"Qeyri-neft sektorunun inkişafında irəliləyişlər çoxdur" - Deputatdan müsahibə





Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun "Sherg.az”a müsahibəsini təqdim edirik.

- Bir müddət öncə "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycandakı dayanıqlı sosial siyasi sabitliyin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə dair hesabat açıqladı. Agentliyin proqnozunu necə dəyərləndirirsiniz ?

- Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərən amil tək sosial siyasi sabitlik deyil. Son illər neftin qiymətinin Azərbaycan üçün münasib səviyyədə qalması, iqtisadiyyatın inkişafı üçün görülən işlər yüksək qiymətləndirilməlidir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatının əsas bazasını neftin qiyməti təşkil edir. Dövlət büdcəsində neftin qiyməti orta hesabla 30 dollar müəyyən edilmişdi. Amma 2018-ci ilin əvvəlindən etibarən dünya bazarlarında neftin qiyməti xeyli artdığına görə, bu rəqəm dəyişdirilərək 45 dollar müəyyən edildi. Hazırkı qiymətlərin daha yüksək olması yenə də müsbət haldır.

Azərbaycanda qeyri-neft sektorunun da inkişafında irəliləyişlər çoxdur. Kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı nəticəsində ölkəmizə müəyyən qədər valyuta daxil olur. Nəticə olaraq, 2018-ci ilin birinci yarısında ticarət balansında müsbət göstəricilər var. İxrac olunan məhsulların rəqəmləri idxalı üstələyir. Bu da iqtisadiyyatımızın inkişafında müsbət amillərdən biridir.

Əsas məsələlərdən biri isə milli valyutanın məzənnəsinin stabilliyidir. Manatın dollar qarşısında məzənnəsinin möhkəm olması Azərbaycan üçün yaxşı göstəricilər vəd edir. Düşünürəm ki, ilin sonuna qədər manatın məzənnəsi bu səviyyədə qorunacaq.

2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul -1 səviyyəsində olsa da, sonradan vəziyyət axarına düşdü. Sadaladığım amillərinin fonunda Azərbaycanın iqtisadi inkişafı bu il istənilən səviyyədə olacaq. Siyasi və sosial stabilliyin genişlənməsi nəticəsində "Fitch Ratings” Agentliyinin açıqladığı kimi iqtisadiyyatın 2-3 faizə qədər artması proqnozları özünü doğruldacaq.

- Hazırda ölkədə qeyri-neft sektorunun inkişafı hansı səviyyədədir və bu vəziyyət nə vəd edir ?

- Bu sahənin inkişafı üçün atılan addımların daha yüksək səviyyədə olmasını istərdim. Bu sahənin inkişaf etdirilməsinin Azərbaycan üçün labüd məsələ olduğunu hər zaman qeyd etmişik. Çünki neftin tükənən sərvət olması hər kəsə məlumdur. Elə etməliyik ki, Azərbaycanın sənayesi, kənd təsərrüfatı və digər qeyri-neft sahələri inkişaf etsin, problemlər olmasın.

Artıq nəqliyyat sahəsində ciddi addımlar atılır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Logistika Mərkəzinin yaradılması, Bakıda Ticarət Limanının yaradılması və s. layihələr Azərbaycanı nəqliyyat mərkəzə çevirir. Bunlar da qeyri-neft sektorunun əsas sahələrindədir. Ona görə, bu sahələrə diqqətin artırılmasının vacib olduğunu düşünürəm.

- Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrin gələcək gəlirləri ölkə iqtisadiyyatına nə kimi impuls gətirə bilər?

- Azərbaycanın daxil olduğu regional layihələr arasında qaz və neftə əlaqədar olanlar üstünlük təşkil edir. İnşası başa çatdırılan "Cənub Qaz Dəhlizi" kimi iri layihələr tam istifadəyə verilməlidir ki, biz öz qazımızı dünyaya çatdıra bilək. Ola bilər, bu layihəyə Türkmənistan və digər qonşu dövlətlər də qoşulsun. Kifayət qədər iri olan bu layihənin region üçün əhəmiyyəti böyükdür.

İkinci böyük layihə isə "Bakı-Tbilisi-Qars" dəmiryoludur. Bu layihənin həyata keçirilməsində qonşu dövlətlər tərəfindən müəyyən maneələr yaradılsa da, artıq xətt istifadəyə verilib. Sözügedən layihənin də gəlirləri artıq ölkəmizə daxil olmaqdadır.

Nəqliyyat sahəsinə aid olan regional layihələrin isə 2020-ci ildə tam həyata keçiriləcəyi bildirilir. Bütün bu layihələr Azərbaycanın gəlirlərinin artmasına müsbət imkanlar yaradır.

- Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun açıqladığı hesabatda Azərbaycan əməkhaqqının səviyyəsinə görə MDB ölkələri arasında ilk beşlikdədir. Ölkəmiz üçün orta aylıq əməkhaqqı 306,7 dollar götürülür. Bu rəqəm insanların rifah halının yaxşılaşması üçün yetərlidirmi?

- Azərbaycanın iqtisadi inkişaf səviyyəsi, təbii sərvətləri və ehtiyatlarının göstəricilərinə nəzər saldıqda görürük ki, kifayət qədər iqtisadi qüdrətimiz var.  Prezident İlham Əliyev mütəmadi olaraq sərəncamlar imzalayır, artımlar müəyyən olunur. Hər dəfə təqaüdlərin, orta aylıq əməkhaqqının miqdarında 10-20 faiz artım olur. Maaşların yüksəldilməsi istiqamətində ciddi işlər görülüb, görülür də. 

- Bir neçə gün öncə, ölkə başçısının təşəbbüsü ilə Qarabağ, Böyük Vətən müharibələri əlillərinə, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillər, avtomobillər verildi. Sonradan bu layihənin genişləndirilməsi üçün Prezident ayrılan vəsaitin 20 milyon manata çatdırılması barədə sərəncam imzaladı...

- Azərbaycanda "neft bumu” başladıqda, 1996-1997-ci ildən neftdən gələn gəlirlər artıqda sosial sahəyə diqqət göstərildi. 2010-cu ildən neft gəlirləri daha da artdığına görə, sosial layihələrə kifayət qədər çox vəsait ayrıldı. Həmin dövrdən indiyə qədər şəhərciklər salındı, bu təbəqədən olan insanlar üçün sosial müavinətlər ayrıldı. Bundan sonra da qaçqın və məcburi köçkünlər, əlillər, şəhid ailələri üçün göstərilən qayğının daha da yüksələcəyini düşünürəm.

- İndiki məqamda Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas hədəf və məqsədlər hansılardır ?

- Hazırda prioritet məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sahənin müxtəlif hissələri Azərbaycan üçün daimi gəlir gətirəcək potensiala malikdir. Ona görə, kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və s. sahələrə diqqəti ciddi şəkildə artırmaq lazımdır. Çalışmalıyıq ki, kənd təsərrüfatına qoyulan maliyyə öz bəhrəsini versin. Bu qədər yüksək iqtisadi potensiala malik olan ölkə taxıl istehsalında niyə problemlə üzləşməli, xaricdən idxal etməlidir? Digər məhsullar da həmçinin, Azərbaycanda istehsal oluna bilər və xaricə də idxal edilər. Ona görə, bu illərdə qeyri-neft sektoruna daha çox diqqət ayırmalıyıq.


Aysel Aslan