“Doğma atamdan insanlıq görməmişəm, hər şeyə nifrət edirəm”“Bacılarımın aqibəti necə olacaq? Mən istəmirəm onlar küçələrə düşsünlər. Sığınacaqda bilirəm ki, bir tikə çörəkləri var, başlarının üstündə dam var”
(əvvəli ötən sayımızda)
Həyat həqiqətən mübarizə meydanıdır. Və meydanın bəzən sərt, yazılmamış qanunları, qaydaları olur. Bu qaydalar kiçik yaşlı qız uşaqlarını belə, qısa zamanda böyüdə bilir, ruhunu qocaldır. Türklər demiş, "Küçük kadınlar” bəzən məsum qızlıq dönəmlərini yaşamadan həyatın qucağına atılmış olurlar. Həm də çox çılpaq şəkildə. Kimisi xəyallarına bir anda "əlvida” demiş olur, kimisi elə bu xəyalların ardınca düşüb insan alverinin qurbanına çevrilir, kimisi də özünə bir sığınacaq tapıb orada yaşamağı qəbul edir.
Sığınacaqda həmsöhbət olduğum növbəti "kiçik yaşlı qəhrəmanım”ın cəmi 19 yaşı var.
Şərti adı Dəryadı.
Dəryaya qulaq asdıqca, əslində onun içində yaşanmamış bir uşaqlığın olduğunu görmək o qədər çətin deyil. 19 yaşında həyatın çox sərt tərəflərini görsə də, əslində yaşanmamış uşaqlığının həsrətindədi fərqində olmadan.
- Dərya, necə oldu gəlib düşdün sığınacağa? Valideynlərin varmı?
- Anam iki il əvvəl dünyasını dəyişib. Xəstəlik onu bizim əlimizdən aldı. 3 gün öncə atamı da itirdik. Atam da rəhmətə getdi. Atamın ölümü də müəmmalı oldu əslində. Gəncədəki uşaq evinin müdiri yığıb bildirdi ki, atan rəhmətə gedib.
- Hardan gəlmisən Bakıya? Yəni valideynlərin sağ olanda harda yaşayırdız?
- Ağdaşda yaşamışıq. Anam rəhmətə gedənə qədər orda yaşamışıq. Anamı da atam öldürüb. Yəni onun işgəncələri, içki içməyi anamı xəstə edib yatağa saldı. Yəqin mənə baxırsız, müxtəlif suallar vermək istəyirsiz?
- Əslində düzünü deyim, suallarım çoxdu. Amma bilmirəm necə ünvanlayım ki, qırıq qəlbini sındırmayım? 19 yaşlı qızın həyata nifrət etməsi üçün səbəb nədi?
- Mən Azərbaycanda yaşamağıma nifrət edirəm. Bunu çəkinmədən deyirəm. Çünki bizdə bir kimsəsiz qız görən kimi ona ovçu gözü ilə baxırlar. Düşünürlər ki, kimsəsizdirsə, demək ki, pis yolun yolçusudur. Buna görə hamıya nifrətim var.
- Hamıya nifrət etmək nə qədər düzgündü? Axı bu millətin hamısı pis ola bilməz.
- Düzdür e, yaxşı insanlar da hərdən olur. Amma mən yaxşılıq görməmişəm. Mən doğma atamdan belə insanlıq görməmişəm. Atam mənim ürəyimdə olan bütün arzularımı ürəyimdə qoydu. Bu gün mən o arzulardan çox uzaq bir cəhənnəmdə yaşayıram. Necə nifrət etməyim? Necə sevə bilim insanları? Siz deyin?
- Nə arzulayırdın ki, uşaq ikən?
- Oxumaq, ali təhsil almaq istəyirdim. Uşaq vaxtı məndən soruşanda, deyirdim oxuyub universitetə daxil olacam. Anama da deyirdim ki, səni mən saxlayacam. Ancaq oxumaq adı gələndə, atam hər zaman mənim başımdan vururdu ki, oxumağı yadından çıxart. Sən oxumayacaqsan. Evdə iş gör, vəssalam. Atam mənə qarşı nə qədər pis olsa da, həmişə onun adını uca etməyə çalışmışam. Amma o buna dəyər vermirdi.
