Psixoloqdan SOS: "Abort insanlara şüuraltı təsir edib, övlad qatilinə çevirir"








"Abortlarla mübarizəni geniş şəkildə aparmaq, ailələri, gənc cütlükləri maarifləndirmək lazımdır”.

Bu barədə "Sherg.az”a abort hallarının qarşısının alınmasından danışarkən psixoloq Elnur Rüstəmov bildirib.

Onun sözlərinə görə, ailə planlaşdırılması Azərbaycan ailəsində həllini gözləyən problemdir:

"Planlanmayan övladın dünyaya gəlməsi prosesi ailədəki münasibətlərə mənfi təsir göstərir, ailədə ayrıseçkilik düşməsinə, münasibətlərin pozulmasına gətirib çıxarır. Bəzən isə hamiləlik dönəmində elə problemlər ortaya çıxır ki, abort zərurətə çevrilir. Ailə fikirləşir ki, inkişafdan qalmış, narahatlığı olan uşağı dünyaya gətirib, onu bədbəxt etməkdənsə, hamiləliyi sonlandırmaq düzgün olar. Bu həkim nəzarətində baş verir. Bir də var ki, planmayan hamiləlik, vətəndaş nikahında yaşayan şəxslərin uşağı ana bətnində tələf etməsi halları. Bütün bunlar tənqid olunur, üstəlik sonradan bir çox problemlərin yaranmasına rəvac verir.

Bu problemləri həll etməyin yolu maarifləndirmədən keçir. Tibb inkişaf edir. Azyaşlı uşağılın satışa çıxarılması ilə bağlı çox tənqidlər səsləndirildi. Burada nəzərə almaq lazımdır ki, övladını satışa çıxaran ata anlaqlı, ya anlaqsız vəziyyətdə olub? Anlaqsız vəziyyətdə olan şəxs bu gün övladını satışa çıxarırsa, sabah başqa hərəkət də edə bilər. Ona görə, bu cür hallarda maarifləndirməni genişləndirmək, vətəndaş nəzarətini gücləndirmək lazımdır. Eyni zamanda hüquqi aspektdə qanunvericilik baxımından addımlar atılmalıdır. Hər bir ailə övladın məsuliyyətini dərk etməlidir.

Əslində bu məsələ zaman keçdikcə müəyyən qədər yerinə oturacaq. 5 il bundan əvvəlki vəziyyəti indiki ilə müqayisə etdikdə çox irəliləyiş görürük. Əvvəllər abort edilənlərin əksəriyyəti qız uşaqları olurdu. Bu gün isə qız uşaqlarına bir qədər münasibətin dəyişdiyini görürük. Çox ailələrdə artıq qızlara qarşı diskriminasiya aradan qalxıb. Bu özü də maariflənmənin nəticəsidir”.

Qeyd edək ki, sosioloqların fikrincə, abort halları geniş yayıldıqca, insanlarda öz övladlarının qətli ilə bağlı qərar qəbul etmək formalaşır.

Aysel Aslan