Prokuror 9 il istədi, hakim 1 il 6 ay cəza verdi - "LOTU QULİ"nin YEZNƏSİNƏ




Hazırda həbsdə olan kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısın əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı V. Hüseynovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V. Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Vidadi Hüseynov məhkəmədə ifadəsində bildirib ki, onu "Lotu Quli"yə görə tutublar: "Polisdə dedilər, Nadir Səlifovun bütün yaxınları tutulur, sən də həbs olunmalısan".
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb.
V. Hüseynov "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır. N.Səlifov özü də hazırda həbsdədir.