Qapılar bağlanır... - Saakaşvili artıq Qərbə də lazım deyil
Yoxsa onun əlləri qandallı Polşaya deportasiyası belə asanlıqla baş tutmazdı
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanı tərk edib. Saakaşvili Kiyevdən Polşaya uçub. Məlumata görə, eks-prezident mediada yayıldığı kimi deportasiya yox, readmissiya edilib. Readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması deməkdir.
Saakaşvili Kiyev şəhərində, "Suluquni” restoranının yaxınlığında saxlanılıb. Helikopterlə Borispol aeroportuna aparılan Saakaşvili Polşa paytaxtına göndərilib. Əldə edilən videogörüntülərdə üzü maskalı 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxması və daha sonra saçlarından dartaraq çölə çıxarması əksini tapır. Hadisədən sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib. Saakaşvili bildirib ki, Polşada ona dövlət mühafizəsi ayrılıb: "Məni qonaqpərvərliklə qəbul etdilər, artıq Polşa parlamentinin deputatları ilə görüşmüşəm”. Gürcüstanın sabiq prezidenti Ukrayna televiziyasına verdiyi müsahibədə ölkəyə qayıtmaq üçün yollar axtardığını deyib: "Təbii ki, Ukraynaya qayıdacam, bunu necə etməyin yollarını tapacam”. Siyasətçi Ukraynaya qayıtmaq üçün qanuni yollar axtaracağını əlavə edib.
"Saakaşvilinin buna haqqı yoxdur”
Hadisəyə münasibət bildirən Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Mixail Saakaşvili Ukraynada siyasətlə məşğul ola bilməz: "Mixail Saakaşvili Ukrayna vətəndaşı deyil və Ukraynada siyasətlə məşğul ola bilməz. Buna görə də o, bizim qanunvericiliyə uyğun olaraq ölkədən deportasiya edilib. Mənim prezident öhdəliklərim sırasında onun taleyini müəyyənləşdirmək yoxdur. Bununla Miqrasiya Xidməti məşğul olmalıdır. Mən istəməzdim onu Ukraynadan deportasiya edək”.
ABŞ ekspertləri Saakaşvilidən nələr dedi?
Amerikalı siyasi ekspert Maykl Karpenter Saakaşvilinin deportasiyasına münasibət bildirib. O deyib ki, Saakaşvilinin deportasiyasından nə Gürcüstan, nə də Ukrayna mənfəət əldə edəcək: "Əgər Saakaşvili deportasiya olunursa, bu, Ukrayna üçün pisdir. Gürcüstan üçün isə daha pisdir. Saakaşvili ziddiyətli fiqurdur, ancaq siyasi polarizasiyaya gətirib çıxaracaq oyundan nə Gürcüstan, nə də Ukrayna qalib çıxacaq”. Beynəlxalq məsələlər üzrə ekspert Maykl Botsyurkiv isə bildirib ki, Saakaşvilinin deportasiyası Ukraynada prezident seçkiləri kampaniyasının başlandığına işarə edir: "Aydın görünür ki, Poroşenko meydanı xarizmatik və qıcıqlandırıcı rəqibdən təmizləyir”. Elmi mərkəzin əməkdaşı Dayan Fransis də qeyd edib ki, Ukrayna məhkəməsi beynəlxalq hüququ rədd etdi, çünki Saakaşvili siyasi düşməndir: "Bu fakt təsdiqlədi ki, Ukraynada hüququn aliliyi hələ mövcud deyil”.
"Zibillərini bəhanə edib, Saakaşvilini qovdular”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski eks-prezident Mixail Saakaşvilini ölkədən çıxarmaq qərarını tənqid edib. O, bu qərarın Avropa dəyərlərinə uyğun olmadığını bildirib: "Ukrayna Avropaya, Avropa dəyərlərinə yönəldiyini iddia edir. Bu isə ilk növbədə, tolerantlıq, demokratiya, plüralizmdir. Lakin buna baxmayaraq, Kiyev zibillərini bəhanə edib keçmiş qubernatorlarını və siyasi partiya liderini vətəndaşlıqdan məhrum edib. İndi də ölkədən çıxardılar”.
"Saakaşvilinin siyasi karyerası yaxın illər üçün eniş dövrünü yaşayacaq”
Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Mixail Saakaşvili güclü siyasətçidir, əsl mübarizdir, başı ilə divarı yarmağa hazırdır. Ancaq bütün bunlar bir yerə qədər keçərlidir: "Ukrayna hakimiyyəti onu məcburi Polşaya deportasiya etdikdən sonra sərhədi elə qapadacaq ki, Gürcüstanın keçmiş prezidenti bir daha Ukraynaya ayaq basa bilməsin. Əlbəttə, Saakaşvili yenə cəhd edəcək, ancaq çətin olacaq. Gürcüstan və Ukrayna Saakaşvilinin üzünə xeyli müddət qapalı olacaq. Deməli, Saakaşvilinin siyasi karyerası yaxın illər üçün eniş dövrünü yaşayacaq. Gürcüstanda və Ukraynada onun tərəfdarları qələbə çalmalıdır ki, Saakaşvili ya Tbilisiyə, ya da Kiyevə qayıda bilsin. Bunun da perspektivi hələ ki, qaranlıqdır. Qərbə və Polşaya siyasətçi Saakaşvili lazım deyil, uzaqbaşı, Qərbin məşhur universitetlərindən birində dərs deyə bilər. Doğrusu, onsuz maraqsız olacaq. Ancaq Tbilisi və Kiyevə belə "maraqlı” siyasətçi lazım deyil. Heç Qərbə də lazım deyilmiş, yoxsa Saakaşvilinin əlləri qandallı Polşaya deportasiyası belə asanlıqla baş tutmazdı”.
İsmayıl