QAT-ın üzvünü beşbarmaqla vurublar

Akif Nağı ortada şəxsi qərəz olduğunu düşünmür



Sentyabrın 24-də saat 15 radələrində Qarabağ Azadlıq Təşkilatının Ağsaqqallar Şurasının üzvü Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Bu barədə "Şərq”ə məlumat verən qurum sədri Akif Nağının sözlərinə görə, N.Ağayevə başının sağ hissəsindən küt dəmir alətlə ağır zərbə vurulub:

"Güman olunur ki, bu, beşbarmaq olub. Nadir huşunu itirib yıxılarkən divara dəyib. Bu zaman başının sol hissəsi də yaralanıb, qulağı cırılıb”. A.Nağı deyib ki, hadisə yerinə dərhal təcili yardımın həkimləri gəlib və onu xəstəxanaya aparıblar. N.Ağayevin başına 9 yerdən tikiş qoyulandan sonra ambulator müalicə üçün evinə buraxılıb. QAT sədrinin sözlərinə görə, Binəqədi Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. İlkin olaraq N.Ağayevdən zərərçəkən kimi izahat alınıb: "N.Ağayev hadisədən az əvvəl təşkilatın ofisində idi. Daha sonra evə çörək almaq üçün ofisdən çıxdı. Hadisə də ondan sonra baş verib. Qonşuların dediyinə görə, ona hücum edən 3 nəfər olub. Onlardan 2-si kənarda gözləyib. Polislər kameralara baxdılar və az vaxtda cinayətkarları tapacaqlarını dedilər. Bu gün (dünən) polisdən gəlib Nadir müəllimi məhkəmə ekspertizisiyasına aparmalı idilər. Amma gələn-gedən olmadı”.

A.Nağı bildirib ki, 77 yaşı olmasına baxmayaraq, kifayət qədər sağlam və qıvraq olan Nadir Ağayev heç bir partiyanın üzvü deyil, sadəcə QAT üçün çalışır və təşkilatın xəttinə uyğun olaraq Qarabağla bağlı fikirlərini deyir: "O, kiməsə nəsə edən adam deyil. Ortada şəxsi qərəz olduğunu düşünmürəm. Bu, ictimai məsələdir. Əgər əlimizdə fakt olsaydı, deyərdim ki, bu hərəkət QAT-ı qorxutmaq üçün edilib. Amma sübut olmadığı üçün heç nə iddia edə bilmirik”.

QAT sədrinin sözlərinə görə, Nadir Ağayev ABŞ səfirliyinin diqqətində olan bir adamdır: "1988-ci ildə ABŞ Prezidenti Reyqan SSRİ-nin rəhbəri Qorbaçova siyahı təqdim edərək orada adı keçən bütün dissidentləri azad etməyi xahiş edib. O siyahıdakıların biri də Nadir Ağayev olub. Elə ona görə Nadiri buraxdılar. Yoxsa o, 18 il idi ki, sovet həbsxanalarında çürüyürdü. Yəni demək istəyirəm ki, ABŞ-ın diqqətində olan bu məsələ böyüdükcə lazımsız problemlər ortaya çıxacaq. Ona görə də istəyirik ki, söz-söhbətlər və şayiələr çox yayılmamış, hüquq-müahifizə orqanları operativ iş aparsınlar. Çünki hadisə təkcə N.Ağayevə qarşı törədilməyib, bu, eyni zamanda hansısa məkrli qüvvələrin Azərbaycan dövlətinin nüfuzuna vurduğu zərbədir”.

İsmayıl