Qanlı hadisələri önləmək lazımdır

İçkili ərlərin nazına dözən qadınların aqibəti sonda faciəyə səbəb olur
“Niyə axı gözləməliyik ki, kimsə öldürülsün, bıçaqlansın, baltalansın”




Qadına qarşı növbəti zorakılıq faktı Hacıqabul rayonunda qeydə alınıb. Rayon sakini, 33 yaşlı Xalidə Nurəddin qızı Qəmbərovaya həyat yoldaşı ağır xəsarət yetirib. Hacıqabul Rayon Xəstəxanasına yerləşdirilən X.Qəmbərovaya ağır kəllə-beyin travması diaqnozu qoyulub. Başına gələnləri KİV-ə danışan X.Qəmbərova deyib ki, həyat yoldaşı Adəm Qəmbərov daim içkili olurmuş, onu təhqir edirmiş, lakin xəsarət yetirmirmiş. Hadisə baş verən gün həyat yoldaşı evə yenə içkili vəziyyətdə gəlib, körpə uşağının boynuna yanan siqaret basıb. Ana buna etiraz edəndə A.Qəmbərov qadına "səni öldürəcəyəm” deyib və arxa tərəfdən həyat yoldaşının baş və boyun nahiyələrinə balta ilə zərbə endirib. Qadın huşunu itirib yıxılıb. X.Qəmbərova həyat yoldaşının narkotik vasitələrdən istifadə etdiyindən də şübhələnir.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə ill bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, qadınların zorakılığa məruz qalması qəfil baş vermir, ölüm, insan həyatına qəsd hallarına zaman keçdikcə zəmin yaranır:

- Qadın deyir ki, həyat yoldaşı hər gün evə içkili gəlirmiş, onu təhqir edirmiş. Bəlkə narkotik maddə də qəbul edirmiş. Deməli, bu ailədə uzun müddətdir, bəlkə də illərdir eyni zorakılıq halları təkrarlanırmış. Kişi içkili evə gəlir, qadını təhqir edir, evdə dəhşətli bir aura var, dəhşətli mənzərə yaşanır. Amma qadın balta ilə zədə alıb hüşunu itirənədək bu vəziyyət davam edir. Qadın o zaman artıq dözmür, nə vaxt ki, uşağın boynu siqaretlə yandırılır. Axı buna qədər də evdə söz-söhbət, dava-dalaş, təhqirlər olub. Bütün bu baş verənlər real təhlükənin siqnalıdır. Niyə axı gözləməliyik ki, kimsə öldürülsün, bıçaqlansın, baltalansın, sonra bu barədə danışaq, müzakirələr açaq?! Hadisələrin baş verməsinin önlənməsinə çalışmalıyıq. Xüsusilə də belə vəziyyətlərdə ailənin digər üzvləri, valideynlər və icma günahkardır. Bizim İctimai Birliyə də, sığınacağa da zorakılığa məruz qalmış qadınlar müraciət edir. Məhkəmə çəkişmələri olur, hüquqlarının müdafiəsini istəyirlər, sığınacaqda qalmaq istəyənlər olur və s. Bu qadınlar həyat hekayələrini danışanda, adətən eyni halların şahidi oluruq; ailədə söz-söhbət yaranıb, ər-arvad münasibətləri pisləşib, kişi qadına zor tətbiq edib, uşaqları döyüb, arvadı döyüb, amma valideynlər bu vəziyyətlərdə ortaya çıxıb qadını sakitləşdirməyə çalışırlar ki, "keçib gedər, heç nə olmaz, bu gün döyər, sabah sevər, dözməlisən, biz də belə olmuşuq”, kimi "sakitləşdirici” sözlər deyirlər. Və çıxıb gedirlər. Ailə yenə özbaşına qalır və zorakılıq da davam edir. Halbuki həm valideynlər, həm də ümumilikdə icma - yaxın qohumlar, qonşular təhlükəni önləyə bilər. Çünki zorakılıq hadisəsi bu insanların şahidliyi ilə baş verir. Məhz valideynlər və icma təhlükəni önləməyə qadirdirlər. Ən azından zorakılığa məruz qalan qadını müvəqqəti də olsa oradan uzaqlaşdırmalıdırlar. Amma görürük ki, heç kəs buna səy etmir, köməklik göstərmir. İnsan həyatı üçün risk varsa, bu zaman məsələ "ailədaxili” olmaqdan çıxmalıdır. Münaqişəli ailələrə xüsusi nəzarət mexanizmi tətbiq edilməlidir ki, təhlükəni önləmək mümkün olsun. Bu iş də valideynlərdən və icmadan asılıdır. Hər gün evə içkili gələn və həyat yoldaşını təhqir edən adamdan bundan daha ağır hərəkətlər edəcəyi tamamilə gözləniləndir. Bəs nə üçün bunu valideynlər, yaxın qohumlar, qonşular görmür və ya görürsə də, niyə təhlükəni qabaqlamağa səy göstərmirlər? İcma təhlükənin qarşısını ala bilər. Hər iki tərəfi xilas edər. Amma heç kim maraqlanmır, sonunda da belə faciələr yaşanır. İndi nə olacaq? Qadın xəstəxanadadı, uşaq yanıq xəsarəti alıb, ər də cinayət məsuliyyətinə cəlb olunub. Belə "yaxşıdır”, yoxsa əvvəldən hadisələrin qarşısını almaq?!

