Doğrudanmı ABŞ Dövlət Departamenti qondarma rejimin Xankəndində qurduğu “məhkəmə” şousundan xəbərsizdirlər
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki hazırda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Ermənistan tərəfindən işğal olunmuş Xankəndində qurulmuş "məhkəmə” haqda suala cavab verməkdən yayınaraq bu iş barədə kifayət qədər məlumatlı olmadığını bəyan edib. ABŞ Dövlət Departamentinin müəmmalı susqunluğunu şərh edən siyasi ekspert Qabil Hüseynli bildirib ki, Cen Psakinin cavabdan yayınmasını təbii qarşılamaq lazımdır.
Çünki bütövlükdə Qərb, xüsusən də ABŞ Azərbaycanla bağlı daha çox "siyasi məhbus”, "insan hüquqları” mövzularını qabartmağa çalışır. Avropa Şurası Parlament Assambleyasında Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbus məsələsini gündəmə gətirmə cəhdləri fiaskoya uğrayandan sonra bu məsələnin bitdiyi təsdiqlənsə də, Qərb dairələri bu süni problemin gündəmdən düşməsinə imkan vermirlər. Sual yaranır: necə olur ki, Azərbaycanda illərlə qeyri-leqal yollarla formalaşdırılmış "5-ci kolon” nümayəndələrinin hər hansı biri barədə qanun çərçivəsində ölçü götürüləndə, ABŞ Dövlət Departamentinin Mari Harfları və Cen Psakiləri dərhal reaksiya verir, amma qondarma rejimin Xankəndində qurduğu bu "məhkəmə” şousundan xəbərsizdirlər. Halbuki bir müddət əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan hərbçiləri tərəfindən erməni diversiya dəstəsinin saxlanmasına dərhal reaksiya vermiş, daha doğrusu, saxlanılanların azad olunmasına çağırmış, diversant Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini və Petrosyanın yaxınlarına başsağlığı verdiyini bəyan etmişdi. Erməni diversantlarla bağlı belə həssaslıq nümayiş etdirən ABŞ xarici siyasət idarəsinin öz doğma torpaqlarını, dədə-baba məzarlarını ziyarət edən azərbaycanlıların uzun müddət Ermənistanda həbsdə saxlanması, indi də qondarma rejim tərəfindən Xankəndində "məhkəmə” önünə çıxarılmasından məqsədyönlü "məlumatsız”lığı bu ölkənin ATƏT-in Minsk Qrupunda həmsədrlik missiyası üzərinə kölgə salır. Belə riyakar yanaşma onunla nəticələnib ki, Azərbaycan ictimai fikrində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli arbitr ola bilməyəcəyi qənaəti get-gedə güclənir”. Politoloqun fikrincə, Cənubi Qafqazda insan hüquqları
ilə bağlı problemlərə münasibətdə Qərb daimi ikili standartlar mövqeyindən çıxış edir: "Məsələn, təkcə son bir ay ərzində Gürcüstanda keçmiş iqtidarların dövründən etibarən hüquq-mühafizə orqanlarında çalışan onlarca yüksək rütbəli məmur, o cümlədən sabiq daxili işlər naziri Baça Axalaya həbs ediliblər. Axalaya haqqında 7 il 6 aylıq həbs hökmü 2006-cı ilin yanvarında Tbilisidə öldürülmüş üç nəfərə dair cinayət işi ilə bağlıdır. Qərb təsisatları nə o zaman Axalayanın adını qara siyahılara salmışdı, nə də indi onun siyasi motivlə həbsinə görə bəyanat verirlər. Halbuki gürcü mediası və insan hüquqları fəalları bu həbslərin Gürcüstandakı yeni iqtidarın Mixeil Saakaşvili hakimiyyəti ilə haqq-hesab çürütmə əməliyyatının davamı olduğunu açıq şəkildə dilə gətirirlər. Doğrudanmı, Axalayanın uzunmüddətli həbsi Səid Nuri ilə bağlı pasport yoxlamasından daha əhəmiyyətsiz faktdır? Görünür, bu suallara cavab axtarmaq və Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatlara sahib olmaq Psakilərin maraqlarına uyğun deyil”.