- Bu gün hər iki valideynini itirmisən. Amma həyat davam edir. Bu gün təhsilini davam etdirməyə çalışa bilərsən. Həyatını dəyişmək hər insanın öz əlindədi həm də.
- Xanım, bundan sonra həyatımı necə dəyişə bilərəm ki? Mən oxumağı bacarmırdım. Məktəbə getmirdim, hərfləri öyrənməyə belə gec başlamışam. Bu yaşdan sonra nə qədər oxusam da, məktəb təhsili ala bilmərəm. Heç buna imkanım da yoxdu. Oxumaq üçün imkan, şərait, vaxt lazımdı.
- Yaxşı, ailə qurmaq barədə heç düşünmüsən? Gözəl, gənc xanımsan. Bəlkə qarşına o qədər imkanlı olmayan, amma insan biri çıxıb ailə qurmaq təklif etsə, bu sığınacaqdan çıxmaq istəməzdin?
- Qətiyyən. Əvvəla, elə insan qarşıma çıxmayıb. Amma heç vaxt ailə qurmayacam. Siz nə danışırsız? Mən həyatımın sonuna qədər ailə qurmayacam.
- Axı təklik Allaha məxsusdu. Bir isti ocaq, gözəl ailən olsa pis olar ki?
- Mən varlı oğlan barədə də düşünmürəm. Olub ki, məni imkanlı bir oğlan da sevib. Bilirdi ki, sığınacaqda yaşayıram. Amma mən razı olmadım. Mən ev-eşiyə, pula, paraya satılan biri olsaydım, indi sığınacaqda qalmazdım.
- Bir müddət uşaq evində də yaşamısan...
- Hə, uşaq evində də yaşamışam. Atamın işgəncəsindən canımı qurtarıb uşaq evinə getdim. Orda tədbirlərdə iştirak edirdim. Mən Gəncə uşaq evinə düşəndən sonra orda oxumağa çalışdım. Hətta 11-ci sinfin imtahanlarını yaxşı verdim. Təhsil almağı da istədim. İmtahanı verdim, düşdüm Ağdaşa. Elə Ağdaşın adını eşidəndə, kodumu cırıb tulladım. Çünki bir də Ağdaşa qayıtmaq istəmirdim. Ora mənim cəhənnəm həyatım olub.
- Bu qədər Ağdaşa da nifrət edirdin, ali məktəbə orda daxil olsan da, imtina etdin?
- İnanın, infrət edirəm. Bu gün də Ağdaş adı gələndə, mənim ağlım başımdan çıxır. Mən oranı yaddaşımdan silməyə çalışmışam.
- Bu qədər nifrət üçün əsaslı bir səbəb olmalıdı axı?
- Ora mənim həyatımın acı günlərini xatırladır. Mən bütün arzularımı Ağdaşda basdırıb gəlmişəm. O ev-eşiyi atıb çıxdıq ordan. İki bacım da məndən kiçikdilər. Onlar başqa sığınacaqda məskunlaşıblar. Mən özümün həyatı barədə düşünmürəm. Onlar üçün yaşayıram.
- Axı insanı həyatdan bu qədər küsdürən bir səbəb olmalıdı. Daxilən kövrək bir insan təəssüratı yaradırsan. Amma nədənsə, sərt görünmək istəyirsən?