M.Zeynalova qadına qarşı zorakılıqların qarşısının alınmamasında telekanalları da günahlandırdı:

- Bir çox telekanallar tok-şou proqramlarına dəvət etdikləri zərərçəkmiş qadınları müvəqqəti olaraq sığınacağa yerləşdirməyimizi xahiş edir. Amma proqramın efir saatında sığınacaqların, qadınlar üçün xüsusi mərkəzlərin fəaliyyət göstərdiyi haqqında heç bir məlumat vermirlər. Sanki proqrama sadəcə, reytinq qazanmaq lazımdır. Zorakılığa məruz qalmış, döyülmüş, təhqir olunmuş, evdən atılmış, uşaqları əlindən alınmış, evdən qaçmış... qadınları verilişlərinə dəvət edir, 2-3 dəfə ard-arda verilişdə iştirakını təmin edir, amma bircə dəfə də demirlər ki, qadınlar üçün sığınacaqlar var, onları müdafiə edə biləcək mərkəzlər var. Həqiqətən də sığınacaqlar, mərkəzlər var axı. "Təmiz Dünya”nın sığınacağı, Uşaqlar Birliyinin sığınacağı, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ixtisaslaşmış mərkəzləri, "Qaynar Xətt”lər fəaliyyət göstərir. Verilişin sponsorunu təqdim edirlər, hər cür məhsulu reklam edirlər, heç olmasa arada bir dəfə də sığınacaqlar, mərkəzlər haqqında məlumat versinlər, verilişdə məlumat lövhələri yerləşdirsinlər, titrlərdə məlumat getsin. O verilişlərin tamaşaçı auditoriyası var, qoy qadınlarımız məlumatlansın, maariflənsin. Verilişlərinə ekspertlər dəvət edirlər, aparıcılar ekspertlərdən çox danışır. Özünüz danışacaqsınızsa, ekspertləri niyə çağırırsınız?! Bu məsələni Milli Teleradio Şurası da müzakirə etməli və telekanallara tövsiyyələr verməlidir. Telekanallar vasitəsilə geniş təbliğat aparmaq olar. Televiziyalar yalnız hadisə barədə xəbər verməklə, hadisənin başvermə səbəblərini müzakirə etməklə kifayətlənməməlidir. Çalışmaq lazımdır ki, qadınlara qarşı zorakılığın qarşısı alınsın, faciələr önlənsin.

M.Zeynalova həyat yoldaşına zorakılıq tətbiq edən kişilərin heç də hamısının içkili və ya narkotik maddə istifadəçi olmadığını dedi:

- Bəzən zorakılıq hadisəsi düşünülmüş, əvvəlcədən planlanmış olur. Ailənin 5 üzvünü qətlə yetirən adamın heç bir psixoloji problemi yoxuydu. Əvvəlcədən plan qurub, yavaş-yavaş da niyyətini icra edib. Bir var, anlaqsız vəziyyətdə cinayət törətmək, bir də var, düşünülmüş şəkildə. İçkili və narkotik maddə qəbul etmiş şəxslər hərəkətlərinə nəzarət edə bilmir. Hazırda tərkibinə süni maddələr qatılmış narkotik həblər var ki, insanları vəhşi hala gətirir. O həblərdən qəbul edən adamlar ağlını itirir, heyvani hisslərlə hərəkət edir. Qadın həyat yoldaşının içkili olduğunu deyir, deməli, o adam anlaqsız vəziyyətdə olub. Qadına qarşı zorakılıqların qarşısının alınmasında bir problem də Cinayət Məcəlləsində ailədaxili zorakılıqla bağlı maddənin olmamasıdır. Ailədaxili münaqişələrə və bu zəmində baş vermiş zorakılıqlara, qətl hadisələrinə insan həyatına sui-qəsd, adamöldürmə, ölümə səbəbolma kimi maddələrlə baxılır. Məişət zorakılığı və qadına qarşı zorakılıq xüsusi maddə ilə mühakimə edilməlidir.

Məlahət Rzayeva