"Filmlərimizə sevgi göstərsək, onu düzgün təbliğ etsək, bu zaman onlara maraqla baxarıq”
Bu barədə "Sherg.az”a tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli bildirib.
Onun sözlərinə görə, retro filmlərə baxmaq üçün internet və bu kimi başqa vasitələr var. Amma bu filmlər televiziyalarda yayımlanmalıdır:
"İstənilən televizyanın konkret film siyasəti olmalıdır. Bu artıq televiziyanın hansı siyasət yürütməsi ilə əlaqədardır. Məsələn, Fransada 60-cı illərin sonu 70-ci illərin əvvələrində ciddi bir həyacan təbili çalındı. Və sual olunurdu ki, nəyə görə ölkənin ərazisində və televizyalarında bu qədər amerikan filmləri nümayiş olunur. Bu, bütün Fransanın, onun gənclərinin şüuruna təsir göstərir. Və asanlıqla bunun qarşısı alındı. Azərbaycan filmləri böyük bir mədəniyyətin tərkib hissəsidir. Biz bu filmləri təbliğ etməliyik.
Bəzən elə filmlərimizə rast gəlirik ki, ona heyran qalırsan. Amma televizyalarda az sayda filmdən istifadə olunur. Filmlərimiz az yayımlanır. Bəziləri açıq ideoloji filmlərdir. Lakin bununla yanaşı onlar sənətkarlıq, kino sənəti baxımından ciddi maraq doğurur. Məncə, bir forma tapıb o filmləri bir ad altında, bir girişlə birləşdirmək lazımdır. Həmin filmin aktyoru, rejissoru, operatoru yaşayırsa, onları danışdırıb filmin əvvəlində bunu göstərmək olar. Filmlərimizin təbliğinin sıfır vəziyyətdə olması fikirinizlə razıyam. Bizdə rejissorlar Gildiyası yaradılıb.
Ona Hüseyn Mehdiyev rəhbərlik edir. Çox dəyərli bir kino xadimidir. Yaxşı rejissor, gözəl sənətkardır. Hesab edirəm ki, onların düşüncəsindən, intellektindən faydalanmaq gərəkir. Onların siyasətindən bəhrələnmək olar. Filmlərmizə bu cür münasibət göstərilməsinə təəsüflənirəm. Belə olmaz !".
"Retro" filmlərimizin təbliği ilə bağlı sərgilənən laqeydlik və diqqətsizliyin səbəblərinə toxunub:
"Bunun ilk səbəbi dəyərlərə münasibətdir. İkincisi Azərbaycan mədəniyyətinə münasibətdir. Üçüncüsü də qeyri-peşakarlıqla bağlıdır. Yəni proqram siyasətinin düzgün qurulmaması ilə əlaqədardır. Bu, ümumi üç faktor birlikdə münasibəti müəyyənləşdirir”.
Yeniyetmə və gənclərin bəzi Azərbaycan filmlərinin adlarını belə bilməməsinə diqqət çəkən professor vurğulayıb ki, onlar maraqlanmayıblar, eşitməyiblər, görməyiblər bilməməkləri də normaldır:
"Bunların hamısı milli kino, milli teatr, milli sənətmiz haqqında təsəvvürləri bəsitləşdirir. Yəni insanlarda bəzən kompleks yaradır. Düşünürsən ki, bu qədər Azərbaycan filmləri içərisində bir dənə yaxşı film yoxdurmu ? Büdcədən maliyyələşən televiziyalar, ilk növbədə AZT və İTV bunlara ciddi diqqət yetirməlidir.
Onların imkanları da böyükdür və filmləri rahatlıqla əldə edib, onları yaxşı formada təbliğ edə bilərlər. İctimai radioda "Kino saatı” adlı veriliş var. Çox gözəl verilişdir. Oraya yaxşı sənətkarlar dəvət olunur. O cür verlişlərin televiziya variantı da yaradıla bilər. Kino sənətini, kinonun, sənətkarların həyatını, kinonun çəkilməsi ilə bağlı maraqlı nuansları bu cür təbliğ etməliyik. Bu zaman gənclərdə Azərbaycan filmlərinə maraq yaranacaq. Təbliğat yoxdursa, vaxtında tamaşaçıya çatdırılmırsa, bu zaman bayramdan bayrama yayımlanır. Sonra da rəflərdə qalır. Bu, düzgün deyil. Filimlərimiz haqqında saatlarla danışmaq və onu yaxşı təbliğ etmək olar. Sadəcə, televiziyalarda belə bir istək yoxdur”.
Digər ölkələrin dublyaj olunmuş filimlərinin Azərbaycan televizyalarından tez-tez yayımlanmasına münasibət bildirən Q.Məhərrəmli söyləyib ki, bəzi televizyalarda dublyaj filmlərinə belə maliyyə maxenasiyası lazım olur:
" Onlar guya bu filmləri alırlar. Böyük xərc çəkirlər, dublyaj edirlər. Əslində o cür deyil. Yəni belə məqsəd var. Azərbaycan filmlərini yayımlamaq televizyalara çox ucuz başa gəlir. Bunun üçün rejissorlar gildiyasına bir az vəsait köçürdürlər. Bəzən onun hüququnu 3-5 ilə ala bilirlər. Beləliklə də istədiyi vaxt yayımlaya bilirlər. Bunu sadəcə etmək istəmirlər. Bunun yanlış siyasət olduğunu hesab edirəm. Bundan imtina edək. Filmlərimizə sevgi göstərmək lazımdır. Bu, sadəcə bir kino deyil. Azərbaycan mədəniyyətinin bir qoludur. Bunun üçün bir az siyasəti dəyişək”.
Kənan Eynuroğlu