Qar yağdı, kiminin işığı kəsildi, kiminin qazı

Əyalətlərdə isə vətəndaşlar əlinə balta alıb odun axtarmağa başladı



Azərbaycanda dövlət qurumlarının fəaliyyətini qiymətləndirmək üçün havaların bir balaca soyuması və qarın yağması kifayət edir. Bəli, bu dəfə də Bakıya yağan qar müvafiq dövlət qurumlarının üzünü qara etdi. Əslində burada bizim üçün yeni heç nə yoxdur.

Çünki hər dəfə qış öz sərt üzünü göstərəndə, yağıntının miqdarı normadan çox olanda paytaxt Bakının müxtəlif ünvanlarında yaşayan vətəndaşlar bir-birindən fərqli problemlərlə qarşılaşırlar. Yolların yağış suyuna qərq olması, şaxta səbəbi ilə buz bağlaması nəqliyyatın hərəkətində bəzi problemlərə yol açır. Evlərə elektrikin verilişində fasilələr yaranması, mavi yanacağın təzyiqində azalma, su xəttində donma hallarının müşahidə olunması məişət qayğılarının birə-beş artmasına gətirib çıxarır. Hansı ki hələ Bakıya ilk qar yağan zaman şəhər əhalisi sosial şəbəkələri ayağa qaldırmışdı. Kimi suyun, kimi işığın, kimi də qazın kəsilməsinə etiraz edirdi ki, qış hələ qabaqdadır. Aidiyyəti qurumlar bu problemlərin qarşısını almaq üçün bir tədbir görsünlər. Təbii ki, həmişəki kimi dövlət qurumları xalqın etiraz səsini eşitməmək üçün qulaqlarına pampıq tıxayıb, qış yuxusuna getdilər. Bəxtlərindən də xeyli müddət idi Azərbaycanda hava şəraiti mülayim keçir, qar, çovğun Bakımızdan uzaq gəzirdi. Artıq fevral ayı da yarı keçib, deyə düşünən məmurlar tam rahatlamışkən, qış özünün sərt üzünü göstərdi. Qar gəldi, nə gəldi?! Xülasə, ta ilk qardan üzü bu yana sadalanan problemlər yenidən üzə çıxdı. Halbuki qış yuxusuna gedən aidiyyəti qurumlar paytaxt sakinlərinin də başının altına yastıq qoymuşdu ki, Bakı növbəti qara hazırdır. Ayrı-ayrılıqda müvafiq dövlət qurumlarının hər biri Bakıda əhalinin elektrik, qaz, su və digər sahələrdə problemlə üzləşməyəcəyini iddia edirdi. Sən demə, bütün bunlar Bakı sakinlərinə danışılan "Cırtdan nağılı” imiş. Bakı qara təslim olan kimi isə sosial şəbəkələrdə "Soyuq divarlar arxasında qaranlıq sifətlər” nağılı başladı.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Müvafiq qurum sözçüləri hər nə qədər Bakının qışa hazır olduğunu, istehlakçılara fasiləsiz xidmət göstərilməsi ilə bağlı vədlər versələr də, mənzərə göz qabağındadır. Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da inhisarçı qurumlar tərəfindən vətəndaşların hüquqlarının kobud şəkildə pozulduğunu deyib: "Bir-iki saat bundan qabaq Sabirabadın kəndindən bir vətəndaş mənə zəng vurub ki, Eyyub müəllim, biz elə yerdə yaşayırıq ki, burada nə meşə var, nə də yandırmağa çör-çöp. Həmin kənd Bakıdan cəmi 100 kilometr uzaqlıqda yerləşməsinə rəğmən orada qaz yoxdur. İşığı da kəsiblər. Təsəvvür edin ki, paytaxtın 100 kilometrliyində əhali qızınmaq üçün mal təzəyi yandırır. Bu, Azərbaycan adına ayıb olan bir faktdır. Qazı, işığı kəsilən istehlakçı da isinmək üçün əlinə balta alıb, dəmiryollarını, yaxud da, qonşunun qapı-pəncərəsini sökəcək”. AİB sədri hesab edir ki, istehlakçılara enerji verən qurumlar bir agentlikdə birləşdirilməlidir. Əhaliyə verilən işıq kəsiləndə avtomatik olaraq qazı artırmalıdır ki, əhali çətin vəziyyətdə qalmasın: "Hər birinə fərqli qurum nəzarət etdiyi üçün işıq kəsilir, arxasınca da qaz kəsilir. Bu isə birmənalı olaraq, istehlakçı hüquqlarının pozulmasıdır. Faktiki olaraq, müvafiq dövlət qurumları qış aylarında istehlakçılara təcavüz edirlər. Azərbaycanda vahid enerji agentliyi yaradılmayana qədər də bu anormallıq davam edəcək. Artıq adət halını alıb ki, bu vaxtları biz yalançı vədlərlə rastlaşırıq. Xüsusən də, təzə binalarda yaşayan sakinlər çox çətin anlarla üzləşirlər. Biz hər dəfə İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri ilə görüşəndə bu məsələni ön plana çəkirik. Bu artıq qlobal istehlakçı problemləridir”.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda istehlakçı hüquqları qorunmadığından müvafiq qurumlar da bundan yararlanıb, öz işlərinə biganə yanaşırlar: "Ölkədə istehlakçıların mənafelərinin kifayət qədər qorunmamasından istifadə edərək dövlətimizin qanunlarını kobud şəkildə pozurlar. Halbuki "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 11-ci maddəsində də qeyd olunub ki, inhisarçı qurum istehlakçıları fasiləsiz xidmətlə təmin etməlidir. Sözügedən qurumların da hər biri inhisarçı qurumlar sayılır. Və bizdə istehlakçıların başqa qurumların xidmətindən yararlanmaq hüququ da yoxdur. Ona görə də müvafiq qurumlar istehlakçıları fasiləsiz xidmətlə təmin etməlidirlər. Amma bunlar öz maraqlarından çıxış edib, istehlakçıların hüquqlarını pozurlar”.

Şəymən