Qarşıdurma daha da güclənəcək

Rusiya Ukrayna ilə Krımın sərhədinə dəmir sədlər çəkir
Moskva istəmir ki, qonşuluğunda NATO qüvvələri olsun və bu baxımdan Kiyevə təzyiq edir




Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Moskva hökuməti Ukrayna ilə Krımın sərhədində dəmir sədlər çəkəcək.

Sərhədboyu tikiləcək dəmir divarın uzunluğu 50 kilometr olacaq. 3,68 milyon dollara başa gələcək "aşılmaz divarların” 2018-ci ilin sonuna qədər hazır olacağı deyilir. Rus ekspertlərin şərhlərinə görə, divarın çəkilməsində məqsəd uzun zamandır üz-üzə dayanan qarşı tərəflərin sərhədlərini konkret müəyyən etməkdir. Ən əsası isə Şərqə doğru yaxınlaşmaqda olan NATO təhlükəsini zərərsizləşdirməkdir.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Krım həm Rusiya, həm də ABŞ üçün böyük önəm kəsb edir. 

Ekspert xatırladıb ki, Rusiyanın Qara Dəniz donanması tarixən Sevastopolda yerləşib: 

"Ukrayna müstəqillik qazanandan sonra Sevastopol Rusiyaya icarəyə verilib. Ukraynanın özü də Moskva üçün vacib ölkədir. Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir. Rusiyanın qısa müddətə qazın nəqlini dayandırması Qərbi Avropada həyəcana səbəb olur. Məlumdur ki, NATO Ukraynada öz qoşunlarını yerləşdirmək niyyətindədir. Rusiya isə əksinə, Ukraynanın Gömrük İttifaqına daxil olmasında maraqlıdır. 

Moskva istəmir ki, qonşuluğunda NATO qüvvələri olsun və bu baxımdan Kiyevə təzyiq edir. Lakin ehtimal etmirəm ki, Rusiya Ukrayna ilə Krımın sərhədində dəmir sədlər çəkməklə problemi həll edə bilsin. Güman edirəm ki, qarşıdurma daha da güclənəcək. Ukrayna ABŞ və Rusiyanın maraqlarının toqquşduğu bir ölkəyə çevrilir və bunun da zərəri ən çox sıravi Ukrayna vətəndaşlarına dəyir”.

İsmayıl