“Nida”nın üç üzvü və bir hüquq müdafiəçisi də əfv olundu
Dünən Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb. Sərəncam 84 nəfər şəxsə şamil edilib.
Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə "Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar.
Onlar bir müddət əvvəl ölkə prezidentinə əfv olunmaları ilə bağlı müraciət ediblər.
Prezidentin əfv sərəncamı həmçinin 5 nəfər xarici ölkə vətəndaşına da şamil edilib.
Türkiyə vətəndaşı Bektaş İlbeyi Yusuf İzzetin oğlu, İran vətəndaşları İmrahi Tohid Əli oğlu və Məhəmmədzadə Səid Müştəba oğlu, Gürcüstan vətəndaşı Naibov Cəlal Camal oğlu və Pakistan vətəndaşı Zada Amir Sher əfv olunublar.
Ölkə başçısının son sərəncamı ilə azadlığa çıxanlar arasında 3 nəfər qadın da var.
"Bir nəfərin azadlığa buraxılması bir ailənin sevinci deməkdir”. Bunu APA-ya açıqlamasında İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu əfv sərəncamına münasibət bildirərkən deyib.
S.Qocamanlı bildirib ki, hüquq müdafiəçisi olaraq prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir: "Həsən Hüseynli, üç nəfər "NİDA”çı gənc azadlığa buraxılıb. Bu addımı çox yüksək qiymətləndirirəm və ümid edirəm ki, yanvar ayına kimi növbəti əfv sərəncamı imzalanacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə əfv sərəncamının imzalanmasını müsbət qiymətləndirdiyini deyib: "Təşəkkür edirik ki, prezident ildə bir neçə dəfə belə humanist addım atır. Biz ilin axırında gözləyirdik. Bizim üçün də sürpriz oldu. O siyahıda olan şəxslərin ailələri də sevinir. Bu, yüzlərlə insanın sevinci deməkdir”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, dekabr ayında da növbəti əfv sərəncamının imzalanmasına ümid edir: "Bu addımı yüksək qiymətləndiririk və ümid edirik ki, dekabr ayında növbəti əfv sərəncamı imzalanacaq”.