"Moskvada daha çox narahatlıq doğuranı məqam Ermənistanda anti- Rusiya mövqeli kadrların yüksək vəzifələrə çəkilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır"
"Nikol Paşinyan baş nazir olandan sonrakı hərəkətləri Moskvanı təəccübləndirir və qıcıqlandırır. Ermənistanın yeni iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır".
Bunu "Sherg.az"a Rusiya prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfərinin pərdəarxasını şərh edərkən analitik Ehtiram Aşırlı söyləyib. O qeyd edib ki, Moskvada daha çox narahatlıq doğuranı məqam Ermənistanda anti- Rusiya mövqeli kadrların yüksək vəzifələrə çəkilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır:
"Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlin maraqlarına uyğun olmayan siyasətini davam etdirir.
Son olaraq baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturovun həbs olunmasına qərar verib. Y.Xaçaturov bu vəzifəni 2017-ci ildən tutur. O, həmin dövrə qədər Ermənistan ordusunun Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Şurasının katibi və İrəvan hərbi qarnizonunun komandiri olub. Bu cür addımın atılmasını Rusiya özünün NATO-su olaraq görüdüyü KTMT-na vurulmuş zərbə və hörmətsizlik kimi qiymətləndirir".
E.Aşırlı vurğulayıb ki, Rusiya Ermənistan rəhbərliyinin bu addımlarına sərt reaksiya verib. Lakin Qərbin maraqlarına xidmət edən N.Paşinyan məlum məsələ ilə bağlı geri addım atmaq niyyətində deyil:"Bununa yanaşı, N.Paşinyanın Robert Köçəryana qarşı növbəti dəfə cinayət işi açdırması və ondan sonra Serj Sarkisyanı da bu aqibət gözləməsi Rusiyada narahatlığa səbəb olub. Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri məhz buna hesablanıb. Bu səfər çərçivəsində V.Putin ilə N.Paşinyan arasında əsas müzakirə məsələlərindən biri məhz Y.Xaçaturov, R.Köçəryan və S.Sarkisyan məsələsi olacaq. Təbii ki, bu səfər çərçivəsində hər iki ölkə başçısı arasında Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Bundan əlavə hər iki ölkə arasında KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində münasibətlərin inkişaf etdirilməsi məsələsinə də toxunulması ehtimalı yüksəkdir. Digər bir müzakirə məsələsi isə Suriyaya humanitar yardımın göndərilməsi ilə bağlı olacağını düşünürəm".
Analitik hesab edir ki, V.Putinin Ermənistana səfərini Qərbə bir mesaj kimi də qiymətləndirmək mümkündür:
"Rusiyanın öz iqtisadi problemlərinə başı qarışsa da, onu bildirmək istəyir ki, İrəvan bizim nəzarətimizdədir və lazım gələrsə ciddi addımlar atmağa hazırıq. Qərb heç də elə fikirləşməsin ki Ermənistan bizim nəzarətimizdən çıxıb. Əksinə Rusiya sadəcə Ermənistanda baş verən proseslərə hələ ki, müdaxilə etmədən kənardan izləməyə üstünlük verir. Lakin iki ölkə arasındakı münasibətlərdəki gərginlik pik nöqtəyə çatarsa, Kreml lazımi tədbirlər görəcək".
Qeyd edək ki, Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcək. Rusiya KİV-in xəbərinə görə, səfər barədə rəsmi dəvət sentyabrın ortalarında verilib. Diplomatik məlumatlara görə səfər noyabrın 2-ci yarısında baş tutacaq. Səfər zamanı Putin baş nazir Nikol Paşinyan, prezident Armen Sarkisyan və eks-prezident Serj Sarkisyanla görüşəcək.Putinin Ermənistana səfəri nəyə hesablanıb, bu səfər zamanı baş tutacaq görüşdə nələr müzakirə oluna bilər?
Ayyət Əhməd