“Qanuni oğrular” Putinə qarşı...

Onların içərisində azərbaycanlılar da var



Rusiyada "qanuni oğruların” həbsinə yenidən start verilib. Diqqətçəkən məqam isə həbs olunan "oğrular” arasında azərbaycanlıların çoxluq təşkil etməsidir. Ötən gün Moskva polisi "qanuni oğrular”ın Krasnoqorsk rayonunda "Novo Rijskaya zastava” restoranında keçirdiyi əməliyyata basqın edərək Vaqib Bakinski kimi tanınan 49 yaşlı Vaqif Süleymanovu və Rəşad Gəncinski kimi tanınan 36 yaşlı Rəşad İsmayılovu saxlayıb. Çelyabinsk vilayətinin polislərinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində isə kriminal avtoritet İlham Osmanov həbs olunub.

Xatırladaq ki, 20 gün əvvəl Moskvanın "Abşeron” restoranında baş vermiş atışma azərbaycanlı iki "oğru” qruplaşması arasında olub. Ümumilikdə, 2014-cü ilin sonunda və 2015-ci ilin əvvəlində kriminal tərəflər arasında bir neçə silahlı insident baş verib. Rus mətbuatı yazır ki, polisin qanuni oğruların görüşünə mane olması və kütləvi həbslər həyata keçirməsi son zamanlar Rusiyada kriminal aləmin aktivləşməsi ilə bağlıdır. Bəzi ekspertlər avtoritetlərin fəallaşmasını xaricdə və daxildə Putinə qarşı təzyiqlərlə əlaqələndiriblər. Amma bunun əksini düşünənlər, yəni "qanuni oğruların” bilavasitə Kreml rəhbəri tərəfindən himayə olunduğunu və hakimiyyət tərəfindən qızışdırıldığını iddia edənlər də var.

Ədliyyə nazirinin keçmiş müavini, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq”ə deyib ki, Vladimir Putinə qarşı olan mənfi münasibətdən və təzyiqlərdən sonra kriminal aləmdə canlanma müşahidə olunur: "Çox güman ki, Putin prosesləri qabaqlamaqdan ötrü ciddi tədbirlər görməyə başlayıb. Çünki ölkədə geniş vüsət almağa başlayan xalq hərəkatlarına, çıxışlarına kriminal aləmin də qoşulması daha mənfi nəticələrə gətirib çıxara bilər. Düzdür, hələlik kriminal avtoritetlərin ciddi aktivləşməsi müşahidə olunmur. Amma görünür, azacıq fəallaşma belə hökuməti qorxutmağa kifayət edir. Ona görə də profilaktik tədbirlərə əl atılır. Ümumiyyətlə, Rusiyada azərbaycanlılara qarşı hər zaman güclü nəzarət olub. Hesab edirəm, bu da onun bir tərkib hissəsidir. Yəni vəziyyətdən istifadə edən hökumət həmyerlilərimizə qarşı təzyiqi bir az da artırmağa başlayıb”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay isə deyib ki, ölkədəki avtoritet aləmə Putinin özü nəzarət edir: "Kriminal aləmi yaxından müşahidə edən bir tədqiqatçı kimi Rusiyadakı avtoritet rejimin Putinə qarşı çıxdığını güman etmirəm. Çünki Putin hakimiyyətini "KQB”-nin və kriminal avtoritetlərin ələ alınması hesabına qurub. Kreml rəhbəri öz hakimiyyətini möhkəmləndirmək üçün həmişə xüsusi xidmət orqanlarından və kriminal aləmdən istifadə edib. Kriminal aləmdəki avtoritetlər də müəyyən yollarla Rusiya hakimiyyətinə tabe olublar”. Kriminalistin fikrincə, Rusiya hakimiyyəti "oğru” aləmində vaxtaşırı dəyişiklik edir: "Hakimiyyət avtoritetləri sıradan çıxartmaqla, aralarında qarışıqlıq yaratmaqla onların nisbətən zəiflədilməsinə nail olur. Azərbaycan "oğrularına” qarşı son dövrlər artan təxribatların arxasında da müəyyən məqsədlər dayanır. Görünür, Azərbaycanın "kriminal diasporasını” zəiflətməyi qarşısına məqsəd qoyan hakim dairələr var. Amma bu oyunlarda iplərin ucu Putinin əlindədir. Kreml rəhbəri kriminal vəziyyəti tamamilə nəzarətdə saxlayır. Həm həbsxanalarda, həm də bayırda kriminal strukturları idarə edir”.

İsmayıl