QARAbağ çox uzandı
Gizli danışıqlar Soçi, Parisdən sonra indi də Nyu-Yorka daşınacaq
Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə prezidentlər səviyyəsində baş tutan görüşün yekununda konkret sənəd, bəyannamə qəbul edilməsə də, siyasi təhlilçilər danışığın nəticəsiz başa çatdığı qənaətinə gəlməyə tələsmirlər. Diqqət çəkən detallardan biri prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunmasıdır.
Əlbəttə, bu, kifayət qədər böyük zaman kəsiyidir və keçən vaxt ərzində ortaya atılan "böyük sülh sazişi” öz əhəmiyyətini itirə bilər. Ancaq xarici mənbələrin yazdığı kimi, görüşdə atmosferin "isti” olduğunu nəzərə alsaq, böyük sülh sazişi ilə bağlı şifahi formada da olsa, prinsipial razılığın əldə olunduğunu iddia etmək olar.
Görüş iştirakçılarının total susqunluğu da bununla əlaqələndirilir. Yəni hesab edilir ki, vaxtından əvvəl, daha doğrusu, konkret və ortaq bir sənəd hazırlanmamış məsələni ictimai fikirdə açıb-ağartmağa ehtiyac yoxdur. Lakin iddia edilir ki, Qərb özünün müvafiq "beyin mərkəzləri” və sahə mütəxəssisləri ilə ciddi şəkildə işin içindədir. Təbii ki, prosesdən rəsmi Moskva da xəbərdardır. Ermənistanda anti-Sarkisyan və rusiyayanlı müxalifətin qəflətən fəallaşması da bunun mühüm əlamətlərindən sayılır. Ona görə Qərb Kremli də danışıqlar prosesinə qoşmağa çalışır. Çünki ekspertlərin fikrincə, "böyük sülh sazişi”ni ayrılıqda nə Qərb, nə də Rusiya reallaşdıra bilər. Münaqişə tərəflərinin mövqeyinə gəlincə isə, Ermənistanın plandan elə də razı olmadığı deyilir. Çünki işğalçı kimi əvvəlcə Ermənistandan real addım atmaq tələb edilir. Ermənistanın başqa bir rahatsızlığı isə Azərbaycanın sensasiya sayılacaq yeni şərti ilə əlaqəlidir. Söhbət ondan gedir ki, Bakı prinsip etibarilə "böyük sülh sazişi” üzərində işə başlamağa etiraz eləmir. Ancaq maksimum tələblər irəli sürür. Məsələn, ilkin mərhələdə 7 rayonun boşaldılması, Laçın dəhlizinin saxlanması qarşılığında Mehridən Naxçıvana dəhlizin açılması təklifini ortaya qoyur və Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğunu bəyan edir. Xarici işlər naziri Elmar Məmmədyarov da Paris görüşünün nəticələrinə dair çıxış edərkən "böyük sülh sazişi” layihəsinin zəruriliyini vurğulayıb.
Paris görüşünü və mediada danışıqlar barəsində gedən müzakirələri şərh edən politoloq Zəfər Quliyev görüşün nəticələri ilə bağlı konkret fikir söyləməkdə çətinlik çəkir: "İndiyə qədər keçirilən bütün görüşlər bağlı qapılar arxasında olub. Budəfəki Paris görüşü isə tamamilə qapalı rejimdə baş tutub. Görüş barəsində mətbuata çox az informasiya sızıb. Danışıqlarda hansısa məsələdə razılıq əldə edildiyini, "böyük sülh sazişi”nin müzakirə mövzusu olduğunu iddia edən siyasi ekspertlər sadəcə kahinlik edirlər. Paris görüşündən əvvəl də demişdim ki, danışıqlarla bağlı optimist gözləntilərim yoxdur. Çünki real nəticəyə nail olmaq və danışıqlarda irəliləyiş əldə etmək üçün siyasi vəziyyət yetişməyib. Birincisi, Azərbaycanın və Ermənistanın geosiyasi mövqelərində heç bir real yaxınlaşma yoxdur. Regiondakı siyasi gərginlik də müsbət sıçrayış üçün əlverişli deyil”.
