Prezident yenə məcburi köçkünlərin yanında oldu
İmzalanan fərman yurdlarından didərgin olan insanların həyat şəraitinə müsbət təsir edəcək
Ölkə başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi hər zaman diqqət mərkəzində saxlayıb. Doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğılarından hesab olunub.
Ötən gün imzalanan fərman da bu silsilədəndir. Fərmana əsasən keçmiş yataqxanalarda, pansionatlarda məskunlaşan məcburi köçkünlərin bütün kommunal xərclərini dövlət özü ödəyəcək. Göründüyü kimi, Prezident qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır, lazım gəldikdə yeni fərmanlar imzalayaraq ən optimal çıxış yollarını seçir. Məsələyə münasibət bildirən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Fərmana əsasən, sayğacların quraşdırılması mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş "Qaçqınkom” tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək.
Bəzi yerlərdə qaz, elektrik enerjisi və su var. Sadəcə onlar elə bir vəziyyətdədir ki, ora yaxın günlərdə sayğac quraşdırmaq qeyri-mümkündür. Söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir”. Ə.Həsənov deyib ki, fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir: "Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşdırma proqramını ölkə başçısına təqdim edəcək. Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit "Qaçqınkom” tərəfindən mərkəzləşmiş qaydada "Azərişıq”a ödəniləcək. İşi başa çatdırmaq üçün yerli icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir. Əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar komitəyə siyahı təqdim etməlidir”.
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev də bildirib ki, dövlət başçısının fərmanı məcburi köçkünlərin kompakt yaşadığı binalarda sayğacların quraşdırılmasında yaranan problemi aradan qaldırdı. Onun sözlərinə görə, xüsusən bir mərtəbədə 20-30 nəfərin məskunlaşdığı çoxmərtəbəli binalarda sayğacların quraşdırılmasında problemlər yaşanırdı:
"Fərmandakı dəyişiklikdən irəli gələn qərara görə, fərdi qaydada sayğac quraşdırılması mümkün olmayan məskunlaşma yerlərində ödəniş dövlət tərəfindən təmin ediləcək. Yanvar ayında imzalanmış fərmandan irəli gələrək artıq 751 məcburi köçkünün məskunlaşdığı mənzildə sayğaclaşdırma həyata keçirilmişdi. Həmin mənzillərdə sayğacın quraşdırılması üçün texniki baxımdan heç bir problem yaşanmamışdı. Lakin çoxmərtəbəli yataqxanalarda bir mərtəbədə 20-30 ailənin bir mətbəxinin olması fərdi sayğac quraşdırılmasında çətinliklər yaradırdı. Çünki hər ailə bir otaqda yaşayır, həmin otaqlarda qazdan istifadə təhlükəli ola bilərdi. Bu məsələ qarşımızda problem olaraq qalırdı. Prezident İlham Əliyevə təşəkkür edirik ki, imzaladığı fərmanla bu problemi aradan qaldırmış oldu”.
Milli Məclisin deputatı Fəzail Ağamalı da deyib ki, Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək:
"Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək”. Millət vəkili bildirib ki, Prezidentin siyasətinin mərkəzində xalqımızın, eyni
zamanda qaçqın və məcburi köçkünlərin yüksək həyat şəraitinin yaradılması dayanır: "Dövlət başçısı hər zaman qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin həyat səviyyəsinin yüksəldilməsinin qayğısına qalır. Onlar öz doğma yurdlarına qayıdana qədər də bu tədbirlər davam etdiriləcək. Ümidvaram ki, ölkə Prezidentinin bu fərmanı qaçqınların problemlərinin həllinə ciddi təsir göstərəcək”. Deputat əlavə edib ki, bu fərman həmçinin, məcburi köçkünlərə ayrılan vəsaitin təyinatı üzrə sərf olunması üçün ciddi əhəmiyyət kəsb edir.
BAXCP-nin sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli də deyib ki, fərmana dəyişikliklər konkret fəaliyyət mexanizmləri ortaya qoyur:
"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanına dəyişikliklər edilməsi başlıca olaraq aztəminatlı təbəqəyə verilən dəstəyin, göstərdiyi qayğının nümunəsidir. Fərmana edilən dəyişikliklərdə müavinətlərin, enerji xərclərinin ödənilməsi ilə bağlı konkret mexanizmlər nəzərdə tutulub. Burada ümumi halda bütün məcburi köçkünlərə eyni qaydalar tətbiq olunmur. Başlıca olaraq onların yaşadığı şərait nəzərə alınır. Təbii ki, bu da imkan yaradır ki, hər bir məcburi köçkünə fərdi qaydada münasibət göstərilsin. Şübhəsiz ki, bu da ilk növbədə Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir addımdır. Fərmana edilən dəyişikliklər bu sahədə mövcud olan və yaxud mövcud ola biləcək hər hansı bir problemlərin aradan qaldırılmasına ciddi imkan yaradır və konkret fəaliyyət mexanizmləri ortaya qoyur”.
İsmayıl