Qarbağda hərbi hissədə tədbir keçirilib - FOTOLAR

Konfransda Xalq Cümhuriyyətinin 100 illiyi və Cümhuriyyət dönəmində Səfərbərlik və hərbi xidmətə çağırışla bağlı görülən işlərdən söz açılıb
Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə Milli Qeyri - Hökumət Təşkilatları Formunun birgə təşəbbüsü ilə Qarabağda yerləşən N saylı hərbi hissədə konfrans keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cümhuriyyət dönəmində Səfərbərlik və hərbi xidmətə çağırışla bağlı görülən işlər və sənədlərdən söz açılıb.
Konfransda Milli Qeyri - Hökumət Təşkilatları Formunun prezidenti Rauf Zeyni, Form rəhbərinin hərbi məsələlər üzrə müşaviri Baxış Ələkbərov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Respublika Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı Emil Kərimov, Tərtər hərbi prokuroru vəzifəsini icra edən ədliyyə mayoru Hümbət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər şöbəsinin rəisi və Qarabağdakı N saylı hərbi hissənin nümayəndələri iştirak ediblər.
Tədbirdə Akif Aşırlı Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hərbi səfərbərliklə bağlı görülən tədbirlərdən, həmin dövrdə hərbi quruculuq işlərindən, əsgər və zabit hazırlığından geniş məruzə edib.
Konfransda iştirak edən qonaqlar və ordu mənsubları Azərbaycan ordusunun gücündən, hərbi-texniki təchizatdan, əsgər və zabitlərin döyüş qabiliyyətindən, vətənpərvərlik hisslərindən söz açıblar. Tədbir çıxışlarla davam etdirilib.
Sonda "Şərq” qəzetinin baş redaktoru A.Aşırlı hərbi hissə kitabxanasında müəllifi olduğu "Cümhuriyyət dövründə SƏFƏRBƏRLİK VƏ HƏRBİ ÇAĞIRIŞ (1918-1920)” kitabını hədiyyə edib.