Poroşenkonu acı tale gözləyir

Ukrayna hadisələri sonu görünməyən müharibəyə çevrilə bilər



Son günlər Ukraynada yüksələn xətt üzrə inkişaf edən siyasi böhran kritik həddə çatıb. Silahlı qarşıdurmalar nəticəsində qeydə alınan qanlı hadisələr, ağır itkilər və davamlı atəşlər ölkəni xaosa sürükləyir. Ölən və yaralananların da sayı artmaqdadır. "Şərq” qəzeti fr.euronews.com -a istinadən xəbər verir ki, son 2 gün ərzində mülki vətəndaşlardan 50-ə yaxını öldürülüb, 120-si ağır yaralanıb.

2240 nəfər isə döyüş poliqonuna çevrilmiş Dombasdan təhlükəsiz ərazilərə təxliyyə olunub. Hadisələrə kəskin reaksiya verən ATƏT-dən bildirilib ki, Rusiyameyilli separatçılar Ukraynanın əksər regionlarına nəzarəti ələ keçirib. Ölkə başçısı Pyotr Poroşenko da bunu separatçıların törətdiyi terror aktı adlandırıb.

Ukraynada baş verənlərin vətəndaş müharibəsi olmadığını düşünən "Trend” İnformasiya Agentliyinin analitiki, politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında qeyd edib ki, aramsız silahlı toqquşmalar Moskva ilə Kiyev arasında yaşanan genişmiqyaslı müharibədir: "Bir müddət əvvəl Rusiya Avropa qarşısında müəyyən öhdəliklərdən çəkinirdisə, artıq bu da yoxdur və öz bildiyi kimi hərəkət edir. Məlumdur ki, müharibənin dayanacağı şəraitdə Rusiyanın itirəcəyi çox şey var və NATO qoşunları müxtəlif bəhanələrlə Ukraynaya daxil olacaq, bununla da onun sərhədlərinə yaxınlaşacaq. Hazırda şimal qonşumuz Donbas separatçıları adı ilə daha çox ərazi ələ keçirməklə bu qorxunu öz sərhədlərindən uzaqlaşdırmağa çalışır. Rusiyanın dəsti-xətti burada da hiss olunur və sanki Dağlıq Qarabağ ssenarisi yenidən təkrarlanır”.

Ekspert hesab edir ki, indiki şəraitdə müharibənin dayandırılması Poroşenko və onun komandasının süqutu deməkdir və ilkin işartılar artıq görünməkdədir: "Çünki burada siyasi, hərbi və eyni zamanda iqtisadi baxımdan Qərbin maraqları danılmazdır. Kreml iqtisadiyyatının tənəzzülü ilə bağlı qərb dövlətləri kreditlər və digər maliyyə dəstəyi vasitəsilə daha çox iqtisadi proseslərə müdaxilə edə bilərlər. Hərbi cəhətdən isə artıq Polşa və digər dövlətlər silah satışı və digər sursatlarla bağlı müqavilələr haqqında danışmağa başlayıblar. Siyasi yöndən münaqişəni bəhanə gətirərək Moskvaya qarşı ən kəskin sanksiyalara əl atılır. Bir sözlə, münaqişə sonu görünməyən bir müharibəyə çevrilə bilər. Əlbəttə ki, ən çox hərtərəfli əziyyət çəkən, həlak olan isə hər iki tərəfdən dinc əhali olacaq”.

Ayyət Əhməd