Lazım gəlsə, o oliqarxları da susdura bilər
Beynəlxalq aləmin Rusiyaya sanksiyaları genişləndikcə, bu ölkə oliqarxlarının prezident Vladimir Putinə qarşı birləşəcəyi ehtimalları güclənir. İddialara görə, Putini dayandırmağa çalışan sahibkarlar onunla qarşıdurmaya getməkdən belə çəkinmirlər. Almaniyanın Der Spiegel nəşrinin yazdığına görə, Avropa ölkələri sanksiya tətbiq etmək niyyətindən dönməsə, Rusiyanın və Putinin vəziyyəti çətinləşəcək.
Bu arada Almaniya Federal Kəşfiyyat Xidməti Rusiya rəhbərliyində sərt kurs tərəfdarları ilə iqtisadi dairələrin nümayəndələri arasında Putinə təsir uğrunda sərt qarşıdurmanın əlamətlərinin göründüyünü söyləyir. BND-də ehtimal edirlər ki, Avropa Birliyinin sanksiyalarının təsiri altına düşən oliqarxlar siyasi və iqtisadi tələblər irəli sürüb, Kreml rəhbərinə "dur” demək fikrindədirlər. Bütün bunlar Putinin yaxın ətrafının da ondan üz döndərə biləcəyini, hətta onun devrilməsi ehtimalının da olduğunu deməyə əsas verir.
Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında bildirib ki, Rusiya Ukraynadakı separatçılara dəstəyini dayandırmayacağı halda Qərb bu ölkəyə sanksiyalarını gücləndirəcək: "Bir müddət Moskva özünü elə aparırdı ki, guya, Qərbin iqtisadi təzyiqlərinin ona heç bir təsiri yoxdur. Öz iqtisadiyyatını inkişaf etdirməklə problemləri həll edir. Amma Kreml problemlərini yoluna qoya bilmir. Rusiyanın Qərbdən ərzaq asılılığı var. Üstəgəl, rusiyalı oliqarxların Qərblə çox böyük əməkdaşlıqları mövcuddur. Rusiyaya iri məbləğdə vergi ödəyirlər. Kremlə təzyiq göstərmələri mümkündür. Sanksiyalar həm oliqarxlara, həm də Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Rubl sürətlə dəyərdən düşür. İkincisi, neftin qiyməti sürətlə düşür. Ona görə Kreml qərar verməlidir”.
Ekspertin sözlərinə görə, Kremlin qarşısında iki yol var: "Birincisi, qapanıb, inkişaf etmək. İkincisi, Qərblə münasibətləri tənzimləmək. Birinci yol Moskvanın vəziyyətini gərginləşdirəcək. İkinci yola gəlincə, şimal qonşumuz bu xətti seçəcəksə, Ukraynadakı separatçıları dəstəkləməkdən əl çəkməlidir. Rəsmi Kiyevin ərazi bütövlüyünü tanımalıdır. Krımla bağlı qərarını verməlidir. Amma görünən odur ki, Moskva Qərblə münasibətlərin tənzimlənməsi deyil, qapalı siyasət yürüdəcək. Bu da ona baha başa gələcək”.
E.Şahinoğlu hesab edir ki, V.Putin dilemma qarşısındadır: "Bunu da Qərb ölkələri yaxşı görür. Onlar da vəziyyətdən istifadə edib, sanksiyalarını daha da gücləndirirlər. Sanksiyaların Rusiya hakimiyyətinə təsir etdiyini Qərb dünyası anlayıb. Moskvanın üstünə gedir. Rusiyanın vəziyyəti ağırlaşa bilər”.
Bununla yanaşı, politoloq düşünür ki, Putinin geriyə addım atacağı real görünmür: "Krımı işğal etmək və separatçıları dəstəkləməklə Kreml rəhbəri qırmızı xətti keçib. Vəziyyət belə davam edəcəksə, Rusiya daxilində gərginlik güclənə bilər”.
Putinin devriləcəyi haqda iddialara gəlincə, müsahibimiz söyləyib ki, bu mümkün görünmür: "Şişirdilmiş fikirdir. Hazırkı lider hakimiyyətdəki bütün istiqamətlərə nəzarət edir. Lazım gəlsə, o oliqarxları susdura bilər. Buna da gedə bilər. Amma o, imkanlıların narazılığını nəzərə almalıdır. Rusiya büdcəsi onların hesabına doldurulur. Narazılıqlar qulaqardına deyil, diqqətə alınmalıdır. Bu olmayacaqsa, oliqarxlar alternativ variantlar barədə düşünməli olacaqlar”. Putinin ölkəsini tələyə saldığını deyən politoloq bəyan edib ki, Kreml sahibi bu tələdən çıxmağın yolları barədə düşünməlidir: "Avropa ölkələri və Amerika ilə münaqişə Rusiyaya müsbət heç nə vəd etmir. Avropa Birliyi ilə əməkdaşlıq etmədən Kreml yaşaya bilməz. Şimal qonşumuz qazının əsas hissəsini Avropa bazarına ixrac edir. Avropa bazarı alternativ imkanları həyata keçirsə, Rusiya qazını da sata bilməyəcək. Valyutasız qalacaq. Bütün yollar Kremlə aparır. Putin müsbət sonluq istəyirsə, mülayimləşməlidir. Amma hələ ki buna getmir”.
Ayyət Əhməd