“Mənə şər atan qızımı da dəlixanaya saldılar”
(əvvəli ötən sayımızda)
- Qızınızla o oğlanın arasında hansısa intim münasibət olub ki, özünə intihar etməyə səbəbi olub?
- Yox. Qızımla aralarında heç bir münasibət olmayıb. Hətta həkimdən kağız da almaq məcburiyyətində qaldıq ki, söz-söhbətə son qoyulsun. 16 yaşlı qızın sevgisi necə olur? Oğlanı sevib, oğlan da bundan ayrılmaq istəyəndə, "uksus” içib. Qızın rəfiqəsi yanında olub. O da bunun ağlında olan uşaqdı. Qızım "uksus”u içəndə rəfiqəsi yoldaşıma, qızımın atasına zəng vurub ki, özünüzü çatdırın.
- Bəs sizi niyə evdən qovdular ki?
- Qızımın xəbəri çıxanda, atası özünü xəstəxanaya çatdırdı. Yalvardım ki, məni də apar da, anayam. Dedi yox, sən evdə gözlə. O zaman atasına deyirdim ki, qızımız bizi belə dilə-dişə salıbsa, qoy elə ölsün. Anayam da pis olmuşdum. Atası dedi, sən qarışma. Anayam çox narahatam. Nə isə, xəstəxanadan da çıxaranda, yoldaşım dedi ki, evə gələndə ondan heç nə soruşmayın bir müddət. Həkim də məsləhət görüb ki, psixoloji travma alıb. Sakitləşsin. İki həftədən sonra danışmağa çalışdım. Alınmadı. İki həftə sonra qızım məktub qoyub evdən qaçdı. Atasının yaxın bir dostu qızımı təsadüfən yolda görüb, atasına xəbər verib. Rayon yeridi, hamı biri-birini tanıyır. Qızımı tapana qədər də biz hər yeri axtarmışıq. Atası yenə qoymadı məni qızımla danışım. Əvvəlcədən polisə də xəbər vermişik deyə, qızı polisə gətirdilər. Atası da polisdə deyib ki, bəs qızım yolunu azıb, səhv gedib, itib. Adətən qəddardı yoldaşım. Amma o dönəmdə səbr etdi, qızıma artıq nə isə demədi, döymədi. Yəni ata kimi ona dəstək olmağa çalışdı. Mənə də tapşırmışdı ki, ona heç nə deməyin. Üstündən bir neçə gün sonra atası qızıma deyər ki, gəl, ata-bala söhbət edək. Artıq söhbət etməyin vaxtıdı. Atana de görüm niyə belə edirsən? Ata-bala maşına oturub getdilər. Qızım da atasına deyər ki, bəs anam sənə xəyanət edir deyə, mən evdən qaçmışam. Mən hələ bilmirəm nə baş verir.

Atası bu söhbətdən qayıtdıqdan sonra gəldi məni döyə-döyə evdən çıxartdı ki, sən pozğunsan. Sən mənə xəyanət edirsən. Həyatında başqa kimsə var. Yenə deyirəm, uzun illər mən evdən bayıra belə çıxmamışam. Bir müddət əsəblərim pozulmuşdu. Həkim məsləhət gördü ki, evdə özünə qapanmaq bu qadına olmaz. Ona görə də yoldaşım məni özünün yanında işə getməyə razılıq verdi. Mağazaları var. Mağazada onun yanında işləməyə başlamışam bir neçə müddət. Özü aparıb, özü gətirirdi. Yəni mənim ondan kənara harasa getməyim belə mümkün olmayıb. Mən ona necə xəyanət edə bilərdim? 3 uşaq anasıyam, bütün çətinliklərə uşaqlarım üçün dözmüşəm ki, onların adına nəsə gəlməsin. Nə isə, qızımın atasına bu sözü deməyi bizim evimizi dağıtdı. Həmin gün atası qızıma telefon aldı. Hətta balaca qızım da maşına oturmaq istədi. Atası qoymadı ki, biz ikimiz gedirik. Getdilər söhbət etdilər. Qızım ona deyəndə ki, anam sənə xəyanət edir, daha başqa heç nə soruşmur, gəlir evə. Məni maşına döyüb oturtdu, gətirdi polis idarəsinə ki, qatil olmayım deyə yoldaşımı bura gətirmişəm. Yoldaşım mənə