"Pulu otağında birbaşa generala vermişəm" - ZƏRƏRÇƏKMİŞ




Ləğv edilən MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində tanınmış Biləcəri qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Bahəddin Sultanov dindirilib.

O qeyd edib ki, Vüsal Ələkbərovun bu işdə günahı yoxdur: 

"Mənim pulumu general Mövlan Şıxəliyev alıb. 350 min dollar ziyan dəyib. Burada Vüsal Ələkbərovun günahı yoxdur. Ona nə deyiblər, onu da edib. Bu işdə Vüsal Ələkbərovun 10 faiz günahı varsa, 90 faiz günahı olan generallar azadlıqda gəzir. Məhkəmədən Vüsal Ələkbərova köməklik edilməsini xahiş edirəm. Pulumu da Mövlam Şıxəliyevdən tələb edirəm. Çünki pulu birbaşa xidməti otağında ona vermişəm".

Zərərçəkmiş qeyd edib ki, günahkar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və Mövlam Şıxəliyevdir. Zərərçəkmiş onlardan şikayət etdiyini qeyd edib.
Növbəti proses yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar.

Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndəriləcək.