Poroşenkonun diplomatik gedişi...

Ukrayna rəhbəri “Rusiya qoşunlarının 70 faizini çıxarıb” deməklə Moskvanın təcavüzü faktını göstərib




Rusiya Federasiyasının hərbçilərinin böyük bir hissəsi Ukrayna-Rusiya sərhədinə çəkilib. Bu barədə Ukrayna prezidenti Petro Poroşenko hökumətin iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasının hərbi gücünün 70 faizi Ukrayna ərazisindən çıxarılıb: "Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisindən çıxarılması sülh təşəbbüslərinin yaxşı perspektivindən xəbər verir”.

Poroşenko onu da qeyd edib ki, Donetsk və Luqanska xüsusi statusun verilməsi barədə qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq.

Kiyev rəhbəri Rusiya ilə münasibətlərdən nikbin danışsa da, Moskva lideri Vladimir Putinin Ukraynaya hücumu barədə söz-söhbətlər dolaşır. Deyilənlərə görə, Kreml rəhbəri ölkənin şərq vilayətlərindəki hərbi hissələrdə döyüş hazırlıqlarını qəfil yoxlamağa qərar verib. Bu da Putinin Ukraynaya növbəti hücumu kimi yozulur. Avropalı ekspertlər də Rusiyanın Şərqi Ukraynanın çöküşünün sona çatdırıldığını hesab edərək, Moskvanın növbəti hücuma hazırlaşdığını deyirlər.

Liderlərin təzadlı davranışlarına aydınlıq gətirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu "Şərq”ə açıqlamasında bunu diplomatik gediş kimi dəyərləndirib. Onun sözlərinə görə, Poroşenko "Rusiya Qoşunlarının 70 faizini çıxardıb” deməklə o faktı göstərir ki, Rusiya qoşunları Ukraynada olub və bu gün də qalmaqdadır: "Ukrayna rəhbəri bununla Moskvanın Kiyevə təcavüz faktını təsdiqləyib. Putinin müəyyən pozitiv fonlarda davranışı, Poroşenko ilə telefon danışıqları və atəşkəs elan etməsi Rusiya siyasi rəhbərliyinin tutduğu xətdir. Sadəcə olaraq, Kremlin qərarlarına və onun yürütdüyü siyasətə Rusiya hərbi dairələrinin çox ciddi təsiri var. Təsadüfi deyil ki, Ukraynadakı terrorçuların mütləq əksəriyyəti Rusiyadan gələn diversantlar və quldurlardır. Onlar da ən müasir silahlarla silahlanıb. Həmin dəstələrin əlində raket qurğularına qədər var”.

Ekspertin qənaətincə, Rusiya anlayıb ki, Ukraynaya əzələ nümayişi Moskvaya müsbət heç nə vəd etmir: "Bu günlərdə ölkə rəsmiləri açıqlamalar verirlər ki, sanksiylar Rusiya iqtisadiyyatına ciddi təsir göstərib. Faktlar da bunu sübut edir. Əslində hərbiçilər münaqişənin davam etməsində maraqlıdır. Onlar istəyirlər ki, Rusiyaya sanksiyalar aramsız hal alsın. Rusiya iqtisadiyyatı zəifləsin. Sonda bu, hakimiyyət böhranına gətirsin. Bundan sonra da hərbiçilərin özləri hakimiyyətə gəlsinlər. Bu, şimal qonşumuzun daxili siyasi münaqişəsidir. Ukrayna bir vasitədir. Hazırda Rusiyada qərar qəbul edən tərəflə, icra edən tərəf arasında ciddi konflikt yaşanır. Yəni Putinlə Rusiya hərbiçiləri arasında qarşıdurmalar mövcuddur. Bu baxımdan hesab edirəm ki, yaxın zamanda Rusiyanın Ukraynaya hərbi təcavüzü güclənə bilər”.

Ə.Oruclu onu da əlavə edib ki, Ukraynada yaşananlar Qərb və Rusiya arasındakı geosiyasi mübarizədir: "Həmin mübarizədə hər iki tərəf öz marağını güdür. Bu baxımdan münaqişənin kim tərəfindən başlanılmasını demək tərəf tutmaqdı. Qərb maraqlıdır ki, Ukraynanı öz tərkibinə götürsün. Çünki Rusiyaya təzyiqin ən yaxın yolu Ukraynadır. Qərb buna can atırdı. Və nail oldu. Rusiya da başa düşürdü ki, bu, onun üçün fəlakət deməkdir. Ona görə də qarşıdurmalara getdi.

Burda kimin yanlış, kimin düz olduğunu axtarmamalıyıq. Politoloqlar hakimlik etməli deyil. Vəziyyəti obyektiv dəyərləndirməlidirlər. Hamısı geosiyasi mübarizənin təzahürləridir”.

Ayyət Əhməd