xəyanət edir. Rayon yeridi, hamını tanıyırlar. Polis idarəsində yoldaşımdan soruşdular ki, harda tutmusan, kiminlə görmüsən? Dedi ki, heç kimlə görməmişəm. Qızım deyib ki, anam sənə xəyanət edir. Polis rəisi dedi ki, qardaş, bir uşağın sözünə görə adam ailəsini dağıtmaz. Bir öyrən, bir danış yoldaşınla. Sən görmədən, bir şeyi sübut etmədən bu qadına böhtan ata bilməzsən. Bu sözlərin heç biri yoldaşıma təsir etmədi. Məni polisdə atıb getdi. Yoldan təzədən qayıtdı, üzümə baxmadan 50 manat pul verdi ki, lazımın olar. Mən götürmədim. Halbuki bir manat da cibimdə pulum yox idi. Polisdəkilərə dedim ki, gecəyarıdı, mən burda qalım. Orda da yalvardım ki, qardaş, mən əxlaqsız deyiləm. Bilmirəm qızım niyə belə deyib. Polis rəisi dedi ki, xanım, pozğun qadın hər kəlməsindən bilinir. Allah ərinə insaf versin. Bir gecə orda qaldım. Anama, qardaşıma da xəbər göndərib ki, qızınız pozğundu. Onlar da öyrənmədən, bilmədən məndən üz döndərdilər. Çarəsiz qalıb Bakıya üz tutdum. Burda da qohumlar qəbul etmədi. Bir bacım Bakıdadı. Onların yanında bir-iki gün qaldım. Sonra Qadın sığınacağı ilə əlaqə yaradıb, bura gəldim.
- Qızınız niyə belə bir yalana əl atıb ki? Bəlkə sizin hansısa hərəkətinizi düz başa düşməyib?
- Bilirsiz, mənim yaşadıqlarım real həyatdan çox kinoya bənzəyir. Amma bunlar bir həqiqətdi. Sən demə, mənim qızımın əqli problemi yaranıbmış. Məndən sonra qızımı da dəlixanaya yerləşdiriblər. Mən burda olanda mənə xəbər verdilər ki, həmin qızım dəlixanada qalır. Deyirdim ki, qızımı əlimə versələr, onu öz əlimlə öldürərəm. Ancaq ana ürəyidir. Dözə bilmədim. Məhkəməyə görə Şəkiyə gedəsi oldum. Qızımı görməyə getdim. Qızım mənim səsimi eşidəndə, çığırtısı oranı bürüdü ki, ana, qurban olum, məni burdan çıxart.
- Yəni bağışladınız qızınızı. Baxmayaraq ki, o sizə elə bir ləkə vurub ki, təmizlənməsi mümkün deyil bəlkə də?
- Anayam. Dözə bilmədim. Balamı dəlixananın dəmir barmaqlıqlarında görəndə hər şeyi unutdum. Sonra məhkəmədə olarkən bildim ki, qızımın psixoloji problemləri var. Atasına o yalanı da şüurlu şəkildə deməyib.
- Yoldaşınız necə bildi ki, əslində bu, qızının xəstə olduğu üçün söylədiyi bir yalandı?
- Bildi. Amma bu onun daş ürəyini yumşaltmadı. O, rayonda rüsvay olmasın deyə, bunları bilə-bilə yenə məni boşamağa israrlı oldu. Evdə olan iki uşağıma da psixoloji təsir edib deyə onlar mənimlə danışmaq istəmirlər. Telefon açıram, danışmırlar. Amma yoldaşımla bir neçə dəfə danışmışam. Uşaqlarımı soruşuram. Amma üzlərinə həsrətəm. Qızımı dəlixanada görəndə ona söz verdim ki, qızım, səni burdan çıxardacam. Məhkəmədə o qızımın qəyyumluğunu mənə verdilər. Yoldaşım da dəlixanada olduğu üçün o qızımdan imtina etdi. Nə isə, çətinliklə də olsa, qızımı ordan çıxardıb Bakıya yanıma gətirdim. Bir müddət bir yerdə yaşadıq. Sığınacaqda əvvəl onunla yaşadım. Bir gün dedi ki, evimə qayıtmaq istəyirəm. Dedim anan qurban, yanımda qal. Səni yola verməyəcəklər. Yenidən səni dəlixanaya aparacaqlar. Elə deyirdim, sakitləşirdi. Onlara qayıtdı. Yenə qızımı dəlixanaya qaytardılar.
Məhkəmədə də o mənə sübut edə bilmədi ki, mən xəyanət etmişəm. Çünki mən ona xəyanət etməmişəm. Polisdə də, məhkəmədə də övladın sözünə görə bir sübut olmadan biri ilə məni görmədən üstümə belə ləkə qoydular.
- Bəs indi barışıq ola bilər? Axı yoldaşınız da bilir ki, qızınız əqli cəhətdən xəstə olduğu üçün şüursuz şəkildə yalan deyib?
- (Üzümə bir dolğun sual dolu baxışla baxaraq "bunu soruşma” deməyə çalışdı. Sakitcə üzündən gözünün suyu süzüldü). Yox, barışıq olmadı. O mənim günahsız olduğumu bilə-bilə mənim üstümdə bu ləkəni saxladı ki, tanıyanlar birdən onu qınayar. O mənim günahsız olduğumu bilə-bilə daş ürəkli olub məni övladlarıma həsrət qoydu. Hansı qadın istəyər ki, sığınacağa sığınsın? Hansı ana istəyər ki, uşaqlarının qoxusuna, səsinə həsrət qalsın? Heç bir ana bunu istəməz.
- Bəs ananız niyə sizdən üz döndərdi? Axı o sizi tanıyırdısa, bilməliydi ki, onun qızı ailəsinə xəyanət edə bilməz...
- Anama birinci dəfə zəng vurub bunu deyəndə yoldaşıma deyib ki, ola bilməz. Sübut elə. Mənim qızımdısa, bunu eləməz. Amma rayon adamlarıdı. Polisə getdikdən sonra qardaşım da xəbər göndərdi ki, əgər ölmək istəmirsə, özü öz xoşu ilə burdan getsin. Anama da qadağa qoydu ki, mənimlə danışmasın. Sonradan bildilər ki, günahsızam. Amma nə fayda? Qardaşımın yoldaşı ilə arada telefonla danışırıq. Ondan inciməmişəm. Doğma qardaşım bacısına atılan böhtanla dərhal razılaşıb, məni həyatından sildi. İndi anamla da danışmıram. Çox çalışır ki, barışaq. Amma mənim içimi yandırdılar. Arada anam bura gücü çatan nə isə göndərir. Ərzaq, geyim. Amma mən danışmıram.
- Sığınacaqda vəziyyətiniz necədir?
- Mehriban xanımın Allah canına dəyməsin. O mənə kömək edib. Onun sayəsində bu gün burdayam. Düzdür, çətinliyimiz ola bilər, amma insanlığı unutmaq olmaz. O mənim doğmalarımın etmədiyi qucağı mənə açıb. Bunu həyatım boyu unuda bilmərəm.
- Bəs burda necə qidalanırsız, kim alır, kim bişirir?
- Mehriban xanım ehtiyaclarımızı ödəyir. Bura gələndən mən bişirirəm demək olar. Təbii ki, nə qədər yaxşı şərait belə olsa, yenə ailə istiliyi, ev şəraiti ola bilməz. Amma şükür ki, bura da var. Başımızı qışda sala biləcəyimiz bir dam var.
- Axı çox soyuqdu. Otaqlar buz kimidi Şəraitiniz çox çətindi...
- Bilirsiz, insan çarəsiz qalanda hər çətinliyə öyrəşir. Allah heç kimi belə sınağa çəkməsin. Mənim həyatım dağılıb. Amma istəməzdim ki, məndən başqa da qadınların həyatı dağılsın. Həqiqətən adı ağırdı. Sığınacaq!
- Allah sizə səbr versin. Yəqin nə vaxtsa həsrət qaldığınız digər iki övladınızla da barışarsız, onlar sizin günahsız olduğunuzu qəbul edəcəklər. Bu gün bir arzum, bir məqsədim var. Övladlarımı bağrıma basıb doyunca qucaqlayım. Onlara günahsız olduğumu sübut edə bilim.
(Davamı var)
Tahirə Məmmədqızı