Qazılar Şurası fətva verib

“Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur”



Bu gün paytaxt və bölgələrdə Aşura mərasimləri keçiriləcək. Məlumdur ki, Aşura mərasimlərini xeyirxah missiya üçün bir imkan tanıyan Qafqaz Müsəlmanları İdarəsi artıq neçə ildir bu gündə qanvermə aksiyaları təşkil edir.

Builki Aşura mərasimləri də istisna olmayacaq. QMİ qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb. Bunlar "Təzə-pir” , "Hacı Soltanəli”, "Əjdərbəy” (Göy məscid), "Bibi-Heybət”, İçərişəhər "Cümə” məscidi, Qaraçuxur məscidi, "Mir Mövsüm ağa” ziyarətgahı, Keşlə qəsəbə məscidi, Sumqayıtdakı "Cümə” məscidi, Gəncə şəhər "İmamzadə”, Mingəçevir şəhər "Heydər” məscidi, Şəki şəhər "Cümə”, Lənkəran şəhəri "Böyükbazar” və Bərdə şəhər "Cümə” məscididir.

Xatırladaq ki, QMİ Qazılar Şurası hicri-qəməri təqvimilə Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvada bildirir ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. Və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsi tövsiyə olunur. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.

QMİ Qazılar Şurası öz fətvasında həmçinin dindarları Kərbəla şəhidlərinin xatirəsinə tibbi ehtiyaclar üçün qanvermə aksiyalarında fəal iştiraka çağırıb.

Məlahət