Qəbul imtahanları üçün test bazası YENİLƏNİR ?

Etibar Əliyev:"Düşünürəm ki, test bazasının yenilənməsi üçün də müvafiq tədbirlər görülür"




"Neçə illərdir, qəbul imtahanları keçirilir. Hələ ki, ciddi qüsurlara rast gəlinməyib”.

Bunu "Sherg.az”a 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllimin qayda pozuntuları səbəbilə bazadan xaric edilməsindən danışarkən tanınmış təhsil eksperti Etibar Əliyev deyib.

Ekspert düşünür ki, DİM bu işin öhdəsindən yüksək səviyyədə gəlir:

"Nəzarətçilər arasından da ən təcrübəliləri seçilir. Ara-sıra belə halların baş verməsi anlaşılandır. Bunun tezliklə aradan qaldırılması sevindiricidir: "

Nəzarətçilər anlamalıdır ki, onlar kameraların nəzarətində işləyirlər. İstənilən addım nəzərə alınır. 205 müəllimin kənarlaşdırılması az göstərici deyir. Görünür, hələ də neqativ hallara əl atmağa çalışan müəllimlər var. Onların kənarlaşdırılması düzgün addımdır.

Müəllimləri göndərən məktəblər də diqqətli olmalıdırlar. Bu halların əks təsirləri güclü olur. Daha yaxşı müəllimlərin nəzarətçi seçilməsi üçün DİM uyğun addımlar atmalıdır”.

İmtahanlarda istifadə olunan test tapşırıqlarına gəlincə isə E.Əliyev bildirib ki, qəbulda bəzən əvvəlki bazanın testləri istifadə olunur:

"Lakin heç kim, yüksək bal toplayan abituriyentlər də testlərdən narazılıq etməyib. DİM hər zaman bu sahədə islahatlar aparır. Bu il keçirilən 9-cu sinif buraxılış imtahanlarında da testlərin sayını artırmaqla kurikulum sisteminin tələblərini yerinə yetirməyə çalışdılar. Düşünürəm ki, test bazasının yenilənməsi üçün də müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, 15 nəzarətçi-müəllim və 5 imtahan rəhbərinin Fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib.

Aysel Aslan