- Mən 19 yaşına qədər çox şey görmüşəm. Atam rəhmətə gedənə qədər də bacılarım evdə olub, amma mən küçələrdə yaşamışam. Pis insanları, çətinliyi görmüşəm. Gecə qaranlıqlarda dalanlarda gizlənib sabahımı açmışam. Mənə yaxınlaşmaq istəyən kişilərin təcavüzünə məruz qalmayım deyə, arxamca gələn olduğunu görəndə tanımadığım qapıya tərəf yönəlmişəm ki, guya, evimə girirəm. Mənim elə bir günüm yoxdu ki, mən o günü xoş yaşayım, deyim ki, hə, bu illər ərzində bir günüm rahat keçib. O həyatı görməmişəm. Necə həyatımdan razı olum? Düzdü, əlim, ayağım yerindədir. Şükür edirəm buna. Amma mən 19 ildi yaşamıram. Sadəcə, nəfəs alaraq sürünürəm. Mən bu qədər əzabın içində atamın, anamın adına ləkə gətirən hərəkət etməmişəm. Pozğun yola düşməmişəm. Bir qarın çörək üçün özümü satmamışam. Mən istəməmişəm ki, kimsə mənə yazıq desin. Hətta bir manat pul qazananda, onu paltarıma verib geyinmişəm ki, kənardan sahibsiz, imkansız biri kimi görünməyim. Qarnımın ac olduğunu heç kim görməz, amma üst-başımın cırıq olduğunu görməsinlər. Bəlkə elə insanlar var ki, bilmirlər ki, mən kimsəsizəm. Dostlarımın yanında heç kimdən pis görünmürəm.
- Kimlərlə dostluq edirsən ki? Axı sənin kimi sığınacaqda yaşayan gənc xanımla hər insan da dost olmaq istəmir? Yəqin razısan bununla...
- Düzü, indi belə möhkəm dost olduğum heç kim yoxdu. Ümumiyyətlə deyirəm. Sadəcə, heç vaxt deməmişəm ki, uşaq evinin uşağıyam. Gedib kafedə işləmişəm, qab yumuşam, bir sözlə, işləyib pul qazanmışam.
- Nə umursan bu gün bu həyatdan?
- Özümlə bağlı artıq arzularım yoxdu. Heç nə arzulamıram. Bacılarımın oxumağını istəyirəm. Mən bilirəm ki, mənim həyatım dağılıb.
- İstəmirsən ki, sənə arxa duran bir həyat yoldaşın olsun? Ana olasan?
- İstəmirəm. Arzulamıram ailə qurum. Anamın nə əziyyət çəkdiyini görmüşəm.
- Hər bir gənc xanımın arzusudu gəlinlik geyinmək, övlad sahibi olmaq.
- Gəlinlik kəfən kimi görünür mənə. Anam da gəlinlik geyinib. Amma həyatı cəhənnəm olub. Sonra da torpağa gedib. Gəlinlik elə kəfən kimidi. Onu əyninə geyindiyin gün kəfən geyinmiş olursan məncə?
- Səni bu qədər sərtləşdirən nə isə var, dilə gətirmirsən.
- Heç nə. Həyat məni sərtləşdirdi. (Susur. Sadəcə, baxışlarını gizlədərək udqunur. O baxışlar o qədər söz deyə bilir ki).
- Sevgidən zərbə almısan? Bir gənc qızın xəyallarını adətən sevgi bu qədər dağıda bilir...
- Mən ailələri də görürəm. Ailəsizləri də görürəm. Mən mənə arxa duracaq bir kişinin olmasına inanmıram.
- Heç kimə həyatda inanmırsan ki?
- Yox, niyə ki? İnandığım adamlar da var. Amma heç kimlə ailə qurmaq istəmirəm.
- Əvvəllər də belə fikirdə idin?
- Düzünü deyim, əvvəllər ailə qurmağı arzulayırdım. Deyirdim sevdiyim insanla ailə quracam, qapıdan "Vağzalı” ilə çıxacam. Anamdan sonra hər şey dəyişdi.
- Bəs sabahın barədə düşünürsən?
- Səmimi desəm, yox. Bir neçə müddət qorxum var idi ki, sığınacaq bağlanacaq. Düşündüm ki, mən cəhənnəm, küçədə də yata bilərəm. Bacılarımın aqibəti necə olacaq? Ondan qorxurdum. Çox qorxuram bu gündən. Mən çətinliyə öyrəşmişəm. Amma bacılarımın küçədə qalmağını istəmirəm. Mən hardasa işləyib bir tikə çörək tapacam.
- Amma harda yaşayacam?
