirib ki, Sekutanın fəaliyyəti Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafına səbəb olacaq: "Yeni səfirin fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinə öz müsbət töhfəsini verəcək. Sekutanın fəaliyyəti ABŞ səfirliyinin fəaliyyətini gücləndirəcək və Azərbaycan-ABŞ arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır: "Son zamanlar Amerika ilə Azərbaycan arasında gərginlik yaşanırdı. Buna səbəb isə Amerikanın nahaqdan Azərbaycanı tənqid atəşinə tutması idi. Bu tənqidlər də əsasən qəzetlər səviyyəsində idi. Hesab edirəm ki, gərginlik kimi qələmə verilən anlaşılmazlıqlar artıq arxada qalıb. Fikrimcə, soyuqluğun yaranmasına səbəb hər hansısa üçüncü, dörüncü dövlətin təsirləri ilə bağlı idi. Hər bir dövlət kimi Azərbaycan da öz siyasi və iqtisadi maraqlarına görə hərəkət edir.
ABŞ-Azərbaycan münasibətlərini, həmçinin yeni səfirin açıqlamasını şərh edən politoloq Əli Orucov vurğulayıb ki, Sekutanın ölkəmizdəki fəaliyyəti çoxşaxəli və məhsuldar olacaq: "Onun ilk açıqlamalarında görünən odur ki, ABŞ-ın rəsmi Bakı ilə əlaqələrində və yürütdüyü siyasətdə kardinal olaraq dəyişiklik baş verməyib.
Enerji və regional təhlükəsizlik məsələləri prioritet olaraq qalır. Azərbaycan terrorla aparılan mübarizədə ABŞ-ın yaratdığı koalisiya qüvvələri ilə birgə hərəkət edir. Rusiya tərəfindən sıxışdırılan və regionda Vaşinqtonun müttəfiqi sayılan Gürcüstanın enerji daşıyıcıları və zəruri ehtiyaclarının təminatında rəsmi Bakı müstəsna rol oynayır. Şaxələnmiş enerji mənbələrinin və xətlərinin axtarışına çıxan Avropanın bu istəklərinin reallaşdırılması Azərbaycansız mümkün deyil. Rusiya-AB və ABŞ qarşıdurması Azərbaycanın əhəmiyyətini çox yüksək edib. Bu baxımdan Azərbaycan ABŞ və Qərb üçün strateji tərəfdaşdır. Bu tərəfdaşlıq və münasibətlərin normal inkişafı ölkəmiz üçün faydalıdır”.
İsmayıl