Elçin Əlibəyli: “Məsələn, Rusiyada Müdafiə Nazirliyi öz büdcəsindən vəsait ayırıb, seriallar çəkdirir ki, cəmiyyətə vətən sevgisi aşılansın. Azərbaycanın hərbi simalarının həyatından bir serial çəkməklə nə qədər i
Polkovnik haqlıdır, amma problemi medianın üzərinə atmaq olmaz
Teletənqidçilər Müdafiə Nazirliyinə mesaj ünvanladılar
Elçin Əlibəyli: “Məsələn, Rusiyada Müdafiə Nazirliyi öz büdcəsindən vəsait ayırıb, seriallar çəkdirir ki, cəmiyyətə vətən sevgisi aşılansın. Azərbaycanın hərbi simalarının həyatından bir serial çəkməklə nə qədər i
Elçin Əlibəyli: “Məsələn, Rusiyada Müdafiə Nazirliyi öz büdcəsindən vəsait ayırıb, seriallar çəkdirir ki, cəmiyyətə vətən sevgisi aşılansın. Azərbaycanın hərbi simalarının həyatından bir serial çəkməklə nə qədər i
Zeynal Məmmədli: "Ordu mövzusu cəmiyyətə təlqin olunur. Bununla yanaşı, ordu da özünü cəmiyyətə tanıtmalıdır”
Bəzi telekanalların ciddi, ümummilli və maarifləndirici deyil, ucuz, bayağı, səviyyəsiz şou verilişlərinin arxasınca qaçması illərdir müzakirə olunur. Bu istiqamətdə verilən tövsiyələr və səslənən çoxsaylı tənqidlərə rəğmən əksər teleməkanların veriliş siyasətində dəyişiklik gözə dəymir.
Onlar "müğənnilərlə müşayiət olunan verilişlər reytinq, sponsor qazanır” iddiasından bir addım belə dönmək fikrində deyillər. Əslində, həmin düşüncələrin miqyasını getdikcə genişləndirirlər. Amma fakt odur ki, 7-dən 70-ə hər kəs ölkə televiziyalarından narazılıq ifadə edir. Teleməkanları cəmiyyətin zövqünün korlanmasında və mədəni səviyyəsinin zəifləməsində haqlı olaraq ittiham edirlər. Çünki telekanallarımızda milli-mənəvi dəyərlər, milli şüur, milli məfkurə, mental düşüncə və vətənpərvərlik mövzusunda hazırlanan layihələrə çox az rast gəlinir. Şübhəsiz ki, televiziyaların dözülməz durumu ictimaiyyətdə, eləcə də bir çox dövlət strukturlarında mənfi rezonans və qəzəb doğurub. Məsələn, bu günlərdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov televiziyaların fəaliyyətindən gileylənib. O bildirib ki, səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları ordu və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə deyil, tamamilə başqa məqsədlərə xidmət göstərir: "Məncə, hansısa müğənninin sifarişi ilə hazırlanan şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olar. Həftənin yalnız bir günü, sərfəli olmayan vaxtda yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla tamaşaçıya vətən sevgisini aşılamaq mümkünsüzdür”.
Polkovnikin iddiasını dəyərləndirən tanınmış telejurnalist Elçin Əlibəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, R.Əmirov haqlıdır. Onun sözlərinə görə, vətənpərvərlik ruhunun aşılanması üçün kompleks tədbirlər görülməlidir: "Yarım saatlıq verilişlə iş aşmır. Lakin məsələnin kökündə
başqa amillər dayanır. Məsələn, Rusiyada Müdafiə Nazirliyi öz büdcəsindən vəsait ayırıb, seriallar çəkdirir ki, cəmiyyətə vətən sevgisi aşılansın. Azərbaycanın hərbi simalarının həyatından bir serial çəkməklə nə qədər insanı hərbiyə cəlb etmək olar. Bu da reklamın və vətənpərvərliyin təbliğ olunmasının bir növüdür. Təbliğat ekranlaşanda daha effektli nəticələr verir”.
Ekspertin qənaətincə, kommersiya qrupları və transmilli şirkətlərə öhdəlik qoymaq lazımdır ki, onlar bu cür layihələrdə iştirak etsinlər və ictimai əhəmiyyətli məsələlərə sponsorluq etsinlər: "Bu öhdəlik qoyulmadığı üçün şirkətlər gedib müğənnilər iştirak edən verilişlərə sponsorluq edirlər. Baxın, verilişdə sponsor olmayandan sonra özəl kanal layihəni necə saxlasın? Bir layihədə ən azı 10 nəfər işləyir. Bunun büdcəsi təxminən 5-6 minə gəlib çıxır. Kanal həmin vəsaiti haradan alsın? Böyük kommersiya şirkətlərindən vətənpərvərliyə dair verilişlərə sponsorluq etmələri tələb olunsa, vəziyyət düzələr. Polkovnik açıqlamasında haqlıdır. Amma hər şeyi kanalın üzərində buraxmaq da doğru deyil”. Həmsöhbətimizin fikrincə, Azərbaycanda "Reklam haqqında” qanuna müəyyən dəyişikliklər olmalıdır: "Rusiyanın özündə özəl kommersiya şirkətləri bu ölkənin mədəniyyəti və tarixinə dair hazırlanan layihələrdə çox fəal iştirak edirlər. Bax, bizdə bu yoxdur”.
Telekanalların peşəkarlıq səviyyəsindən söz açan müsahibimiz diqqətə çatdırıb ki, vətənpərvərlik ideyasının təlqin olunması ilə bağlı uğurlu layihələr həyata keçirmək mümkündür: "Əlbəttə, birdən-birə yüksək səviyyəli filmlər və ya verilişlər hazırlaya bilmərik. Amma zamanla püxtələşmə gedəcək. Sonda ortaya peşəkar səviyyədə layihə qoymaq olar. Hesab edirəm ki, bu sahəyə sərmayə qoyulsa, problem həllini tapacaq”.
Media eksperti Zeynal Məmmədli isə söyləyib ki, vətənpərvərlik tərbiyəsinin aşılanması jurnalistin deyil, dövlətin borcudur: "Jurnalistlər ordudan müstəqil olaraq yazırlar. Ordu mövzusu cəmiyyətə təlqin olunur. Bununla yanaşı, ordu da özünü cəmiyyətə tanıtmalıdır: "Bu o deməkdir ki, məhz Müdafiə Nazirliyinin özü müxtəlif sifarişlər verib, vətən sevgisini aşılayan veriliş hazırlada bilər. Polkovnikin dediklərində haqq payı çoxdur. Amma problemi medianın üzərinə atmaq olmaz. Bu, dövlətin borcudur. Jurnalistlərin vəzifəsi deyil. Bu məsələni jurnalistlərin üzərinə buraxsaq, onlar sovet dövründəki kimi partiya təbliğatı aparacaqlar. Axı, jurnalistika təbliğatla məşğul olan sahə deyil. Bu sahə xəbərləməklə məşğuldur. Sözügedən işlə dövlət maraqlanmalıdır. Telelayihələrin tipini müəyyən edib, sosial çarxlar və verilişlər hazırlada bilərlər. Mediaya "mənə bu cür veriliş hazırla” demək doğru deyil”.
Ayyət Əhməd