- Bacılarımın aqibəti necə olacaq? Mən istəmirəm onlar küçələrə düşsünlər. Sığınacaqda bilirəm ki, bir tikə çörəkləri var, başlarının üstündə dam var. Kimsə onlara toxunmaz. Burdan çıxarılası olsaq, necə olacaq sonumuz? Bilirsiz, məsləhət vermək, "səbirli ol, düzələcək” demək asandı. Bunu hamı bizə deyir. Amma evsiz-eşiksiz küçələrdə yaşamaq, ac qalmaq real həyatda asan deyil. Buna insan tab gətirə bilmir. Şükür ki, hələ pis yola düşməmişəm. Bu mənim güclü olduğumu göstərsə də, mən də insanam. Bir gün buna dözümüm qalmaya bilər. 19 yaşlı kimsəsiz qız nə qədər güclü ola bilər ki? (Çox çalışdı ki, göz yaşını gizlətsin, bacarmadı).
- Nə bacarırsan?
- Əlimdən çox iş gəlir. Rəqs edə bilirəm. Nə bilim, uşaqlıqda aktrisa olmağı arzulayırdım. Klounluq edə bilərəm. Sadəcə istəməmişəm ki, kiminsə qabağında rəqs edib pul qazanım. Bilirsiz ki, rəqqasələrə də pis baxırlar.
- Gizlətdiyin nədi? Səni kim belə küsdürüb? Sevdiyin insan?
(Üzümə baxır, susur. O baxışı ilə sual verir susqun-susqun. "Danışım? Nə dəyişər?” deyir sanki). Sevmişəm. Həm də saf hisslərlə. Elə çox sevmişəm ki. (Gözündən süzülür göz yaşları).
Mən and içmişdim ki, həyatımda bir oğlanı sevəcəm. Bir insanı da sevmişəm. Bu günə qədər də yalnız onu sevmişəm.
- Ayrılığınızın səbəbi nə oldu?
- Ayrılığımızın səbəbi atam olub. Atamın içki içməyi, evimizdə olan çətin vəziyyətə görə atdı məni. Amma o da sevirdi. Sadəcə, atamın onlara olan hörmətsizliyi, içki aludəçisi olmasını oğlanın ailəsi qəbul etmədi. Yəni bu ailədən olan qızı ailələrinə gəlin istəmədilər. Beləcə, həyatım dağıldı. Mən o gündən ailə qurmayacağıma söz verdim. Mən sevgimi Ağdaşda həmin gün basdırdım.
Bu da 19 yaşlı qızın həyat hekayəsi oldu. Əslində bu qızın yenidən həyata bağlanması, qəhrəmanımın yenidən insanlara, sevgiyə inamının yaranması üçün psixoloq məsləhətinə, kənarda olanların diqqətinə ehtiyacı var. Sığınacaqda olan adının demək istəməyən bir qəhrəmanım isə çox danışmaq istəmədi.
Şərti adı Aytən olan bu kiçik yaşlı qızla çox ünsiyyət yaratmağa çalışsam da, o, insanlara nifrətlə yanaşırdı. Onun gözündə bəşəriyyət yalnız zalım və əxlaqsızlardan ibarət idi.
Atası tərəfindən işgəncələrə, sonda cinsi təcavüzə məruz qalan bu gənc xanımın həyatı da bir gecənin içində dağılmışdı. Aylarla bu dəhşəti hamıdan gizlədən, zaman-zaman atasının iyrənc təcavüzünün qurbanı olan bu qız sonda qadın sığınacağına üz tutmalı olub. Aytəni ora gətirən yol qısa olsa da, çətin və əzablı olub. Sonda o sığınacaq onun məkanı olub. Bir gənc qızın atası tərəfindən zorlanması qədər ağır nə isə ola bilərmi?
Bəzən zəif, bəzən zərif sandığımız qadınların diqqətə və qayğıya ehtiyacı var. Amma ailəsindən uzaq düşən, kimsəsizlik yaşayan, bəzən var ikən qohumlarının yoxluğunu yaşayan, sığınacaqlara üz tutan qadınların isə daha çox köməyə, diqqətə və qayğıya ehtiyacı var. Bir qadını aclıq əzə bilər, diqqətsizlik isə öldürə bilir. Onları bu mənəvi ölümdən qurtarmaq üçün bir qədər diqqətimizi Allah yolunda əsirgəməyək!
Tahirə Məmmədqızı