“Qarşıdurma kəskinləşəcək”
“Müsavat ciddi itkilərə məruz qalacaq”
Bir neçə gün əvvəl 8-ci qurultayını keçirən Müsavat Partiyası hazırda çalxalanma dövrünü yaşayır. İlk baxışdan qurultayın normal, başqan seçkilərinin şəffaf keçirildiyi görünsə də, partiya daxilində yaşanan qarşıdurmalar yaxın günlərdə ciddi proseslərin baş verəcəyini göstərir. Hazırda əsas mübarizə başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə yeni sədr Arif Hacılının tərəfdarları arasında yaşanır.
Müsavat daxilindəki baş verən kəskin ziddiyyət partiyanın iki yerə parçalanma ehtimalını da gücləndirir. Məlumatlara görə, dəfələrlə bir araya gələn narazı partiya funksionerləri qurumun sonrakı taleyi ilə bağlı ciddi müzakirələr aparıblar. Hətta ötən gün tərəfdarlarını başına toplayan Q.İbadoğlu partiyanın rəhbərliyi qarşısında bir neçə maddədən ibarət şərtlər qoyub. Haqqının tapdanmasına imkan verməyəcəyini deyən Q.İbadoğlu bildirib ki, Müsavat bir nəfərin, bir ailənin partiyası deyil: "Biz vəzifə uğrunda mübarizə aparmırıq. Məqsədimiz partiyanın güclənməsidir. Seçkiyə qatılmağımızın da səbəbi bu idi. İndi də haqq-ədalət uğrunda mübarizə aparırıq və bunu davam etdirəcəyik”. Q.İbadoğlu deyib ki, təkcə seçki günü deyil, bundan əvvəl
də prosesə haram qatanlar olub. Partiyanın güclənməsi üçün bir neçə təklif irəli sürən İbadoğlu təkliflərin 2015-ci il yanvarın 1-nə qədər yerinə yetirilməsi üçün təşkilat rəhbərliyinə vaxt verib.
Qurumda baş verənlərlə bağlı "Şərq”in suallarını cavablandıran Müsavatın keçmiş başqan müşaviri, siyasi ekspert Qabil Hüseynli Qubad İbadoğlunun etirazının kifayət qədər ciddi məsələ olduğunu bildirib.
- İddia edirlər ki, Arif Hacılının rəhbərliyi altında Müsavatda heç bir yenilik, dəyişiklik olmayacaq. Siz yeni sədr haqqında nə fikirdəsiniz?
- Bilirsiz, Müsavat Partiyası hazırda durğunluq dövrünü yaşayır. Son hadisələr ictimai rəydə partiyanın imicini kəskin surətdə zədələdi. Artıq Müsavat hər hansı tarixi missiyanı yetirəcək gücə malik qurum kimi dəyərləndirilmir. Halbuki vaxtı ilə bu partiyaya böyük ümidlər bəslənilirdi. Ancaq son dövrlərdə bu ümidlər demək olar ki, tamamilə ölüb. İndi Q.İbadoğlu və onun tərəfdarları partiya başqanlığına seçkilərdə saxtakarlıq edildiyindən danışırlar, seçkiqabağı kampaniyada yol verilən ciddi qanun pozuntularından bəhs edirlər. Əgər Müsavat üzvləri özləri seçki saxtakarlığından danışırlarsa, insan hüquqlarını pozurlarsa, ədalətli iş aparmırlarsa, o halda bunları başqasından necə tələb edə bilərlər?
Bu baxımdan Arif Hacılının Müsavata hansısa yenilik və ədalət gətirəcəyini gözləməyə dəyməz. Əvvəlki proqnozlardan da bunu görmək mümkün idi. Bir çox ekspertlər bəyan edirdilər ki, A.Hacılının timsalında partiya ciddi itkilərə məruz qala bilər. Hesab edirəm ki, İsa Qəmbər Arif Hacılıya "stavka” etməklə partiyanın taleyi ilə bağlı tamamilə yanlış qərar qəbul etdi. Bu qərar partiya üçün ağır nəticələrə səbəb olacaq.
- Partiyada yaşananları nəzərə alsaq, Müsavatın parçalanacağını iddia etmək olarmı?
- Q.İbadoğlu və onun tərəfdarları iddia edirlər ki, qurultay ciddi nizamnamə pozğunluğu ilə keçirilib. Hətta onlar iddialarını isbatlamaq üçün xeyli dəlil gətirirlər və bunları araşdırmaq üçün partiyanın yeni rəhbərliyinə vaxt verirlər. Q.İbadoğlunun son yığıncağından da belə görünür ki, narazı qüvvə kifayət qədər ciddi və əzmlidir. Bütün bunlar onu göstərir ki, İbadoğlu və tərəfdarları ya qurultayın yenidən keçirilməsi, yaxud da ən azından partiyadaxili fraksiyanın yaradılması və bu fraksiyanın gələcəkdə partiyaya çevrilməsi arzusu ilə yaşayırlar. Əgər qarşı tərəf, yəni Arif Hacılı etirazçıların şərtlərini qəbul etməsə və təklifləri nəzərə almasa, tərəflər arasında qarşıdurma daha da kəskinləşəcək. İstisna etmirəm ki, bu cür qarşıdurma partiyanın real parçalanmasına gətirib çıxara bilər.
- Əgər Müsavatda parçalanma baş verərsə, bu, AXCP-nin bölünməsi kimi olacaq, yoxsa Q.İbadoğlu tərəfdarları ilə ayrıca, yeni siyasi təşkilat yaradacaq?
- Q.İbadoğlu Müsavat adına iddia edə bilər. Bu variant daha real görünür. Çünki İbadoğlunun öz toplantılarını partiya qərargahında keçirməsi o və tərəfdarlarının qurumun adından, irsindən və əmlakından vaz keçmək niyyətində olmadıqlarını göstərir.
- Müsavat daxilində baş verən qarşıdurmaya İsa Qəmbərin biganə qalması və proseslərə müdaxilə etməməsi funksionerlərin ciddi tənqidinə səbəb oldu. Sizcə, keçmiş başqan olaylara "əl” qoymalıydımı?
- İsa Qəmbər hər zaman passiv adam olub. Xatırlayırsızsa, o, 2003-cü ildə də buna bənzər mövqe nümayiş etdirdi. Elə indi də onda hansısa dəyişiklik yoxdur. Görünür, İ.Qəmbər passivlik nümayiş etdirməklə sübut etməyə çalışır ki, onun baş verən qarşıdurmayla heç bir əlaqəsi yoxdur. Amma susmaq ya razılıq, ya da biganəlik əlamətidir. İ.Qəmbər lider statusundadır. Ola bilsin ki, bu yaxınlarda nizamnaməyə dəyişiklik edərək ona partiyanın bütün məsələlərinə qarışmaq səlahiyyəti də verildi. Fikrimcə, belə bir adamın susması partiyanın xeyrinə yox, ziyanına işləyir. Əgər İ.Qəmbər istəsə, tərəfləri barışdıra, onların arasında vasitəçi rolunu oynaya bilər. İndiki dövrdə tərəflər arasında barışıq yaratmaq üçün vasitəçilik səylərinə ciddi ehtiyac var.
İsmayıl