Politoloqun sözlərinə görə, Paris görüşünü uzun fasilədən sonra danışıqlar prosesinin başlanğıcı kimi dəyərləndirmək olar: "Görüşə təşəbbüs edilməsini və reallaşmasını müsbət qiymətləndirirəm. Ola bilsin ki, yaxın müddətdə prosesdə ciddi dəyişikliyin də şahidi olduq. Ermənilərin Laçın dəhlizi tələbinə cavab olaraq, Azərbaycanın Naxçıvana keçmək üçün Zəngilandan dəhliz tələb etməsi məsələsini mən də eşitmişəm. Bunun nə qədər doğru, ciddi və ya qeyri-ciddi olduğunu deyə bilmərəm. Ancaq fikrimcə, heç bir təklif danışıqlar masasına boşuna gətirilmir. Əgər rəsmi Bakının belə bir tələbi olubsa, deməli Azərbaycan tərəfi ciddi şəkildə nəyəsə güvənir. Hesab edirəm, Azərbaycan real sıçrayışa arxalanır”.
Siyasi ekspert Ərəstun Oruclu isə bildirib ki, münaqişənin həll ediləcəyini düşünmək əvvəlkinə nisbətən qat-qat çətindir. Onun sözlərinə görə, görüşdən əvvəl verilən bədbin proqnozlar özünü doğrultdu: "Bir il öncə Rusiya ilə Qərb arasında müəyyən anlaşmalar, münasibətlər var idi. İndi isə Ukrayna və digər məsələlərə görə qarşıdurma güclənib. Rusiya və Qərbi təmsil edən Fransa
ilə ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq, onların bu gün ortaq məxrəcə gələcəyi qeyri-mümkündür. Rusiya münaqişənin həllində maraqlı deyil. Çünki bunun baş verməsi Moskvanın Azərbaycan və Ermənistan üzərində təsir imkanlarının itirilməsi deməkdir. Qərb isə münaqişənin həllində maraqlıdır, yaxud ən azından, münaqişə tərəflərinə təsir imkanlarını artırmaq istəyir”. Ə.Oruclu Qərbin istəsə belə münaqişənin həllində real nəticələr əldə edə biləcəyini düşünmür: "Çünki Ermənistan bu gün təkcə MDB və KTMT-də təmsil olunmur, həm də Rusiya ilə hərbi öhdəliklərə malikdir. Bundan başqa, Gömrük İttifaqına daxil olub. Nəhayət, son günlər erməni müxalifətinin Sarkisyan hakimiyyətinə ciddi təzyiqləri var. Belə olan şəraitdə Ermənistanın güzəştə gedəcəyini düşünmək mümkün deyil. Münaqişənin həlli üçünsə Ermənistan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qeyd-şərtsiz azad etməlidir”. Politoloq vurğulayıb ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olsa da, təşəbbüskarların məqsədi məhz münaqişə tərəflərinə təsir gücünü artırmaqdır: "Qərbin niyyəti Azərbaycan və Ermənistana təsiri artıraraq, Rusiyanın bu ölkələrə nüfuzunu azaltmaqdır. Lakin görünən odur ki, Avropa buna nail ola bilməyəcək”.
Analitikin sözlərinə görə, münaqişənin həlli ancaq hər iki ölkə Putin Rusiyasının layihələrinə tam şəkildə qoşulduğu halda mümkün ola bilər. Bu isə Azərbaycanın milli maraqlarına, müstəqilliyinə, ərazi bütövlüyü prinsiplərinə ziddir: "O baxımdan belə görüşlərin harada keçirilməsindən, Vaşinqtonda və yaxud Parisdə keçirilməsindən asılı olmayaraq nəticəsi olmayacaq. Sadəcə, Qərb Ukrayna böhranından sonra anlayır ki, postsovet məkanındakı münaqişələr nəinki Avropaya, eyni zamanda qlobal təhlükəsizliyə ciddi təhdiddir və istənilən vaxt alovlana bilər. Ona görə də çalışır ki, konfliktlərin həllində səylərini artırsın və bu yolla təşəbbüsü Rusiyanın əlindən alsın. Ancaq mövcud geopolitik konyukturada bu mümkün görünmür”.
İsmayıl