Fevralın 15-də Türkiyə ilə Azərbaycan arasında "Qardaş məktəb” layihəsi çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya gəlib.
"Sherg.az"ın xəbərinə görə, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında Türkiyədən təşrif buyurmuş məktəblilərin konserti baş tutub.
Konsert İncəsənət Gimnaziyası ilə Bursa Zeki Müren İncəsənət Liseyi arasında "qardaş məktəb” layihəsi çərçivəsində həyata keçirilib.
Konsert proqramında İncəsənət Gimnaziyasının və Bursa Zeki Müren İncəsənət Liseyinin məktəblilərinin ifasında müxtəlif Azərbaycan və Türkiyə musiqiləri ifa olunub.
Eyni zamanda tədbirin açılışında Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev çıxış edərək bu protokolu dəstəklədiklərini bildirib. Və onu da qeyd edib ki, bu, Azərbaycan və Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək: "Bu layihə sözügedən məktəblərin qardaşlığı və dostluğunun bütün məktəblərə örnək olması üçün çox vacibdir".

AMK yanında gimnaziyanın müdiri Aytən Əhmədova da bu əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini, həmçinin layihənin müəllifinin və baş kuratorun tanınmış rəssam Günay Mehdizadə olduğunu söyləyib.
Türkiyədən gələn "Zəki Mürən Liseyi”nin müdiri Rəmzi Ayaz da gimnaziya gəlişindən məmun olduğunu vurğulayıb: "Bu məktəblə işbirliyimiz iki qardaş xalqın gələcəyinə yeni əsərlər verəcəyindən ümidvaram. O həmçinin bu işbirliyini ondan öncəki müdir Seyfəddin bəyin və Aslı müəllimənin başladığını qeyd etdi. Həmçinin, onlara göstərilən qonaqpərvərlik və yüksək səviyyədə qarşılandıqlarını dilə gətirərək, təşkilatçılar Günay və Aytən xanıma təşəkkür etdi. Açılışda Azərbaycan Milli Konservatoriyasının rektoru xalq artisti Siyavuş Kərimi, bu layihəni yüksək səviyyədə təşkil etdiyini və bu əməkdaşlığın yüksək töhvələr verəcəyinə əminliyini ifadə etdi.
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri şair, yazar Dr.İrfan Çiftçi çıxış edərək 100 ildə bu iki sənət məktəbinin əməkdaşlığının iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində böyük önəm daşıdığını qeyd edib.
Türk tələbələrin, Azərbaycan sənətçilərinin, tələbələrin də Türk bəstəkarlarının əsərlərini sonda birlikdə ifa etdikləri konsert tələbələrinin rəngarəng oyunu ilə başa çatıb. Konsert proqramının sonunda gimnaziyada təşkil olunmuş Türkiyə- Azərbaycan qardaşlığını əks etdirən sərginin də açılışı olub. Açlışa və proqrama adı çəkilənlərdən başqa Mehriban Zəki, Suğra Bağırzadə kimi çox sayıda tanınmış sənətçilər də iştirak etdilər. Sərgi Türkiyədən və Azərbaycandan gələn bütün iştirakçıların birgə açılış ilə açıq elan edildi.
Qeyd edək ki, iki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgilərin konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur.