Proporsional seçki sistemi bərpa olunsun

Partiyalar təkliflə çıxış edir, ancaq bunun üçün konstitusiya dəyişikliyinə ehtiyac var



Azərbaycanda proporsional seçki sisteminin bərpası məsələsi yenidən gündəmə gəlib. Bu dəfə belə bir təşəbbüslə siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi çıxış edib. Mərkəzin ötən gün keçirilən toplantısında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə proporsional seçki sisteminin bərpasına dair ümumxalq referendumunun keçirilməsi təşəbbüsü haqqında işçi sənədləri hazırlamaq həvalə edilib.

Mərkəzin bu təşəbbüsü digər siyasi partiyalar tərəfindən də dəstəklənib. Dəfələrlə gündəmə gətirilən məsələyə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, ölkədə çoxpartiyalılığın və siyasi partiyalar arasında rəqabət mühitinin inkişafı üçün proporsional seçki sisteminin bərpasına ehtiyac var: "Mən də bu sistemin bərpasının tərəfdarıyam. Hesab edirəm ki, mojaritarla və proporsional seçki paralel surətdə keçirilməlidir. Bu sistem hər halda partiyaların inkişafına xidmət edəcək və partiyaların daha çox təmsilçilik qazanmasına şərait yaradacaq”. Millət vəkilinin sözlərinə görə, proporsional sistem parlament üsul-idarəli respublikalar üçün daha uyğundur: "Gələcəkdə parlament tipli respublikaya keçid edə bilməyimiz üçün indidən proporsional sistemin bərpası faydalı ola bilər”. Proporsional sistemin referendum vasitəsilə ləğv edildiyini və bərpasının da yalnız referendum keçirməklə mümkün olduğunu vurğulayan F.Mustafa konstitusiya dəyişikliyinə ehtiyac olduğunu deyib: "Bu dəyişikliyin həyata keçirilməsi üçün ortaya mütləq siyasi iradə qoyulmalıdır”.

Proporsional seçki sisteminin partiyalar üçün üstünlüyündən danışan deputat bəyan edib ki, partiyaların seçkidə öz siyahısı və proqramı ilə iştirak etməsi fərqli bir haldır: "Partiya proporsional siyahı üzrə namizədlərini irəli sürəndə ən seçkin namizədlərini ilk sıraya düzür. Qazanılan səslərin sayına uyğun olaraq da partiyanın parlamentdə keyfiyyətcə daha sanballı namizədlərlə təmsil olunması mümkün olur. Bu olmayanda isə ölkədə partiyaların rolu xeyli aşağı düşür”.

İsmayıl