Rusiya prezidenti qorxur və buna görə qapalı dövlət formalaşdırmağa can atır
Rusiya prezidenti Vladimir Putinin sosial şəbəkələr barədə imzaladığı yeni qanun ölkə əhalisinin ciddi etirazına səbəb olub. Çünki həmin qanun "Tvitter”, "Facebook” və "Gmail” kimi şirkətlərin ölkədə nəzarətsiz fəaliyyət göstərməsini qadağan edir. Məlumatlara görə, sosial şəbəkələri Rusiyadan çıxarmaq istəyən hökumət ciddi senzura tətbiq etmək niyyətindədir.
Putinin təsdiqlədiyi yeni qanun çərçivəsində hər üç şirkətə yanvar ayına qədər Rusiyanın rabitə və informasiya texnologiyalarının izlənməsi qurumuna müraciət etmələri üçün vaxt verilib. Əks halda, rus vətəndaşları adıçəkilən şəbəkələrdən istifadə edə bilməyəcəklər.
Əhali tərəfindən narazılıqla qarşılanan qanuna münasibət bildirən Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib ki, Putin qabaqlayıcı tədbirlərə əl atmaqla gələcəkdə öz hakimiyyətinə qarşı yarana biləcək bütün problemləri aradan qaldırmağa çalışır: "Bütün sahələr üzrə Qərb dünyasının ciddi sanksiyalarına məruz qalan Rusiya dünyada təklənib.
Artıq Putin hakimiyyəti anlayır ki, sanksiyalar təkcə iqtisadi sahə ilə məhdudlaşmayacaq və tədricən ölkənin siyasi-ictimai həyatına da sirayət edəcək. Yəni sanksiyalar yaxın zamanlarda rusların cibinə ziyan vurduqca və müharibə nəticəsində öldürülən rus əsgərlərinin sayı çoxaldıqca, Putin hökumətinə qarşı ciddi narazılıq başlayacaq. Yaranan sosial və ictimai etirazlar da müasir dövrün tələbinə uyğun olaraq əhalinin əksəriyyətinin istifadəçisi olduğu sosial şəbəkələr vasitəsi ilə gündəmə gətiriləcək. Ona görə də indidən həmin şəbəkələrin nəzarətsiz fəaliyyətinə məhdudiyyət qoyulmaq istənilir. Ancaq düşünürəm ki, bu cür anti-demokratik addımlar Putin hakimiyyətini gələcək faciələrdən qoruya bilməyəcək. Çünki modern dünyada inteqrasiya prosesinin qarşısını almaq demək olar ki, mümkünsüzdür”.
Politoloq Qabil Hüseynli də bildirib ki, Rusiyada sosial şəbəkələrin ölkədən çıxarılması Putinin qorxduğunun və qapalı dövlət formalaşdırmaq istədiyinin göstəricisidir: "Qanunun tətbiqi ilə ölkə çoxtərəfli ziyana məruz qalacaq. Sosial şəbəkələrin, internetin qadağan olunması bir tərəfdən sanksiyalardan ziyan çəkən ölkə iqtisadiyyatına, digər tərəfdən isə insanların rifah halının pisləşməsinə gətirib çıxaracaq. Bunu Türkiyə və Ərdoğan təcrübəsində də müşahidə etdik. Şahidi olduq ki, xalq necə etirazla qarşıladı”. Politoloqun sözlərinə görə, yeni qanunla Rusiya əleyhinə agenturanı azaltmaq fikrində olan Putin əslində çox ciddi surətdə yanılır: "İnternetin, onlayn rabitənin, sosial şəbəkələrin hər hansı bir formada məhdudlaşdırılması birinci növbədə ölkənin özünə zərbədir. Dövlət bu rabitə vasitələrindən istifadə etməklə dünya ölkələri ilə əlaqələrini tənzimləyir. Bu əlaqələrdən həm ölkə əhalisi qazanır, həm də dövlət. Ölkədəki xidmət sahələrinin bir çoxu da internet üzərində qurulub. Bu da xidmət sahəsini tamamilə sadələşdirib və bürokratik aparatın xeyli ixtisar olunmasına gətirib çıxarıb. Yəqin, Putin elə düşünür ki, sosial şəbəkələri qadağan etməklə, ölkədən məlumat sızmasını və ölkə əleyhinə aparılan təbliğatı azalda biləcək. Əksinə, həmin agentura məlumatları digər ölkələr kimi Putinin özünə, təmsil etdiyi dövlətə də lazımdır. İnterneti görüb ondan məhrum olan insanların hər biri potensial agentə çevriləcək”.
İsmayıl