Sanitar və Texniki Təmizlik İdarəsi isə “tros”la iş görür
İt sürüləri paytaxtı "başına alıb”. Artıq xeyli vaxtdır ki, şəhərdə sahibsiz itlərin dolaşdığı haqda məlumatlar var. Bir-iki it olsa, nə vardı!.. Məsələ burasındadır ki, sahibsiz itlər sürü halında şəhərin küçələrində, yaşayış məntəqələrində dolaşır və əhali üçün real təhlükə daşıyırlar.
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakinləri Sanitar və Texniki Təmizlik İdarəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir ölçü götürülməyib. İdarənin əməkdaşları aşkar şəkildə etiraf edirlər ki, sahibsiz itlərlə mübarizə aparmaq üçün heç bir vasitəyə malik deyillər. Bu sətirlərin müəllifi kimi, şəxsən idarə ilə əlaqə yaradıb ərazidə səhər-axşam sərbəst dolaşan it sürüləri ilə bağlı narahatlığımı bildirmişəm. Telefon nömrəsi alıb əraziyə əməkdaşların gələcəyini söyləyiblər. Bir neçə gün keçəndən sonra mobil telefonuma zəng edən idarə əməkdaşı "gəlmişdik, amma itləri tuta bilmədik” deyib. Bir neçə gün sonra təkrar müraciət etdikdə, idarənin işçisi etiraf etdi ki, "bacı, biz itləri tuta bilmirik, əlimizə bir "tros” veriblər, "tros”la it tutmaq olar?! İt bizi görəndə qaçıb gedir, necə tutaq?” deyə gileyləndi. Bundan sonra anladım ki, idarə bu işi icra etməkdə acizdir. İtlərsə ərazidə sözün əsl mənasında "meydan sulayır”. Qaraçuxur qəsəbəsində "Kərpic zavod”, "daş karxanası”, Qaraçuxur qəbiristanlığı ilə "Əhəng quyusu” arasındakı dərəni itlər özünə məskən edib, acdıqda isə həyətlərə tərəf gəlir, qabaqlarına çıxan toyuq-cücəni qamarlayırlar. Qəsəbədəki uşaqlar itlərin qorxusundan küçəyə çıxmağa qorxur. Gecədən səhərədək itlərin səsi qəsəbəni "başına alır”. Sahibsiz itlər təkcə bu ərazidə deyil. "Ukrayna dairəsi” adlanan ərazidə, Əhmədli metrostansiyasının yaxınlığında itlər sürü ilə dolaşır.
Eyni vəziyyət Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsi, 12-ci Mədən adlanan ərazidə də təkrarlanır. Redaksiyamızla əlaqə saxlayan bir qrup sakin itlərin qorxusundan yaxınlıqdakı marketə getməkdən ehtiyat etdiklərini dedilər. "Uşaqları küçəyə buraxmağa qorxuruq. Marketə gedə bilmirik. İtlər insanlara hücum çəkir. Hara müraciət edirik, heç kim məsələyə qarışmır. Qalmışıq itlərin əhatəsində”.
Qeyd edək ki, sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı bir sıra qurumlara müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyi... Hər birinin də cavabı bu olub ki, "bizlik deyil”. Son nəticədə yenə Sanitar və Texniki Təmizlik İdarəsini nişan veriblər. Bu idarənin də durumu artıq bəllidir. Deyirlər, sahibsiz itləri vurmaq qadağandır. Heyvan haqlarını müdafiə təşkilatları sahibsiz heyvanlara qarşı "insanca” davranmağa çağırır. Bəs itlərin əhatəsində qalmış insanları kim müdafiə etməlidir? Bu itlər quduzluq yayacaqsa, kim buna cavabdehlik daşıyacaq? Xatırladaq ki, bu ilin iyul ayında Salyan rayonu Dayıkənd sakini, 10 yaşlı Aqil İsmayılovu it dişləyib və uşaq quduzluqdan vəfat edib. May ayında isə Zaqatala rayon sakini Pəri Turacova quduzluqdan vəfat etmişdi. Bəlkə aidiyyətli qurumlar gözləyir ki, Bakının mərkəzində də kimisə it dişləsin və ölüm faktı baş versin, sonra sahibsiz it sürülərinə qarşı bir tədbir görsünlər?!
Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, quduzluq çox təhlükəli xəstəlikdir.
Paytaxtda dolaşan it sürüləri barədə məlumatlı olduğunu deyən direktor, it dişləmələri zamanı dərhal həkimə müraciət etməyi tövsiyə etdi:
- Əgər it dişləməsi faktı baş veribsə, dərhal yaxınlıqdakı poliklinikaya müraciət edilməlidir. Bütün poliklinikalarda radioloji şöbələri fəaliyyət göstərir. Orada çalışan həkimlər quduzluğa qarşı iynələrin vurulması qaydasını bilirlər. Qısaca onu deyim ki, insan it dişləməsinə məruz qalıbsa, ilk 1, 3, 7, 14 və 28-ci günlər xüsusi vaksinlər vurulmalıdır. Nəzarət altında olmalıdır. Quduzluq təhlükəli xəstəlikdir. İnsanlar sahibsiz itlərdən qorunsunlar.
Məlahət Rzayeva